Ermənistanda siyasi böhran daha da dərinləşəcək Ermənistanda siyasi böhran daha da dərinləşəcək
  • Yazarlar
  • 25 Yanvar 2022 13:12
  •  10 139

Sarkisyan niyə xaricdə istefa verdi?

Ermənistanda siyasi böhran daha da dərinləşəcək

Ermənistanda 2018-ci ildən bəri prezident postunda əyləşən, sayca dördüncü prezident Armen Sarkisyan səlahiyyət müddətinin bitməsinə 3 il qalmış istefa verdi. İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətdən sonra Ermənistanın hakim dairələrindən istefalar heç kim üçün artıq təəccüblü deyil. Lakin təəccüblü məqam ondan ibarətdir ki, prezident niyə məhz indi bu addımı atdı?

A.Sarkisyan özü bu addımını siyasi təlatümlərlə zəngin proseslərə heç bir təsir imkanlarının olmaması ilə əlaqələndirdi. Onun fikrində müəyyən qədər həqiqət payı var. 2015-ci ildə keçirilən referenduma əsasən, ölkədə yarı-prezident idarəçiliyi parlament sistemi ilə əvəz olundu. Yeni sistemdə isə prezidentin səlahiyyətləri siyasi böhran yarananda seçkilər təyin etmək və hökumətin göndərdiyi təyinatları və parlamentin qanunlarını təsdiq etməkdən kənara çıxmır. Prezident Armen Sarkisyan Paşinyan arasında səlahiyyət yetərsizliyi intriqası müharibədən sonra başladı. Sarkisyanın ən böyük xəyal qırıqlığı isə Paşinyan baş qərargah rəisi Onik Qasparyanı vəzifədən uzaqlaşdırmaq istəyəndə heç nə edə bilməməsi oldu. Lakin Armen Sarkisyanın istefası o baxımdan anlaşılmazdır ki, Sarkisyan prezidentin təsir mexanizmlərinin kasad olduğunu 4 il öncə hakimiyyətə gələrkən də bilirdi, 16 ay öncə baş nazir kapitulyasiya aktını imzalayarkən də... Əgər həqiqətən bu addım ölkədə baş verənlərə qarşı narazılığın ifadəsidirsə, məntiqlə daha öncə atılmalı idi.

Hadisələr çox yeni olduğu üçün əsl səbəbləri, erməni mediası və ekspertləri tam izah edə bilmir. Sadəcə ehtimallar üzərinə danışa bilərik. Ehtimal edə bilərik ki, eks-prezident xaricdən aldığı dəstəklə aktiv siyasətə qatılmaq üçün yanvarın 23- də istefa qərarını verib. Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması astanasında olması Sarkisyanın keçmiş iqtidar nümayəndələri ilə danışıqlara girməsini istisna etmir. Armen Sarkisyan Türkiyə ilə münasibətlərin normallaşması, 3+3 formatı çərçivəsində regionda yarana biləcək sülh prosesini öngörür və heç bir söz haqqına sahib olmadığı üçün gələcəkdə yarana biləcək problemlərdə adının hakimiyyət nümayəndəsi kimi hallanmağını istəmir. Xüsusilə də A.Sarkisyanı hakimiyyətə Serj Sarkisyanın gətirdiyini nəzərə alsaq, bu arqument inandırıcı görünə bilər. Sövdələşmə Ermənistanda hakimiyyət böhranını dərinləşdirmə məqsədi daşıya bilər. Təsadüfi deyil ki, ötən illərdə də bir neçə dəfə Ermənistanda hakimiyyət böhranı, yaxud terror hadisələri məhz Azərbaycan və Türkiyə ilə bu ölkə arasında hansısa anlaşmaların əldə olunması ərəfəsinə təsadüf edib.

Digər ehtimal isə Sarkisyanın son dövrlər xüsusən xarici əlaqələrdə səlahiyyətlərini aşmasıyla bağlı Paşinyanla toqquşması ola bilər. Armen Sarkisyan biznes fəaliyyəti ilə məşğuldur. Ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) geniş ticarət əlaqələrinə malikdir. İstefa ərizəsi yazmazdan iki gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib. Elə istefa bəyanatını da orada verib və ölkəyə dönməyib. Səfər çərçivəsində BƏƏ-nin energetika sahəsinin aparıcı şirkətlərindən biri ilə danışıqlar aparıb. Bu addımlar ola bilsin ki, onsuzda aralarında nifaq olan Paşinyanı daha da çilədən çıxarıb. Nikolun konstitusiya dəyişiklikləri ilə bağlı planlarının olduğu bir vaxtda Sarkisyanın səlahiyyətlərini aşması qəbuledilməzdir. Bu minvalla istefa qərarını Paşinyanın Ermənistanda sistemi dəyişib, daha güclü səlahiyyətlərə malik prezident olması üçün qarşısındakı bütün əngəlləri təmizləməsi taktikasına bağlamaq mümkündür.

Ermənistan Konstitusiyasına əsasən, hazırda prezident səlahiyyətlərini parlamentin sədri Alen Simonyan, onun müavini Akop Arşakyan isə parlamentin sədri vəzifəsini icra edirlər. Armen Sarkisyan istefa verdiyi tarixdən bir həftə müddətində ərizəsini geri götürə bilər. Ermənistan Konstitusiyasına əsasən, indiki halda növbədənkənar prezident seçkisi 25 gündən sonra 35 gündən gec olmayaraq keçirilməlidir. Prezident seçiləcək şəxslər üzərinə ehtimallar içərisində Alen Simonyan və Levon Ter-Petrosyan var. Simonyanın prezident postunda qalma şansı daha yüksəkdir.

Bundan sonra nələrin olacağına baxsaq, zənnimcə, Serj Sarkisyanın qəbul etdiyi konstitusiyada dəyişiklik aparılmasına başlanacaq. Çünki, mövcud konstitusiyada baş nazirlə prezidentin səlahiyyətləri tam müəyənləşməyib. Bu baxımdan baş verənlər hakimiyyətdaxili savaşı daha da gücləndirəcək, klanlararası mübarizə artacaq. Onsuz da formalaşmamış siyasi institutlar daha da çökəcək. Lakin bu tendensiyanın Qarabağla bağlı hansısa neqativ təsirinin olacağını düşünmürəm. Azərbaycan diplomatiyası və ordusu Paşinyanın, Sarkisyanın deyil, bütövlükdə Ermənistan diplomatiyasını və ordusunu məğlubiyyətə uğradıb. Hakimiyyətdə kimlərin təmsil olunmasına baxmayaraq, Azərbaycanın diktə etdiyi şərtlər ya icra olunacaq, ya da icra olunacaq.

Züriyə QARAYEVA,

AzNews.az analitik-informasiya portalının siyasi şərhçisi