Paşinyan müxalifətin tələbinin əslində Moskvanın tələbi olduğunun çox yaxşı fərqindədir Paşinyan müxalifətin tələbinin əslində Moskvanın tələbi olduğunun çox yaxşı fərqindədir

Biz bütün ssenarilərə hazırıq

Paşinyan müxalifətin tələbinin əslində Moskvanın tələbi olduğunun çox yaxşı fərqindədir

Rusiya Xarici Işlər Nazirliyinin təmsilçisi Aleksey Zaytsevin Ermənistandakı etiraz aksiyaları haqda bir açıqlaması həm onun başlama səbəbinə, həm də hansı şərtlər çərçivəsində biləcəyinə aydınlıq gətirmək baxımından maraqlıdır.

Əvvəl ondan başlayaq ki, Azərbaycan Prezidentinin özəl təmsilçisi Hikmət Hacızadə ilə danışıqlar aparan Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın verdiyi son intervüdə danışıqlarla bağlı bizim irəli sürdüyümüz 5 prinsipə birini də özlərinin əlavə etdiklərini bildirməsi ondan xəbər verir ki, Paşinyan həmən şərtə əməl etmək fikrindədir. Brüssel anlaşmasına görə ötən ayın sonuna kimi formalaşdırılması nəzərdə tutulan sərhədlərin delimitasiyası və sülh danışıqlarıyla bağlı komissiyalardan heç bir xəbər-ətər olmaması da yəqin elə onunla bağlıdır.

Beləliklə, gəlirik şərtin üstünə, baxın, Zaytsev Ermənistandakı etiraz aksiyalarının səbəbini izah edərkən nə deyir: "Bu olayların normallaşma prosesiylə bağlı olub-olmadığına gəldikdə burada müxalifətin üçtərəfli bəyanata yox, Ermənistan rəhbərliyinin bəzi açıqlamalarına yanaşmasından söhbət gedir".

Aydındır ki, burada o, Paşinyanın Brüseldən döndükdən Azərbaycanın torpaq bütünlüyünü tanımaqdan başqa ayrı yollarının qalmadığı haqda dediklərinə eyham vurur. Yəni Zaytsevin sözlərindən anlaşılan budur ki, Rusiyaya bağlı müxalifətin etiraz aksiyası Moskvanın vasitəçiliyi olmadan Brüsseldə əldə edilən razılaşmalara qarşı yönəlib. Əgər Paşinyan həmən razılaşmaları yerinə yetirməsə, aksiyalara son qoyulacaq.

Göründüyü kimi Paşinyan da müxalifətin tələbinin əslində Moskvanın tələbi olduğunun çox yaxşı fərqindədir, eyni zamanda da ona əməl etmək fikrindədir. Və bu baxımdan ölkəsindəki etiraz aksiyası qərbin qarşısında özünə haqq qazandırmaq üçün onun da işinə yarayır. Yəqin elə o üzdən də əvvəlki aksiyalardan fərqli olaraq, bu dəfəkini sadəcə seyr etməyə üstünlük verir. Yəni əmindir ki, Brüssel anlaşmasından imtina etdiyi təqdirdə küçədəkilər "fri" komandası alacaqlar.
Əlbəttə, deyilə bilər ki, Brüssel danışıqları əslində üçtərəfli bəyanatda əksini tapan bütün maddələrin və Rusiyanın vasitəçiliyi altında əldə edilən digər anlaşmaların tezliklə yerinə yetirilməsi yönündə atılmış bir addım idi, elə isə burada Moskvanı qıcıqlandıran nədir.

Onda ABŞ-ın Minsk qrupundakı keçmiş təmsilçisi Riçard Hoqlandın ötənilki etirafı yada düşür. Orada Hoqland Minsk qrupundakı Rusiya təmsilçisi Popovun onun "Azərbaycanla Ermənistan birdən sizin irəli sürdüyünüz "Lavrov planı"yla razılaşsalar, Moskva nə edəcək" sulana "yerinə yetirilməsinin qarşısını alacaq"cavabı verdiyini bildirirdi.

Paşinyanın Kremldə aprelin 19-dakı görüşü zamanı üzə çıxan reallıq- bu haqda yazmışdım- onu göstərirdi ki, Rusiyanın yanaşmasında çox da böyük dəyişiklik baş verməyib. Azərbaycanla Ermənistan arasında tezliklə sülh əldə edilməsi, həm də bunun ikitərəfli formatda reallaşması Moskvanın planına daxil deyil.

Azərbaycan isə Prezident İlham Əliyevin xəbərdarlıqlarından da göründüyü kimi oturub gözləməyəcək.

Biz bütün ssenarilərə hazırıq.

Sahib Alıyev,

Milli Məclisin deputatı