Türkiyədə seçkilər necə nəticələnəcək?

Türkiyədə seçkilərin 14 may 2023-cü il tarixində keçiriləcəyi qərarlaşdırıldı. Bu dəfəki seçkiləri əhəmiyyətli edən müxtəlif məqamlar var. Əvvəla, bu ilki seçkilər 2017-ci il referendumundan sonra prezident idarəçiliyinin tətbiqi şəraitində ilk seçkilərdir. Ərdoğana qarşı formalaşmış müxalifət koalisiyası bu seçkilərdə qalib gələrlərsə, Türkiyənin öncəki siyasi sisteminə keçid edəcəklərinə iddia edirlər. O baxımdan bu seçkilər həm də 5 ilə yaxındır tətbiq olunan yeni hökumət sisteminin də qiymətləndirilməsi olacaq. Digər tərəfdən, yeni sistemin qaydalarına uyğun olaraq, prezidentin yalnız iki dəfə seçilmə şansı var ki, bu seçkilər nəticələrə uyğun olaraq, Ərdoğan üçün sonuncu olacaqdır. Üstəlik son illər Türkiyə öz tarixinin ən güclü iqtisadi böhran vəziyyətini yaşayır. 2002-ci ildən bəri AK Partiyanın hakimiyyətdə olduğu müddətdə siyasi sabitlik, uğurlu xarici siyasət, müdafiə sənayesinin fövqəl səviyyədə inkişafı ilə yadda qalmasına rəğmən hazırki iqtisadi böhranın seçki nəticələrinə necə təsir edəcəyi hər kəsi düşündürür.

Məlumdur ki, seçkilər növbəti 5 illik period üçün keçirilir. Parlament və prezident seçkilərinin eyni tarixdə keçiriləcəyi bu seçkilərdə Türkiyə prezidenti artıq 3-cü dəfədir ki, xalq tərəfindən seçilir. İqtidarı təmsil edən Cümhuriyyət ittifaqının CHP, İyi, Deva, Gelecek, Seadet, Demokrat partiyalarını təmsil edən Millət ittofaqına qarşı mübarizəsində ilkin rəy sorğularına görə, Ərdoğan daha öncədir. Müxalif Millət ittifaqının isə Kamal Kılıçdaroğlunun öndə olmasına rəğmən hələ ki, vahid namizədi irəli sürülməyib. İstanbul bələdiyyə sədri Ekrem İmamoğlu, Ankara bəldiyyə sədri Mansur Yavaşın da ehtimallar içərisində yer aldığı söylənə bilər.

Seçki nəticələrinə Türkiyənin hazırki iqtisadi durumundan daha çox Ərdoğanın güclü xarizmasının, qardaş ölkənin qlobal məkanda nüfuzunun təsiri olacağını proqnoz etmək mümkündür. Siyasi sabitlik, müdafiə sənayesi üzrə idxalçı ölkədən ixracatçı ölkəyə çevrilmə, terrorizmə qarşı uğurlu mübarizə, müstəqil xarici siyasət problemlərin fövqündə dayanacaq. Türkiyənin bugün sadəcə regional deyil, qlobal miqyasda qiymətləndirəcəyimiz supergüc dövlət olması danılmaz faktdır. Bugün istər regionda, istərsə də dünyada gedən proseslərdə Ankara yönverən statusdadır. Türkiyə Liviyada qanuni hökümətin dəstəklənməsində, İraqın, Suriyanın terrorçulardan təmizlənməsində iştirak etdi. Minlərlə qaçqınlara qucaq açdı. Şərqi Aralıq dənizində ona qarşı formalaşmış güclü cəbhəyə rəğmən öz milli maraqlarını müdafiə edə bildi. Qırmızı dənizdə, Fars körfəzində tələblərini diktə etdi. Rusiya-Ukrayna müharibəsində Ukraynanı dəstəklədi, ən müasir silahlarla təmin etdi. Qətər ətrafında yaranmış beynəlxalq qalmaqalda əzilən tərəfin yanında oldu.

Ərdoğanın qalibiyyətini şərtləndirən faktorlardan biri də hazırki müxalifətin özünü doğrultmamasıdır. Bir-birindən ideoloji yön baxımından tamamilə zidd mövqedə olan partiyaların məhz seçki barajını keçmək naminə birləşməsi Türkiyənin 60-70-ci illər tarixinin təkrarlanması deməkdir. Halbuki Ərdoğanın təklifi ilə tətbiq edilən yeni hökumət sistemi məhz həmin stereotiplərdən Türkiyəni qorumaq məqsədi daşıyır.

Problemli cəhətlər, qeyd olunduğu kimi, ilk növbədə iqtisadi infilyasiya ilə bağlıdır ki, bu vəziyyəti Ərdoğanın şəxsi ilə çərçivələndirmək düzgün deyil. Əvvəla, dünyada qlobal proseslərdən dolayı bütün ölkələrin iqtisadiyyatını silkələyən böhran vəziyyəti mövcuddur. İkinci tərəfdən, Türkiyənin yürütdüyü müstəqil siyasət, öz milli təhlükəsizlik maraqlarını ona qarşı formalaşan ciddi bloklaşmaya rəğmən müdafiə etməsi Qərb şirkətlərinin sərmayelərini geri götürməsi ilə nəticələndi. NATO üzvü olmasına baxmayaraq, Ankaranın tarazlaşdırılmış siyasəti, Rusiya ilə uzlaşma, ABŞ-ın maliyyələşdirdiyi terror qruplarının təmizlənməsi Vaşinqtonla münasibətlərin kəskinləşməsinə gətirib çıxardı ki, nəticədə tətbiq olunan sanksiyalar iqtisadi vəziyyətə təsirsiz ötüşmədi. Üstəlik, Milli Bank sədrinə ard-arda etimadsızlıq göstərilməsi də geriləməni daha da tətiklədi.

Unutmaq olmaz ki, türk millətinin genetikasında idarəolunma deyil, idarəetmə instinkti var. O baxımdan, Türkiyə xalqı başqa ölkənin boyunduruğu altında sosial rifahın yüksək olmasındansa, müstəqil olub daha aşağı şərtlərdə yaşamağı tərcih edəcək.

Züriyə Qarayeva

AzNews.az portalının siyasi şərhçisi