Bəxtiyar Hacıyev təkcə əxlaqsızlıq edibmi?

Bəxtiyar Hacıyevin şəxsi hesablarından ayrı-ayrı ictimai fəallarla bağlı yayılan məlumatlar - görüntülər və yazışmalar təkcə əxlaqsıqlıqdırmı? Əlbəttə ki, yox! Amma təəssüf ki, cəmiyyətin əksər kəsimi məsələnin məhz əxlaq tərəfinə daha çox diqqət göstərir. Bu, ilk baxışdan əslində təbiidir. Çünki baş verənlər, doğrudan da ən böyük əxlaqsızlıqdır. Bəxtiyarı müdafiə edən, onunla çörək kəsən, özünə yaxın bilən hər kəsin qadınına göz qoymağın adı ən yumşaq formada elə əxlaqsızlıqdır...

Fəqət başqa, daha vacib məqam kənarda qalıb. Bəxtiyar Hacıyevin qadınlara məxsus məlumatları arxivləşdirməsi, bütün bu yazışmaları saxlaması həm də hüquqi müstəvidə araşdırılmalıdır. Buna yalnız əxlaqsızlıq prizmasından yanaşıb, məsələnin hüquqi tərəfini kənara qoymağın özü, heç bir əndazəyə sığmayan hərəkətlərin üzərindən sakitcə keçmək, ona haqq qazandırmaq deyilmi? Niyə buna yalnız əxlaq çərçivəsindən yanaşılmalıdır? Ünsiyyətdə olduğu bütün qadınları lentə almaq, telefon danışıqlarını saxlamaqda bu ictimai “fəalın” məqsədi nə olub? Bu psixoloji problemdirmi, yoxsa rasional məqsəd daşıyıb? Kim tam əminliklə deyə bilər ki, bu lent və yazılarla həmin qadınlar şantaj olunmayıb? Olunmayıbsa, Harvard məzununun belə planının olmadığını kim arxayınlıqla söyləyə bilər?

Suallar çoxdur və bütün bunlara hüquq çərçivəsində cavab verəsi şəxs məhz elə Bəxtiyarın özüdür. Məsələni siyasiləşdirmək kimisə hüquqi məsuliyyətdən yayındıra bilməz. Məsələyə bu tərəfdən yanaşılsa, yəni hüquqi aspektdən baxılsa, bu adamı kor-koranə müdafiə xətti seçənlər, elə Bəxtiyarın özü yenəmi durumu siyasiləşdirməyə cəhd edəcək (lər)?

Hamıya bəllidir ki, Bəxtiyar Hacıyev ilk baxışdan ağlı başında olan adam idi və ya bu görüntünü yarada bilmişdi. İndi görünür ki, xeyr, bu, heç də belə deyilmiş. Bəxtiyarın gün işığı görən arxivi başqa mətləblərdən xəbər verir. Adamın ya psixi problemi var, ya da... Məhz bu “ya da” lar, başqa variantlar mütləq araşdırılmalıdır.

Bir sözlə, Bəxtiyarın bütün əxlaqi çərçivələri aşan davranışları əsl qiymətini almalıdır. Bu qiymət əxlaqsız, məişət pozgunu adı ilə məhdudlaşmamalıdır. Yazışmalardan da göründüyü kimi, bu qədər qadına zərbə vuran, onlarla yazışmalarını arxivləşdirən bir adam həmin insanlara, onların ailələrinə, yaxınlarına vurduğu zərbəyə görə də hüquqi baxımdan cavabını almalıdır. Mətbuatda artıq yazışmaları yayılan qadınların bəzilərinin hüquq-mühafizə orqanlarına müraciət etdiyi də bildirilir. Bu müraciətlərin özü də baş verənlərin hüquq prizmasından baxılmasını zəruri edir.
Bütün bunları bir qırağa qoyub, görüntülərin, yazışmaların sırf necə yayıldığına da fokuslanmaq doğru deyil. Rəsmi məlumatda məsələnin bu tərəfinin də araşdırıldığı vurğulanır. Məhz məsələnin bu tərəfinin üzərində dayananlar çoxluqda deyil və onların da yaşananlara məhz siyasi don geyindirmək cəhdləri uğursuzluğa məhkumdur. Əxlaqsızlıq, hüquq pozuntusu olan davranışlar törədənə siyası don geyindirib qahmar çıxmaq məsələyə əxlaqi yanaşma deyil...

Elman BABAYEV