Paşinyan Bakı-Moskva xəttində gərginliyi artırır

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında vasitəçi olmağa çalışan tərəflərin hər birinin bölgə ilə özünəxas maraqları var. Brüssel sülh müqaviləsinin imzalanmasına tələsir. Problemlərin hansı səviyyədə qüvvədə qalmasından aslı olmayaraq, Aİ müqaviləni tərəflərə imzalatmaqla, Qərb-Rusiya rəqabətində üstün olmaq, bundan əlavə, bölgədə maraqlı olduğu enerji layihələrini icra etməyə çalışır. Bu maraq da əslində Rusiyaya yönəlik maraqlardır. Çünki, sülh sazişi imzalanarsa, enerji layihələri daha sürətlə həyata keçirilər ki, bu həm də Qərbin Rusiyanın enerji tədarükündən sürətlə xilas olması deməkdir. Brüsselin kommunikasiya əlaqələri ilə bağlı mövqeyi də Rusiya ilə toqquşur. Çünki, Zəngəzur dəhlizinin açılması Rusiyanın maraqlarına xidmət edir və blokada vəziyyətindən çıxmasına şərait yaradır. Vaşinqton proseslərin Bakının leyhinə transformasiya olduğunu anlayır. Yetişən vəziyyətdən sadəcə pay sahibi olmaq istəyir. Coğrafi şərtlər və fokuslandığı digər problemlər nəticəsində bölgəyə təsir imkanları yox səviyyəsindədir. Moskva proseslərin tam mərkəzindədir. Sülhməramlı missiyası adı altında proseslərə istədiyi kimi yön verməyi bacarır. Burada bir də Ermənistanın Rusiyadan asılılıq faktoru da böyük rol oynayır. Odur ki, görüşlərdə Bakının xeyrinə addım atmış kimi görünə bilər. Xüsusən, Brüsseldə keçən məhsuldar görüşün ardınca bu mənzərənin yaradılması Moskva üçün önəmlidir. Fəqət “avazının Quranla əlaqəli olması” əsas məsələdir. Bu məqamda Paşinyanın da Moskva-Brüssel xəttində gərginlik yaratmağa çalışdığını gözardı etmək olmaz. Paşinyanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatı faktiki “Qarabağ Azərbaycandır” deməkdir. Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra belə Azərbaycana qarşı ərazi iddiaları vardı. Paşinyanın bu açıqlaması həm də Azərbaycana qarşı iddialarından əl çəkməsi deməkdir. Fəqət Qərbdə üç tərəfli görüşlərdən sonra Paşinyanın bu açıqlaması Qərb-Rusiya qarşıdurmasına hesablanıb və tərəflər arasında vəziyyəti daha da gərginləşdirməyə hesablanıb. Paralel olaraq, Nikol Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi məsələsini Bakı-Xankəndi arasında müzakirə edilməsini deməklə məsuliyyəti öz üzərindən atmaq istəyir. Bu açıqlaması Azərbaycanın qəbul etmədiyi Bakı-Xankəndi formatının yaradılması üçün cəhddir. Moskva görüşü öncəsi Paşinyan sülh danışıqlar prosesinin dalana dirənməsini istəyir və bununla da zaman qazanmağa çalışır. Çünki, Bakı delimitasiya məsələsinin Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri daxilində həllinin tərəfdarıdır. Paşinyan bu şərtlər daxilində sülh müqaviləsinə imza atarsa, nəinki hakimiyyətini, hətta həyatını itirə bilər.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi