Türkiyə-Rusiya münasibətləri kəskinləşəcəkmi?

Ukrayna müharibəsi başlayandan sonra Rusiya Qərb dünyası tərəfindən təcrid olundu. Enerji müqavilələrinin ləğvi və sanksiyalarla üzləşdi. Bu müddət ərzində NATO-da Rusiya Prezidenti Vladimir Putinə “Dostum” deyə müraciət edən yalnız bir nəfər var idi: Prezident Rəcəb Tayyib Ərdoğan. Amma son günlər Ərdoğanla Putin arasındakı “xüsusi münasibət” bir-birinin ardınca ağır zərbələr alıb. Son addım Litvanın Vilnüs şəhərində Türkiyənin gözlənilməz dönüşü oldu. Aylardır İsveçin NATO üzvlüyünə qarşı çıxan Ankara vetosunu ləğv etdi. Bundan əlavə, sammitin başlamasına cəmi dörd gün qalmış Ərdoğan Türkiyədə Ukrayna prezidenti Vladimir Zelenskini qəbul edib və Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyib. Daha sonra Türkiyə öz ərazisində saxlanılan, Rusiyanın “müharibə cinayətkarı” olduğunu iddia etdiyi “Azov” batalyonunun beş komandirini Ukraynaya ekstradisiya edib. Komandirləri Zelenski qəhrəman kimi qarşılayıb.
Vaqner üsyanı zamanı da Türkiyə orta mövqe tutdu, təmkinli olmağa çağırdı. Yəni Vaqnerə qəti şəkildə qarşı çıxan və Putini dəstəkləyən ritorikadan istifadə etmədi. Bütün bu addımlar Rusiyanı sevindirə bilməz. Ancaq kəskin reaksiya verəcəyi qənaətində deyiləm.
Əslində seçki sonrası Ərdoğanın Qərbə yönəlik siyasətində korrektələr edəcəyi gözlənilən idi. Bu addımlar Rusiya əleyhinə istiqamətlənməyib. Türkiyə öz milli maraqlarını və əhalisinin sosial rifahını düşünmək məcburiyyətindədir. Bu məcburiyyət isə onu ABŞ və Avropa ilə isti münasibət qurmağa vadar edir. Ərdoğanın Aİ-ə üzvlük tələbini irəli sürməsi də bunun nəticəsidir.

Kremlin sözçüsü Dmitriy Peskovun açıqlamaları da dediklərimi təsdiqləyir. Məsələyə münasibət bildirərkən o, qeyd edib ki, "Türkiyə Qərbə üz tuta bilər. Biz bilirik ki, Türkiyənin tarixində Qərbə intensiv və ya daha az meyl etdiyi dövrlər olub. Amma biz bunu da çox yaxşı bilirik, Avropada heç kim Türkiyəni görmək istəmir”. Peskov "anlaşılmazlıqlara baxmayaraq, Türkiyə ilə münasibətləri hər iki tərəfin xeyrinə olacaq sahələrdə inkişaf etdirmək niyyətindədirlər" deməsi isə indiki reallıqlarda Moskvanın Ankara ilə qırılma yaşaması mümkünsüzdür anlamına gəlir. Türkiyənin İsveçi NATO-ya üzvlük protokolunun təsdiqi üçün Türkiyə Böyük Millət Məclisinə göndərməsi qərarını anladığını ifadə edən Peskov, "Türkiyə NATO üzvüdür. Türkiyənin öhdəlikləri var...Bu kontekstdə heç vaxt çəhrayı rəngli eynək taxmamışıq. Biz buna belə yanaşırıq və hər şeyi çox yaxşı başa düşürük" deyib.

Qısacası, Putin anlayır ki, sanksiyalar Rusiya iqtisadiyyatına və bank sektoruna dağıdıcı zərbə vurur. Kreml sahibi bu vəziyyətdən çıxış yolu kimi Türkiyə ilə iqtisadi əlaqələri genişləndirməyə, bank sektorları arasında interqasiyanı genişləndirməyə çalışır. Ərdoğan iqtisadi əlaqələri genişləndirməyə hazırdır, ancaq Qərb Rusiyanın bank sektoru ilə əməkdaşlıq edənləri də hədəf götürür. Ona görə də bu məsələdə Ərdoğan ehtiyatlı mövqe tutur. Əksini etməsi Moskva üçün də yaxşı heçnə vəd etməz. Peskovun açıqlaması da məhz buna söykənir. Türkiyə Qafqaza, Yaxın və Orta Şərqə, eyni zamanda şimala açılan dəhlizdir. Bu dövlətin Aralıq dənizi sahilində yerləşməsi və Qara dənizin sahibi olması onun geostrateji əhəmiyyətini dəfələrlə artırır. Türkiyə bir NATO ölkəsi olaraq, dünya miqyasında çox güclü orduya malikdir. Rusiya isə Avropadan gələn NATO küləyinin qarşısını almaq üçün Avropa qitəsində hər hansı müttəfiqlik səddi yaratmağa çalışır. Yaxın Şərqdə Türkiyənin mövcudluğu Rusiyanı ABŞ, İran, Çin kimi güclərlə toqquşmadan yayındırır.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi