Rusiya iqtisadiyyatı çöküş ərəfəsində

Müharibə və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən Rusiya iqtisadiyyatı çökməyə başlayır. Ötən il Rusiyanın Ukraynaya təcavüzünün ilk ayları neft və təbii qazın qiymətinin qalxmasına səbəb olub, bu da Moskvaya böyük gəlirlər gətirib, lakin o günlər arxada qalıb.

Müharibəyə görə artıq ikinci ildir ki, Qərbin sanksiyaları sərtləşir, Rusiyanın dövlət gəlirləri azalır və iqtisadiyyatı uzunmüddətli perspektivdə daha yavaş inkişaf trayektoriyasındadır.
Ölkənin ən böyük ixrac malları olan qaz və neft əsas müştərilərini itirib.
Bununla yanaşı, noyabr ayından etibarən rubl dollara nisbətdə 30%-dən çox ucuzlaşıb.
Gənclərin orduya çağırılmaq qorxusundan cəbhəyə getməsi və ya ölkədən qaçması nəticəsində işçi qüvvəsi azalıb. Qeyri-müəyyənlik həm də biznesə sərmayə qoyuluşuna mane olur.
İşğaldan qısa müddət sonra ölkəni tərk edən keçmiş Rusiya Mərkəzi Bankının rəsmisi Alexandra Prokopenko Rusiya iqtisadiyyatının uzunmüddətli reqressiyaya girdiyini deyir.
Avropa bazarının itirilməsi və Qərb investorlarının ölkədən getməsi səbəbindən Moskva getdikcə Çindən asılı vəziyyətə düşür.
Londondakı Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun baş elmi işçisi Mariya Şagina: -"Rusiyanın qısa müddətdə dayanıqlı olmasına baxmayaraq, uzunmüddətli mənzərə acınacaqlıdır: Moskva Çindən daha qapalı və həddən artıq asılı olacaq" dedi.
Rusiya prezidenti Vladimir Putin Qərbi Avropadan Ukraynaya dəstəyi məhdudlaşdırmaq üçün Rusiyanın enerji təchizatından istifadə edəcəyinə ümid edirdi.
Digər tərəfdən, Avropa hökumətləri Kiyevə dəstəyi azaltmadı, əksinə, sürətlə yeni təbii qaz və neft mənbələri axtarmağa başladı. Düşünürəm ki, SSRİ kimi nəhəng imperiyanın dağılmasının səbəbi olmuş iqtisadi çöküş, Rusiya imperiyasının da dağılmasına səbəb olacaqdır.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi