Qədim insanlar peyğəmbəri cadugərdən necə ayıra bilirdilər?

Çünki hər bir peyğəmbərin cadugərlərə xas olan mistik bir gücü olduğuna dair din tarixində xeyli elementlər var.
Məsələn, Musanın əsa ilə dənizi ayırması, İsanın ofsunla ölüləri diriltməsi, Məhəmmədin ayı ikiyə bölməsi və s. öz zamanlarında da onları inkar edənlər tərəfindən cadugərlik kimi qələmə verilib.
Nə idi eyni möcüzəni göstərənin birini peyğəmbər, birini cadugər edən səbəb?
Kitab! Bilgi!
Cadugərlərdən fərqli olaraq peyğəmbərlərin əlində kitab vardı və onlar göstərdikləri möcüzələrin gücünü fövqəl bir mənbəyə bağlaya bilirdilər.
Bu mənbə kütlə üçün allah idi, ağıllı adamlar üçün peyğəmbərləri doğan özlərindən əvvəlki mədəniyyətlər.
"Biz sizdən əvvəlkilərə belə dedik, sizdən əvvəlkilərə belə göstərdik, amma inkar etdilər, unutdular və məhv oldular". Dini kitablar doludur bu cür xəbərdarlıqlarla. Bu, əslində, məhv olmuş mədəniyyətlərin xəbərdarlığıdır.
Ravvinlər Babil mədəniyyətinin dağılmasını Sodom, keşişlər Roma mədəniyyətinin dağılmasını Pompey əxlaqsızlığına bağlayırdılar. İslam hansısa bir mədəniyyətin daxilində yaranmamışdı deyə istinad edəcəyi mədəni xarabalığı yox idi, ona görə o da yəhudilərin və xristianların xaraba mədəniyyətlərinə istinad edirdi.
Yəni peyğəmbərlərin diliylə danışan allah, əslində, özlərindən əvvəl məhv olmuş mədəniyyətlərin səsi idi.
Məhv olmuş xalqlar allaha deyil, mədəniyyətə dönük çıxmışdılar.
Eynən bu gün bizim etdiyimiz kimi. Bu gün bizim toplum peyğəmbəri cadugərdən seçə bilməyən, seçəndə də cadugəri üstün tutan bir toplumdur.
Onlarla müəllifə, kitaba istinad edib bir yazı yazırsan, on adam oxuyursa, onun yeddisi sənin simanda bütün mədəni irsi yalançı çıxarır. Tərəzinin bir gözünə özünü, bir gözünə dünya mədəniyyətini qoyan basməmməd insan sürüsü əmələ gəlib aramızda.
"İki dənə kitab oxuyub, basıb bağlayır". Heç kitab oxumayanların ən sevdiyi yarğıdır bu. İşlərinə yarayan qondarma həqiqət tələb edirlər. "Post truth" dövrünün həqiqət qondaran cadugərlərinə tapınırlar.
Halbuki nəinki iki kitab, bəzən bir kitabın bir fəsli, bir səhifəsi, bir cümləsi belə tarixi dəyişmək gücündədir.
Bir nümunə deyim sonra dağılışaq gedək çak-çukumuzu edək. 1872-ci ildə Britaniya Muzeyində Corc Smit adlı bir assuroloq atılıb-düşməyə başladı. İş yoldaşları elə bildilər ki, işləməkdən başına hava gəlib.
Həqiqətən də Smit qədim Nineviya xarabalığından gətirilmiş daş kitabədən insanı dəli edəcək bir fəsil oxumuşdu; bu fəsildə Nuh Tufanından danışılırdı.
Corc Smit tarixdə ilk dəfə Tövratın, İncilin, Quranın mədəni mənbəyini tapmışdı.
Bilirəm, indi də girib Smit haqqında yazacaqlar ki, daşın üstündə iki dənə cızıq oxuyub, basıb bağlayırmış.

Aqşin YENİSEY