ABŞ yeni ssenarilər nəzərdən keçirir

Pentaqon İranla münaqişənin daha da gərginləşməsi ilə bağlı mümkün ssenariləri, o cümlədən irimiqyaslı hava zərbələri, quru əməliyyatları və Hörmüz boğazı ətrafındakı strateji obyektlərə nəzarətin bərqərar edilməsini nəzərdən keçirir. Bu barədə İsrail analitikləri sosial şəbəkələrdə məlumat yayıb.
Müzakirə olunan variantlara əsasən, potensial hədəflər sırasında mühüm adalar və neft ixracını təmin edən infrastruktur obyektləri ola bilər. Xüsusilə, İranın neft ixracının böyük hissəsinin keçdiyi Xark adasının blokadaya alınması və ya ələ keçirilməsindən bəhs edilir. Həmçinin, mövcud məlumatlara görə, radar sistemləri və kater bazaları da daxil olmaqla hərbi obyektlərin yerləşdiyi Laraq adası ilə bağlı ssenarilər də nəzərdən keçirilir.
Digər istiqamətlər arasında Əbu-Musa adası, eləcə də İran və Birləşmiş Ərəb Əmirliklərinin eyni vaxtda iddia etdiyi bitişik ərazilərin adı çəkilir. Hörmüz boğazı vasitəsilə İranın neft tədarükünün qarşısının alınması və ya ələ keçirilməsi üzrə tədbirlər də müzakirə mövzusudur.
Bəzi planlar yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları üzərində nəzarəti təmin etmək və ya onlara çıxışı əngəlləmək məqsədilə Tehran ərazisindəki obyektlərə zərbələr endirilməsini nəzərdə tutur.
Ağ Evdən vurğulayırlar ki, sadalanan bütün variantlar ilkin xarakter daşıyır və hazırda yekun qərar qəbul edilməyib. ABŞ prezidenti Donald Tramp daha əvvəl bəyan edib ki, Tehranla danışıqlar nəticəsiz qalarsa, ABŞ “daha sərt zərbə” endirməyə hazırdır.
Regionda Amerikanın hərbi iştirakının artırıldığı bildirilir. Münaqişə zonasına əlavə aviasiya bölmələri, dəniz piyadalarının ekspedisiya qüvvələri, həmçinin sayı bir neçə min nəfər olan 82-ci hava-desant diviziyasının döyüşçüləri göndərilir.
İran tərəfi isə açıq məkanda ABŞ-ın tələblərini rədd edir. Parlamentin spikeri Məhəmməd Baqer Qalibaf kəşfiyyat məlumatlarına istinadən bildirib ki, ABŞ İran adalarını ələ keçirmək planlarını nəzərdən keçirir. Tehran həmçinin münaqişəyə cəlb olunmuş region ölkələrinin “həyati vacib infrastrukturuna” mümkün cavab zərbələri barədə xəbərdarlıq edib.
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun hava hücumundan müdafiə əməliyyatları üzrə eksperti Məhəmməd Əli Xodabaxş İsfahana endirilən son hava zərbələri nəticəsində öldürülüb. İran mediası onun həyat yoldaşı və övladının da həmin hücumlar zamanı həlak olduğunu xəbər verir.
Xatırladaq ki, 2019-cu ildə Xodabaxş İran televiziyasının efirində “İranın HHM sistemləri F-35 qırıcılarını düşmən pilotsuz uçuş aparatlarını vurduğumuz kimi asanlıqla vurub salacaq” deyə bəyan etmişdi.

Elçin ALIOĞLU