“Qanun Nəşrlər Evi” daha iki kitabı satışa göndərib. “Qanun Nəşrlər Evi” daha iki kitabı satışa göndərib.

“Qanun”dan 2 yeni kitab

“Qanun Nəşrlər Evi” daha iki kitabı satışa göndərib.


AzNews.az xəbər verir ki, satışa çıxarılan nəşrlər müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biri Stiven Hokinqin "Mənim tarixçəm" adlı və marketinqlə bağlı suallara cavab tapacağınız "Marketinqə dair 300 başlıca sual: Filip Kotler cavab verir" adlı kitablardır.

"Mənim tarixçəm" Stiven Hokinqin müstəsna dərəcədə səmimi üslubda yazılmış avtobioqrafik bir kitabıdır. 21 yaşında, bu dünyada qısa müddət yaşayacağını proqnozlaşdıran dəhşətli tibbi diaqnoz qoyulmuş bir insan dahi bir zəkanı ağır fiziki və mənəvi əzablara məhkum etmiş öz bəxtsiz taleyi ilə daimi mübarizədən ibarət olan həyatı haqqında danışır. Həkimlərin proqnozuna baxmayaraq, artıq yarım əsrdən artıq bir zamanda nəinki öz xəstəliyinə, bütün pisliklərə qarşı davam gətirir, hətta ona qarşı döyüşür. Öz xəstəliyini və əlilliyini qaçılmaz qəbul edərək, o möhtəşəm bir mənəvi dəyanət nümayiş etdirir, zəkasının gücü ilə oxucunu heyran edir və insanın imkanlarının hüdudsuz olduğunu isbat edir.

Əsərin tərcüməsi Sabir Sadıqova məxsusdur.

Sual-cavab formasında tərtib edilmiş "Marketinqə dair 300 başlıca sual" kitabı strateji marketinq sahəsində dünyanın ən məşhur ekspertlərindən biri, müasir marketoloqların yol göstərəni hesab edilən Filip Kotlerin bilik və çoxillik təcrübəsinin məhsulu sayıla bilər. Siz bu kitabı oxumaqla marketinq üzrə mütəxəssislərə uğur qazanmaq üçün hansı vərdişlərin vacib olduğunu, şirkətdə marketinqin effektivliyinin necə qiymətləndirilməsini, tənəzzül zamanı hansı marketinq strategiyalarının daha məqsədəuyğun olduğunu, qloballaşma və yeni texnologiyalar ilə əlaqədar hal-hazırda marketinqin rolunun necə dəyişdiyini, marketinq şöbələrinin gələcəkdə necə olacağını öyrənəcəksiniz.

Kitab şirkət rəhbərləri, marketinq menecerləri, praktik marketoloqlar, brend menecerlər, ali ixtisas mək­təblərinin müəllim və tələbələrinə ünvanlanıb.

Tərcümə Gülcahan Mirməmmədə məxsusdur.