Tanınmışların 1-ci sinif xatirələri – ““Namus” əldən getmişdi”

Bu gün, sentyabrın 15-i Bilik günüdür. Bu bayram günü hər birimizin həyatında xoş anlar, müəyyən təəssüratlarla qalıb. İllər keçir… İlk dərs günü gələndə harada əynində məktəbli paltarı, əlində çanta məktəbə gedən bir şagird görəndə xəyalən də olsa, ilk dərs gününü xatırlayırıq. Görəsən, Azərbaycanın tanınan ictimai-siyası və mədəni şəxsləri ilk bilik gününü necə xatırlayır?

AzNews.az bununla bağlı sorğu aparıb:


Müsavat Partiyasının başqanlığına namizəd Arif Hacılı: "Bu gün mənim üçün Bakının işğaldan azad olunması günü kimi əlamətdardır. Bu gün xalqımız üçün ən böyük bayram günlərindən biridir. Orta məktəbə sentyabrın 1-də getmişəm. Onu xatırlayıram ki, çox sevinirdim, xoşbəxt idim".


Politoloq Ərəstun Oruclu: "Mənim üçün "Bilik günü" 44 il əvvəl olub. Məktəb həyatda yeni mərhələdir. Yadımda o günlə bağlı gözəl xatirələr qalıb. Həmin günü yağışlı hava idi. Sentyabrın 1-i, dəhşət yağırdı. Bunu görən anam bir papaq keçirdi başıma. Qotazlı, toxunma papaq idi. Mən də bu papağı bəyənmədim. Dedim ki, ana bu kişi papağı deyil. Tərslikdən həmin günü o qotazlı papaq məktəbdə partanın altında qaldı. Evdə heç kəsə inandıra bilmədim ki, mən o papağı bilərəkdən məktəbdə qoymamışam. Yəni, bu bəyənmədiyimdən olmayıb. Papaq tapılmadı, "namus" əldən getdi. Bilik günü ilə bağlı xatirələr çoxdur. Məktəb illərini çox xoşbəxt yaşamışam. Oxumağa çətinlik çəkmədim. Elə ilk gündən üstüm-başım mürəkkəb içində gəldim. Hələ də o günü unuda bilmirəm".


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədli: "Heç bir sirr yoxdu. Mən orta məktəbə 1953-cü ildə getmişəm. Ailənin ilki olduğumdan, çox ciddi hazırlaşmışdıq. Başdan ayağa qədər təzə geyinmişdim. Həmin illərdə gədəbəylilər elm və təhsillə nəfəs alırdılar. Mən də məktəbə yaxşı oxumaq arzusu ilə getmişdim. İlk müəllimim rəhmətlik Əbülfət müəllim idi. Oğlu Yaqub da bizim sinifdə oxuyurdu və eyni partada otururduq. İlk gündən mən müəllimimi, o da məni sevdi. Beləcə, 4 sinfi əlaçı bitirdim. Sinfimizdəki şagirdlərin çoxu ali məktəblərə daxil oldu. Onlardan 4-ü alim olduq".


Müsavat Partiyasının divan üzvü Vurğun Əyyub: "Mən məktəbə gedəndə 6 yaşım tamam olmamışdı. Birinci sinfə dərs deyən müəllimlər sıra ilə dayanmışdılar. Ruhu şad olsun Sənəm müəllimənin. Uzun saçları var idi. Onu görən kimi iki ayağımı bir başmağa dirədim ki, onun sinfində oxumaq istəyirəm. Adım başqa müəllimənin sinfində olsa da, inadkarlığımı görüb sinfimi dəyişdilər. Özümü hədsiz xoşbəxt hesab edirdim həmin gün".


Vəkil Aslan İsmayılov: "Uşaqların demək olar ki, hamısı əlifbanı bilsə də, mən bilmirdim, bununla belə həmin gün ən xoş xatirələrlə yadımda qalıb. Boyca ən hündür olduğumdan axırıncı partada oturtdular. İlk müəllimim Səmayə xanım hamımızı çox mehriban qarşıladı və dərhal hamıda xoş əhval- ruhiyyə yaratdı. Qonşumuz olduğundan mənə xüsusi diqqət ayırırdı".


Şair Rüstəm Behrudi: "Mirzə Cəlili, Sabiri köhnəlməyə qoymayan bir millətin "Bilik bayramı" harasına yaraşır? Mən də qızımı məktəbə apardım. İçimdəki qəribə hisslərin "Bilik bayamı"na dəxli yoxdu - o uşağa olan sevgi, onunla yanaşı addımlamağın sevincidir".


Azərbaycan Yazıçılar Birliyinin Dramaturgiya Şöbəsinin rəhbəri Firuz Mustafa: "İlk dərs günü yaxşı xatirimdədir. Ucqar Gədəbəy rayonunun ucqar dağ kəndi- İsalı. Əlimizdə yasəmən budaqları, çiynimizdə toxunma çantalar... Əvvəlcə hamımız məktəbin qarşısında toplandıq. Müəllimlər yüngülvari çıxış etdilər. Sonra siniflərə bölündük. Mən 1-ci A sinfinə düşdüm. Müəllimimiz, sinif rəhbərimiz Yaqub müəllim idi. O, ayağının birini müharibədə itirmişdi. Qoltuqağacı ilə gəzirdi. Çox mülayim, mehriban, səmimi, səbirli bir admdı. Uşaqlar çox səs-küy edəndə əsasını yüngülcə tərpədərdi. Özümüzü yığışdırardıq. Biz də onun xətrini çox istəyirdik. Sonralar müəllimlərimiz və siniflərimiz dəyişdi. Amma ilk müəllim və ilk dərs günü daim yaddaşımdadır".


Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı: "Mən birinci sinfə çoxdan, lap çoxdan, sovet vaxtı getmışəm. Özü də 1-ci sinfə gedəndə qızlar məktəbi ayrı idi. Yalnız 2-ci sinifdən məktəblər birləşdirildi. Müəlliməm hələ də yadımdadır - Rüxsara müəllimə. O zamanın təhsil sistemi və müəllimləri indikindən qat- qat güclü idi. Ən əsası isə rüşvət yox idi. Heç kimin ağlına da gəlmirdi ki, müəllimə hədiyyə vermək lazımdır".


Rejissor Rövşən Almuradlı: "1961-ci il sentyabrın 1-də orta məktəbə getmişəm. Həmin günü mənim bilik günüm sayılır. Çox həvəsliydim. Hələ məktəbə getməmişdən hərifləri, sayları bilirdim. İlk dərs günü dərsdən çıxıb evə gələndə boş dəftərlərimin hamısına "5" yazmışdım. Gətirib, bunu evdəkilərə göstərdim. Dedim ki, baxın görün mən nə qədər "5" almışam. Bu yalan hələ də yadımdadır".


Əməkdar aktrisa, Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova:
"Oğlum başda olmaqla yeni dərs ilinin başlanması münasibəti ilə hər kəsi təbrik edirəm. Mən ilk olaraq dərsə Siyəzəndə babamgildə getmişəm. Nəyim varsa, bütün dəftərlərimi həmin günü çantaya yığmışdım. Ona da gücüm çatmırdı, apara bimirdim. Nənəm mənə kolbasa- çörək qoymuşdu. Sinifdə 40-dan çox uşaq vardı. Mən rahatca onu çıxarıb, yeməyə başladım. Müəllim mənə dedi ki, dərs zamanı yemək olmaz. Amma mən heç kəsi dinləmədən çörəyimi yedim. Sonradan mənim arxamca bizə gəlmişdilər. Dedilər ki, hamı dərs oxuyurdu, Hüsniyyə isə çörək yeyirdi".

Bahar Rüstəmli
AzNews.az