Günel Natiq Günel Natiq

Novruzəlilərlə Tükəzbanların “savaşı”

Günel Natiq



Bu yazımı "Balaş" sindromundan əziyyət çəkən kişilərə həsr edirəm. Bu adamların fikrincə, Azərbaycan qadını zamanla ayaqlaşa bilmir, köhnəfikirlidir, cəmiyyətdəki fəaliyyəti 21-ci əsrin tələblərinə cavab vermir; belələrindən isə nə ideal qadın olar, nə də ideal həyat yoldaşı. Bundan əlavə, bəzi fikirlərə görə bu qadınlar onların geniş düşünə bilmək qabiliyyətini məhdudlaşdırır. Məsələn, bir gənc yazar belə bir fikir yazmışdı ki, dünyəvi əsər yaza bilməməsində onun qadını günahkardır.

"Balaşların" fikrincə, belə "geridəqalmış" qadınlar ancaq "Tükəzban"və "Fatma" adlanmağa "layiqdir".

Məndə belə bir sual yaranır: görəsən, nə zaman cəmiyyətimizdə qeyri-adi sürətli bir proqress başladı və qadınlar bu inkişafla ayaqlaşa bilmədi? Belə olan halda "Novruzəlilər" niyə "Tükəzbanları" bəyənməsin ki? Axı eyni cəmiyyətin insanlarıdır. Eyni təcrübələri bölüşərək gəliblər. Azərbaycan qadını Azərbaycan kişisinin görmək istədiyi kimi bir qadın olmağa çalışıb. Qadınlar tükəzbanların, fatmaların, kişilər də novruzəlilərin, məmmədquluların əxlaq qanunlarına söykənərək bugünkü dövrümüzə gəlib çıxıblar.

Mənim fikrimcə, Azərbaycan qadınını bəyənməyən kişilər ilk növbədə dəyişikliyə özlərindən başlamalıdır. Axı bəyənmədikləri, kompleks saydıqları xüsusiyyətləri dəyərə çevirən və öz ailələrində tətbiq edən onlardır. Qızları bu dəyərlərlə tərbiyə edirlər, xanımlarını məhz belə görmək istəyirlər. Axı qadın cəmiyyətdən kənar dəyişib başqalaşa bilməz. Bu, Azərbaycan cəmiyyətinin həyat tərzidir. Əgər sabah Azərbaycan qadını onu təqib edən stereotipləri qırıb geniş mənada öz "müstəqilliyini elan etsə" cəmiyyət tərəfindən dışlanmayacaqmı? Buna örnəklər kifayət qədərdir.

Ümumiyyətlə, cəmiyyətimizdə bəzən nəinki fikirlər, hətta ayrı-ayrı sözlər də dəb halına çevrilir. Məsələn, bəzən Azərbaycan qadınını saxtalıqda, olduğu kimi görünməməkdə suçlayırlar. Bu məqamın sadə bir yozumu var. Əgər qadın əsl fikirlərini, arzularını, istəklərini gizləyirsə, deməli, o, yaşadığı mühitdə kifayət qədər azad deyil. O, mühitin və cəmiyyətin tələb etdiyi kimi görünməyə sadəcə olaraq məcburdur. Əks halda müsəlman cəmiyyətinin tənələriylə üzləşəcək. Kim bilir ki, bəlkə ona daş atanlardan biri elə Siz oldunuz.

Şahidi olduğum daha bir məqam:
Bir də görürsünüz ki, Azərbaycan qadınını gürcü, ya rus qadınıyla müqayisə edirlər. Bu, tamamilə yanlışdır. Necə ki, Azərbaycan kişisini gürcü, ya rus kişisiylə müqayisə etmək yanlışdır; tamamilə başqa dəyərlərə söykənən, başqa mədəniyyətlərdən gələn xalqlardır. Alman qadınıyla Azərbaycan qadınını müqayisə etmək istəsəniz, onda əvvəlcə Azərbaycan kişisini alman kişisiylə müqayisə edin. Alman qadınına alman kişisi kifayət qədər azadlıq verib. Və alman qadını onda mövcud olmayan komplekslər üçün alman kişisinə "borcludur".

Azərbaycan ailəsində böyüyən qız uşaqları hələ körpəlikdən bilir ki, "yaxşı qız ağır oturar, batman gələr". "Çox gülməz, çox danışmaz, sonra qonum-qonşu nə deyər". Beləcə Azərbaycan qadını qadın olmağın məsuliyyətini körpəlikdən çiyinlərində daşıyır. Hər hansı qərar qəbul edərkən birinci qonum-qonşunun, sonra əmi-dayının, sonra cəmiyyətin "nə deyəcəyini" düşünür. Əks halda qonum-qonşu da, əmi-dayı da, cəmiyyət də deyəcəyini deyir. Azərbaycan qadını bu stereotiplərlə böyüyüb və onun cəmiyyətdəki davranışı da bu "qaydalara" hesablanıb.

"Balaş" sindromundan əziyyət çəkən və Azərbaycan qadınını fərqli görmək istəyən kişilər, dəyişikliyə əvvəlcə özünüzdən başlayın. Öz baxışlarınızın əyarını dəyişin.
Müəyyən mənada qadın kişinin əsəridir. Əgər öz yaratdığnız əsərdən narazısınızsa, bu yalnız sizin probleminizdir.