Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkədə kadr hazırlığı ilə bağlı etdiyi açıqlama cəmiyyətin diqqətini çəkdi. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkədə kadr hazırlığı ilə bağlı etdiyi açıqlama cəmiyyətin diqqətini çəkdi.

Azərbaycanı gözləyən təhlükə- VİDEO

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkədə kadr hazırlığı ilə bağlı etdiyi açıqlama cəmiyyətin diqqətini çəkdi.

Azərbaycanda keyfiyyətli kadr çatışmazlığı probleminin kökündə nə dayanır.

Ali məktəbləri bitirən gənclərin əksəriyyəti işlədikləri sahələrdə ixtisasının öhdəsindən gələ bilmir.

ANS TV-nin məlumatına görə, uzun zamandır aktual olan bu məsələnin ciddiliyini Prezident Administasiyasının rəhbəri Ramiz Mehdiyev də etiraf edir. Administrasiya rəhbəri Dövlət İdarəçilik Akademiyasının tələbə və müəllim kollektivinin qarşısında çıxış edərək deyib ki, istər Prezident Administrasiyası, istər nazirliklər, istərsə də digər yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı ilə qarşılaşıb.

"Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni Administrasiya rəhbəri kimi heç cür qane etmir".

Adminstrasiya rəhbərinin də diqqət çəkdiyi maraqlı məqam ali məktəblərə yüksək balla qəbul olan şəxslərin təhsil aldıqları müddətdə oxumağa maraq göstərməməsidir. Necə olur ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanında yüksək nəticə göstərmək üçün gecəsini gündüzünə qatan gənc min bir əziyyətlə qazandığı universitetin 4 illik həyatını heçə sayır? Səbəbini öncə tələbələrdən soruşdum.

Tələbə Məhəmməd Abdullayev: "Yüksək bal almaq üçün oxyuruq, məcburuq. Yoxsa imtahandan kəsilərik".

Tələbə Rasim Əliyev: "Elə müəllimlər var ki, dərsi maraqlı deyir, elələri də var ki, adama maraqlı gəlmir".

Tələbələrin gətirdikləri arqumentlər fərqli olsa da, Təhsil Şurasının sədri Əjdər Ağayev bütün hallarda günahı ali məktəblərdə görür. Çünki, universitetlər tələbəsini öyrətməyə maraqlı olmalıdır. Həqiqətən maraq oyadılsa, missiyasını yalnız ali məktəbə qəbul olmaqda görən abituriyent tələbə adını qazındıqdan sonra formal qiymət almağın yolunu görüb arxayınlaşmaz.

"Tələbə-müəllim münasibətlərini elə maraqlı qurmaq, elə təşkil etmək lazımdır ki, o admın içində təhsilə zərurət yarasın. Yeməyə ehtiyac yaranan kimi öyrənməyə də ehtiyac yaranmalıdır, maraq yaranmalıdır. Onuda müəllim yaratmalıdır", - deyə Əjdər Ağayev bildirib.

Azərbaycanda ali məktəbə qəbul olmaq elə də asan deyil. Bunun üçün şagird uzun bir hazırlıq prosesindən keçir. Ekspertlər bu yerdə təhsil və elm sahəsində öndə gedən ölkələrin təcrübəsini əsas gətirərək izah edirlər ki, orada ali məktəblərə hamı qəbul ola bilər. Amma ali təhsil ocağını bitirmək hər kəsin hünəri deyil. Çünki, xarici təhsilin hədəfində bizdən fərqli olaraq bazarın tələbinə uyğun keyfiyyətli mütəxəssis hazırlamaqdır. Elə əbəs yerə deyil ki, bu günə qədər bizim ali məktəblər beynəlxalq təhsil sisteminin reytinqində yer alan təhsil ocaqlarının sırasına qoşula bilmir. Ali təhsilin Amerikada almış Qafqaz Universitetinin Xarici Əlaqələr üzrə Prorektoru Sənnur Əliyev bizim tələbələrlə əcnəbi tələbələrin müqayisəsini belə aparır.

"Xaricidəki universitetlərdə - məsələn, ABŞ və İngiltərədə saat 12-13 radələrinə qədər tələbələr kitabxanalardan çıxmırdılar. Azərbaycanda təhsil sistemi daha çox əzbər üzərində qurulub. Yəni tələbələr imtahadan keçmək üçün oxuyurlar".

2013-2014-cü tədris ili ərzində respublika üzrə 1132 bakalavr və 1100 magistr, ali məktəbləri qırmızı diplomla bitirib. Bu rəqəm az və yuxarı fərq çoxluğu ilə hər il dəyişsə də, dəyişməyən nəticədir. Çünki, bəzi ali məktəblərin qırmızı diplomu hansı yollarla verdikləri sirr deyil.

Təhsilin yetişdirdiyi kadr, sonradan dövlət qulluğunda təmsil olunmaq üçün imtahanlara girir. Necə olur ki, savadlı kadr, dövlət işindən kənarda qalır?