Dünən ASAN xidmətin Xətai filialında vətəndaşlarla xidmət əməkdaşları arasında gərginliyin yaşanması barədə məlumat vermişdik. Dünən ASAN xidmətin Xətai filialında vətəndaşlarla xidmət əməkdaşları arasında gərginliyin yaşanması barədə məlumat vermişdik.

ASAN xidmət məhkəməyə verilə bilər - Açıqlama

Dünən ASAN xidmətin Xətai filialında vətəndaşlarla xidmət əməkdaşları arasında gərginliyin yaşanması barədə məlumat vermişdik.

Bildirmişdik ki, gərginliyə səbəb ASAN-a müraciət edən qadınların çantalarının kişi mühafizəçilər tərəfindən qeyri-etik formada yoxlanılması olub.

Məsələ ilə bağlı ASAN xidmətin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov AzNews.az-a bildirib ki, ASAN Xidmətə gün ərzində 2000-2500 vətəndaş müraciət edir. Vətəndaşların ASAN Xidmət çərçivəsində xidmətlərdən faydalanaraq rahatlığının təmin edilməsi üçün mərkəz daxilində lazimi infrostrukturla təmin olunub. Onun sözlərinə görə, gün ərzində vətəndaşların axın etdiyi bir qurum olduğundan onların təhlükəsizliyinin təmin olunması üçün həm mühafizəçilər fəaliyyət göstərir, həm də xüsusi təhlükəsizlik avadanlıqları quraşdırılıb. Vətəndaş ASAN Xidmət mərkəzinə daxil olarkən hər hansı neqativ halların qarşısının alınması üçün bu yoxlama aparılır.
A.Hüseynov onu da bildirib ki, hər bir mərkəzdə kişi mühafizəçilərlə yanaşı, qadın mühafizəçilər də fəaliyyət göstərir.

Maraqlıdır, çox vaxt vətəndaşların narazılıq etdiyi bu cür yoxlamalar harada və necə aparıla bilər?

Keçmiş polis polkovniki Mahmud Hacıyev deyir ki, hər hansı mülki qurum tərəfindən şəxsiyyətin, istər üstünün, istərsə də əlindəki əşyaların yoxlanılması qanunla qadağan olunur. Polis polkovnikinin sözlərinə görə, sovetlər dönəmində prokurorun sanksiyası olmadan heç kim yoxlanış apara bilməzdi:
"Biz Avropa Şurasının üzvüyük, demokratik dövlətik. Məhkəmənin qərarı olmadan heç kimin üst-başı, avtomobili və ya mənzili axtarıla bilməz. Amma elə yerlər var ki, oranın daxili təlimatına uyğun olaraq buna nəzarət edilir. Düzdür, bəzi qurumlar bunun adını nəzarət qoysalar da, əslində yoxlama hesab olunur. Məsələn, super-marketlər mühafizə xidməti nəzarətedici amil kimi fəaliyyət göstərir. ASAN Xidmətdə də işləyənlər mülki vətəndaşlardır. Odur ki, oradakı mühafizə xidməti nə polis, nə də hüquq mühafizə orqanı hesab olunmur. Ona görə də onların qeyri-etik formada yoxlanış aparması qeyri-qanunidir".

Ekspert deyir ki, hər bir mülki qurumun özünün daxili təlimat qaydalarında bu cür nəzarət var. Onların əsasnamələri Ədliyyə Nazirliyində təsdiq olunur və həmin əsasnamələrin içində təlimat qaydaları olur. Təbii ki, daxili təlimatların da bir punktu nəzarət yoxlaması hesab olunur. Mühafizə xidməti təhlükəsizliyi təmin etmək üçün nəzarət yoxlaması keçirməlidir. Bir sözlə, daxili təlimatlarında belə bir pubkt var.
M.Hacıyevin sözlərinə görə, ASAN Xidmətin Xətai filialında qadınların çantalarının yoxlanılması qanundan kənardır. İstənilən şəxs ASAN Xidməti bu əməlinə görə məhkəməyə verə bilər.

Gültəkin ƏLƏSGƏR
AzNews.az