"Bu monoetnik dövlət digər xalqlar və millətlərlə eyni məkanda yaşaya bilmir" -Vüqar İskəndərov

“Ermənistan zaman-zaman bu bölgədə, regionda layihə dövlət kimi yaradıldıqdan sonra Azərbaycana və Türkiyəyə torpaq iddialarını kənara qoymadı, əksinə, həmişə öz iddiasını göstərdi. Öz başından böyük, yüksək iştahlı münasibətilə özünü çox çətin duruma salıb və salmaqdadır. İndiki situasiyada biz qələbəmizi qazanan, suverenliyimizi bərpa edən ölkə kimi artıq işğaldan azad etdiyimiz bölgələrdə geniş miqyaslı bərpa-quruculuq, tikinti işləri görürük. Həmin əraziləri cənnətə çevirməkdəyik. Bu bizim gücümüzü, qətiyyətimizi göstərir. Ölkə başçısının çox uğurlu, həm daxili, həm xarici siyasətinə işarə edir. Hələ əsrin əvvəllərindən başlanan bu işğalçılıq siyasəti genosid, kultrasid siyasəti Ermənistanı artıq dalan dövlətinə çevirib və qonşu olan ölkələrlə bu yarıtmaz siyasət Ermənistanın öz başında çartlayıb. Ermənistan 80-ci illərin sonlarında qısa bir vaxt ərzində monoetnik dövlətə çevrildi. 300 mindən artıq azərbaycanlıları oradan qovdu və bu gün dünyada nadir dövlətlərdən biridir ki, demək olar ki, ərazisində etnik ermənilərdən başqa digər xalqlar, yaşamır. Özlüyündə bir çox mətləblərdən xəbər verir. Əvvəla, onu göstərir ki, bu monoetnik dövlət digər xalqlar və millətlərlə eyni məkanda yaşaya bilmir. Türkəfobiya, hətta insana fobiyadır. Bunun başqa adı yoxdur. Müasir dünyada qəbuledilməz bir məsələdir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, bu gün Azərbaycan öz siyasəti ilə Ermənistanda bunu dəyişdirməyə çalışır və bəlkə də Ermənistana Azərbaycandan çox yaxşılıq edən ikinci bir dövlət yoxdur.

“Sülh müqaviləsini təklif edirik və Ermənistanı müasir, normal düşüncəyə malik dövlətə çevirməyə çalışırıq. Bunun üçün təbii ki, Paşinyanın da real addım atmasına ehtiyac var. Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyanın Azərbaycanın ilkin mərhələdə 300 min azərbaycanlını məskunlaşdırmağı planlaşdırması sözü əslinə qalsa, düşünərdik ki, yalnız real, rasional düşüncə olardı. Çünki bu insanlar min illərlə həmin ərazilərdə yaşayıblar və Ermənistan 80-ci illərin sonlarında insanları vətənlərindən, yaşadığı eldən-obadan didərgin saldılar. Əlbəttə, bu gün o insanların haqqı var və beynəlxalq hüquqla tənzimlənir. İnsanların doğulduğu, min illərlə yaşadığı ərazidən qovulması beynəlxalq cinayətdir. Hazırda təbii olaraq, Azərbaycan ərazisində yaşayan ermənilər də var. Onlar yüz illərdir ki, burada yaşayırlar. Heç bir problemləri mövcud olmayıb. Biz tolerant bir dövlətik, xalqıq. Tolerantlıq bizim milli sərvətimizdir və düşünürük ki, zaman gələcək ermənilər özləri anlayacaqlar ki, onların tutduğu yol insanlıq əleyhinə olan, gördükləri bu cinayətlər yalnız özlərinə ziyan vurub. Uzun illərdir ki, yalnız özlərini dünyadan təcrid etmək yolu ilə digərlərinin torpağında gözü olmaqla özlərini çox çətin bir duruma salıblar. Düşünürəm ki, necə ki, bu gün Azərbaycan ərazisində ermənilər var, onlar heç bir problemsiz yaşayırlar. Eləcə də azərbaycanlılar da doğulduqları yerdə, bugünkü Ermənistan ərazisində qayıdıb layiqli yaşamalıdırlar. Bu, onların təbii və qanuni haqlarıdır”.

Rəfiqə NAMAZƏLİYEVA