Arxont və Panelopanın qızları: Bakı sanksiya ilə təhdid edilir, Paşinyana sui-qəsd hazırlanır

Amerika Birləşmiş Ştatlarının Azərbaycanın onlarla məmuruna, hərbçisinə və hakiminə qarşı sanksiya tətbiq etmək barədə siyahı hazırladığını eşidəndə, doğrusu, bu xəbəri çox da ciddiyə almamışdım. Düşünmüşdüm ki, ABŞ öz iqtisadi, hərbi və kəşfiyyat qüdrətinə görə dünya lideridir, qos-qoca dövlət belə axmaqlığa nədən getsin? Zira, dünən həmin siyahı üzrə üzə çıxan yeni adlar arasında general-pokovnik, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Kərim Vəliyevin ismini görəndə məsələni bir qədər qurdalamağa qərar verdim.

Bəri başdan onu deyim ki, “Azərbaycana qarşı sanksiyalara baxış aktı” adlanan layihə heç də gizli-saxlı bir sənəd deyil. Bu qanun layihəsi pdf formatında bir sıra açıq qaynaqlarda, o cümlədən layihənin arxasında açıq-aşkar dayanmış ABŞ-dakı erməni diasporunun- ANCA-nın saytında yerləşdirilib.

Siyahıya nəzər salanda diqqətimi bir nüans çəkdi. Deməli, sənəd müəlliflərinin fikrincə, sanksiyaya məruz qalmalı olan əslində 43 azərbaycanlı var, amma siyahıda 44 ad göstərilib. Belə ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik-leytenant Elgün Əliyevin adı siyahının həm 2-ci, həm də 41-ci sırasında yerləşdirilib. ABŞ, heç şübhəsiz, bürokratik dövlətdir. Bir sənəd istər publikanın, istərsə də rəsmi dairələrin müzakirəsinə çıxana qədər yüz əldən keçir. Doğrudanmı bu layihəyə göz gözdərən yüzlərlə kor gözdən heç biri həmin təkrarı görməyib? Komplo nəzəriyyələrdən maksimum uzaq durmağın tərəfdarı olsam da, siyahıdakı şəxslərin sayının bu sayaq 44-ə çatdırılmasını Azərbaycanın parlaq qələbəsi ilə nəticələnən 44 günlük savaşa işarə kimi dəyərləndirməmək mümkün deyil.

Sözügedən “akt”la bağlı informasiya yayılar-yayılmaz layihənin hazırlanmasını “Azərbaycanın insan haqlarını davamlı pozmaqla ABŞ-ın səbr kasasını daşdırması” və rəsmi Bakının Rusiya ilə isti münasibətlərə malik olması ilə izah edənlər oldu. Xaricdə fəaliyyət göstərən Azərbaycandilli youtub kanalları və onların qeybət axşamlarına çıxan müxalifət nümayəndələri “bu həna o hənadan deyil” məzmunlu açıqlamalar verərək hakimiyyəti öz aləmlərində hədələdilər də. Ancaq elə mətnindən də göründüyü kimi, Azərbaycanda insan haqlarının pozulub-pozulmaması Aktın qəbul olunmasına çalışanlar üçün çox-çox sonrakı məsələdir. Mətn ötən il sentyabrında Azərbaycan ordusunun keçirdiyi anti-terror əməliyyatına qarşı cümlələrlə başlayır, “Dağlıq Qarabağ ermənilərinin ac-susuz buraxıldığı” qeyd olunur, II Qarabağ savaşına ekskurs edilir və yazılır:

“Azərbaycanın 2023-cü ildəki hücumundan sonra Dağlıq Qarabağda çoxsaylı yüksək rütbəli erməni rəsmiləri (!!!- T.Ş), o cümlədən Ruben Vardanyan, Davit Manukyan, Davit Babayan, Levon Mnatsakanyan, Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan və Davit İşxanyan Azərbaycan tərəfindən həbs edilib”.

Daha sonra xoruzun quyruğu azərbaycanlı “siyasi məhbus”larla davam etdirilir ki, bunun da gözdən pərdə asmaq cəhdi olduğunu 30 illik bağımsızlıq təcrübəsinə malik ölkəmizdə kimsəyə izah etməyə xüsusi ehtiyac yoxdur.

İşin ən önəmli cəhətlərindən biri də budur- layihənin müəllifləri qətiyyən gizlətməyə çalışmırlar ki, onların təşəbbüsü erməni maraqlarına xidmət edir. Budur, təşəbbüsün arxasındakı əsas isimlərdən olan ABŞ Nümayəndələr Palatasının Demokrat Partiyasından olan üzvü Dina Taytus mətbuata açıqlamasında deyir:

“Ermənilər Azərbaycanın əli ilə davam edən etnik təmizləmə və soyqırımla üz-üzədirlər. Buna görə də mən “Azərbaycana qarşı sanksiyalara baxış Aktı”nı təqdim etdim. Laçın dəhlizini bir il qanunsuz blokadaya alandan sonra Azərbaycan silaha əl ataraq Artsaxın 120 min ermənisinin çoxunu yeməksiz qoydu və aclıqdan öldürdü. Əliyev hökuməti beynəlxalq ictimaiyyətin geri çəkilmək və gərginliyi azaltmaq çağırışlarını rədd etdi və Artsaxdakı erməni icmasına qarşı hücuma keçdi”.

Onunla həmfikir olan konqresmen Qas Bilirakis isə belə deyir:

“Azərbaycanın Artsaxdan ermənilərə qarşı etnik təmizləmə aparması və siyasi dissidentlərə qarşı davam edən təzyiq nəticəsində yaranan siyasi və humanitar böhranı nəzərə alaraq, Maqnitski sanksiyalarının tətbiq edilib-edilməməsinin diqqətlə nəzərdən keçirilməsinə ehtiyac var”.

Əminəm ki, diqqətinizdən qaçmadı, Akt layihəsinin əsas təşəbbüskarlarından biri Demokrat, digəri Respublikaçıdır. Bu rəqib partiyaların təmsilçilərinin, necə deyərlər, bir-birinin ağzına tüpürmüş kimi danışması təəccüblü deyilmi? Məncə, deyil! Çünki həm Dina, həm də Qas ABŞ-da yunan diasporunun əsas simalarındandırlar. Açıq mənbələrdə axtarış aparanda onlar barədə maraqlı informasiyalar da üzə çıxır. Taytus “Penelopenin qızları” adlı yarıkonspirativ yunan örgütünün üzvüdür, Bilirakis isə “Müqəddəs Apostol Andreyin Ordeni”nə mənsubdur və “Arxont” titulu daşıyır.

Nə Penelopenin qızı, nə də Arxond birinci dəfə deyil ki, Azərbaycana qarşı qərəzli və hikkəli çıxışlar edir, təşəbbüslər səsləndirir. 2020-ci ildəki 44 günlük savaş zamanı və daha sonra onların hər ikisi Azərbaycana qarşı fəallıq nümayiş etdirib, zaman-zaman Türkiyə və Ərdoğan düşmənçiliyi aparıb, hətta qardaş ölkədə MHP-nin və Ülkü Ocaqlarının üzvlərini “terrorçu” sayılmasından dəm vuraraq, Dövlət Baxçalının təbirincə desək, küstahlıq ediblər. Onların Azərbaycana qarşı son küstahlğının arxasında dayanan amillərdən biri də qoca Co Baydenin “Ağ ev”ə nəzarət edə bilməməsi, müxtəlif qrupların lider boşluğundan öz maddi və siyasi mənfəətləri üçün bəhrələnməyə çalışmasıdır. Bu qruplar arasında təbii ki, erməni və yunan diaspor təşkilatları da var. Onlar ortaq hərəkət edərək ABŞ-la Türkiyənin və Azərbaycan münasibətlərini mümkün qədər zədələməyə çalışırlar. Bu baxımdan Armenianweekly.com saytında dərc olunmuş bir məqalədə yer alan aşağıdakı məlumat olduqca diqqət çəkir:

“Qanun layihəsində adı çəkilən 40-dan çox Azərbaycan məmurunun siyahısını Ədalət və İnsan Haqları uğrunda Erməni Hüquq Mərkəzi (ALC) Yerevanda yerləşən Beynəlxalq Müqayisəli Hüquq Mərkəzindəki (ICLC) tərəfdaşları ilə birgə hazırlayıb”.

QHT adı altında fəaliyət göstərən bu təşkilatlar 2021-ci ilin yanvarından bəri Azərbaycanı hərbi cinayətlərdə və insan haqlarını pozmaqda suçlamaq üçün birgə çalışırlar. ALC-nin rəhbəri zəngin iş adamı, ANCA-nın keçmiş rəhbəri Kennet Haçikyandır. Haçikyanın özünü daşnak saydığını yadda saxlayın.

Təşkilatlardan ikincisi- Yerevanda yerləşən İCLC-nin yaradıcılarından biri Taron Simonyan adlı hüquqşünasdır. Taronun bioqrafiyasında diqqətdən qaçmayacaq bir nüans var. Bir dönəm Ermənistan parlamentində təmsil olunmuş Simonyan həm də Yerevandakı Fransa universitetinin müəllimi olub.

Erməni Arovat.am saytının aprelin 28-də yaydığı xəbərə görə, “Artsax Birliyi”nin rəhbəri Artak Bəyləryan Yerevanda yerləşən Beynəlxalq Müqayisəli Hüquq Mərkəzinin nümayəndəsi Filipp Raffi Kalfayanla birgə “Artsax xalqının hüquqlarını qorumaq üçün” Cenevrə səfərinə çıxıblar. Kalfayan Parisdə yaşayır və bir müddət Fransanın paytaxtında yerləşən Beynəlxalq İnsan Haqları Federasiyasının Baş Katibi işləyib. Nikol Paşinyana qarşı kəskin fikirləri ilə tanınan (!) Filip Azərbaycan rəsmilərini ABŞ-ın sanksiyaları hədələyən Yerevandakı QHT-nin yaradıcılarındandır. O, Ermənistanda vəkillik institutunda islahatlar aparılmasına da “töhfə verib”. Taron Simonyan o illərdə Ermənistan Vəkillər Kollegiyasının icraçı direktoru işləyib.

Hazırda İCLC Siranuş Sahakyan adlı Yerevandakı Amerika Universitetinin müəllimi başçılıq edir. O, Azərbaycana qarşı həm də hazırda AUA-nın professoru olan, Ermənistanın sabiq ombudsmanı, revanşistlərin iqtidara gətirmək istədiyi Armanın öz soyadını verdiyi “Tatoyan Fondu”nun dəstəyi ilə çalışır. Siranuş Sahakyanın QHT-sinə Taron Simonyanın yaradıcılarından olduğu “Arbane” Fondu da dəstək verir. Artak Bəyləryanın BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə Raffi Kalfayanla həm də bütün bu qurumların ortaq hesabatını təqdim edib.

Sadə oxucu üçün bu xəttləri birləşdirmək bəlkə də çətindir. Ancaq əlçatan informasiyaların təhlilindən çıxan nəticə budur ki, Ermənistanda Nikol Paşinyanı devirərək keçmiş ombudsman Arman Tatoyanı iqtidara daşımaq üçün hərəkətə keçən qüvvələr var. Tatoyanın sabiq prezident Serj Sarkisyanın kadrı olduğunu və Sarkisyanın Azərbaycanın 4 kəndinin qaytarılmasına qarşı aksiyalara qatıldığını nəzərə alanda revanşist qüvvələrin onun namizədliyi üzərində uzlaşması qənaəti hasil olur. Yeri gəlmişkən, bu uzlaşma heç də yeni xəbər deyil. Azərbaycan Xankəndidə anti-terror əməliyyatları keçirməzdən öncə Ermənistanda müvəqqəti hökumət yaratmaq və Tatoyanı iqtidara gətirmək üçün- bu planda Ermənistanın sabiq Xarici İşlər Naziri Vardan Oskanyan da yer almışdı- “Milli Komitə” də qurulmuşdu. Zira, Azərbaycanın Xankəndiyə bayraq sancması, terrorçu çətə liderlərini həbs etməsi və ermənilərin Qarabağı tərk etməsi bu layihəni yarımçıq qoydu.

Məqalənin əvvəlində qeyd etdiyim kimi, mən ABŞ-ın Azərbaycanın səlahiyyətli şəxslərinə sanksiya tətbiq edəcəyinə inanmıram. Daha doğrusu, inanmaq istəmirəm. Çünki Vaşinqtonla Bakı arasında prinsipal qarşıdurmaya səbəb ola biləcək heç bir amil yoxdur. Azərbaycan ABŞ-ın nə yanında, nə də qarşısında olmadığı kimi, Rusiya ilə də məsafəsini düz müəyyən edir. “Ağ ev”in bu rasional və müstəqil Azərbaycanın milli maraqlarına xidmət edən siyasəti sıxışdırması Cənubi Qafqazı tamamilə proqnozlaşdırılmayan bir regiona çevirə bilər. Odur ki, sanksiya layihəsini erməni diasporunun ABŞ və Fransa qanadlarının kilsə ilə birləşərək və yunanları (Yunanıstanın xarici işlər naziri Yorqos Herapetritisin bu ilin əvvəllərində İrəvanda verdiyi bəyanatları nəzərə alanda həm də Afinanı) da işə qataraq Ermənistandakı revanşistlərə stimul vermək planı kimi qiymətləndirmək lazım gəlir. Mayın 1-də bu prosesə İngiltərədəki erməni diaspor təşkilatı da qoşuldu və Paşinyanın əleyhinə bəyanat verdi.

Arman Tatoyanın Paşinyanın postuna otura bilməsi üçün Azərbaycanın zəifləməsi, beynəlxalq aləmdən təcrid olması şəklində erməni cəmiyyətində ümid və rəylərin yaranması lazımdır. Lakin ermənilərin bu zənnə düşməsi də özü-özlüyündə azdır. Həm də ona görə azdır ki, ABŞ və Avropa İttifaqı rəsmi səviyyədə Azərbaycan və Ermənistan arasında sərhəd müəyyənləşdirmə prosesini alqışlayır. Deməli, revanşist planların zəminə oturması üçün ilk növbədə delimitasiya və demarkasiya prosesinin pozulması lazımdır. Amma necə? Situasiyaya Azərbaycan nəzarət etdiyindən bu o qədər də asan məsələ deyil. Odur ki, ağla gələn variant Nikol Paşinyana sui-qəsd edilməsidir. Əgər Nikol sui-qəsdlə aradan götürüləcəksə, deməli, Fransa onu qurban verməyə razılaşıb, yaxud planı elə özü qurub. Qədim yunan mifologiyasına görə, Panelopa gündüz toxuyar, axşam sökərdi... Deyəsən, Fransa da Ermənistanı gündüz səhmana salıb, axşam darmadağın etmək istəyir. Makrondan gözləmək olar.

Taleh ŞAHSUVARLI