"Başkəndlə bağlı Ermənistan əgər hər hansı bir məsələ qaldırarsa..." -Mübariz Göyüşlü

“Azərbaycanın Qazaxın dörd kəndinin də qaytarılmasından sonra əsas prioritet məsələlərdən biri kimi bizim qarşımızda duran məqam Qazaxın digər üç anklav olan kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılması ilə bağlı məsələdir. Bilirik ki, Ermənistan tərəfi əldə olunan məlumatlara görə, Gədəbəyin Başkənd ərazisi ilə bağlı məsələ qaldırmaq istəyir. Bu həmçinin də təxribatdır və gərginlik yaradıb, danışıqları pozmaq istəyir. Azərbaycanın tələblərinin qarşısını almağa cəhd göstərir. Düşünürəm ki, Başkənd heç bir halda ermənilərə verilə bilməz, verilməməsi məsləhətdir. Təbii ki, aidiyyəti qurumlar bunu müzakirə edəcək. Ancaq mənim şəxsi fikrim budur ki, Başkənd qədim Azərbaycan torpağıdır və verilə bilməz. Başkəndlə bağlı Ermənistan əgər hər hansı bir məsələ qaldırarsa, bunu həll etməyimiz üçün təbii ki, sərhədlərin delimitasiyası və demarkasiyası sərhədləri müəyyənləşdirmək lazımdır. Başqa bir məqam kimi Ermənistan 1991-ci il Almatı bəyannaməsinə istinad etməyə cəhd göstərir. Biz düşünürəm ki, bu məsələyə getməyə bilərik. Çünki bu hardasa erməni tərəfinin haqsızlığıdır və bizim tarixi torpaqlarımızda ermənilər gəlib yerləşiblər”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Siyasi şərhçi qeyd edib ki, biz bütün bu məsələlərlə paralel Zəngəzur dəhlizinin açılması məsələsini gündəmdə saxlayırıq və bu bizim üçün önəmlidir.

“Baxmayaraq ki, İran ərazisindən keçərək Naxçıvana gedən Araz yolu deyilən bir ərazi var. Ermənistandan keçərək qədim Qərbi Azərbaycan torpağından keçən Naxçıvana getməyimiz üçün Zəngəzur dəhlizi bu mənada məhz bizim üçün prioritet təşkil edir. Ermənistan Zəngəzur dəhlizini açmalıdır. Ermənistan bu barədə öz üzərinə öhdəlik götürübdür və sülh kəsişməsi deyilən bir layihə icra etmək niyyətindədirlər. Ancaq Zəngəzur dəhlizini açmaq istəmirlər. Ona görə də bu məsələ bizim üçün əsasdır. Belə deyək ki, biz güc tətbiq etməkləmi və yaxud da güclə çəkindirmə yolu ilə Ermənistanı buna məcbur etməliyik. İranın məsələyə necə yanaşması isə bizim üçün əsas deyil. Zəngəzur dəhlizinin açılması İran üçün də hər hansı bir problem yaratmır. Biz bu məsələdə təkid edirik və bu məsələyə də nail olacağıq. Daha sonrakı prioritetlərimizin içərisində təbii ki, Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtması məsələsidir. Bu gedişatı da, məsələni də düşünürük ki, həll edəcəyik”.

Rəfiqə NAMAZƏLİYEVA