"Başımı aşağı salıb işimi görürəm" "Başımı aşağı salıb işimi görürəm"

“Direktorlar teatra obyekt kimi baxıblar” - Ramiz Novruz

"Başımı aşağı salıb işimi görürəm"


Xalq artisti Ramiz Novruzun Publika.az müsahibə verib. AzNews.az həmin müsahibənini xırda ixtisarla təqdim edir:

- Ramiz müəllim, yaradıcılığınızda hansı yeniliklər var?
- Akademik Milli Dram teatrının aktyoru kimi mənə etimad göstərildi və Eduardo de Filipponun "Silindr" əsərini tərcümə edib, tamaşaya qoydum. Etimad üçün rəhbərliyə təşəkkürümü bildirirəm.

- Amma rejissor kimi bu, ilk işiniz deyil. "Hələ sevirəm deməmişdilər" tamaşanız da var idi...
- Yox, onu yazmışdım, bu isə sırf tərcümədir. Həmin tamaşaya Bəhram Osmanov quruluş vermişdi. Elə ona görə ürəklənib mənə həvalə etdilər, həm tərcüməni, həm də quruluşu öz üzərimə götürdüm. Bu yaxınlarda "Nadir şah" tamaşasını hazırladıq və orada Nadir şah obrazını oynayıram. Yanvarın 22-də tamaşanın premyerası olacaq. Həmçinin teatrın bədii şurasına seçildim. Bu da mənim üçün bir yenilikdir.


- Bəzi aktyorlar düşünürlər ki, aktyor aktyorluğunu etməlidir. Çünki rejissorluq çox qəliz məsələdir. Siz isə bu cür ağır yükün altına girmisiniz.
-Təbii ki, rejissorluq qəliz məsələdir və bununla yanaşı bir elmdir. Amma aktyor müəyyən yaşa çatır, özündə o gücü, təcrübəni hiss edəndə tamaşa qoymaq istəyir. Yəni, mütləq deyil ki, rejissorluq diplomun olsun. Elələri də var ki, onlarda bu alınmır. Əgər alınmırsa, artıq, dayanmağı bacarmalısan.

- Yəni 35 yaşlı aktyorun təcrübəsi tamaşa qoymağa kifayət etməz...
- Yəqin ki, kifayət etməz. Ümumiyyətlə, rejissor 45 yaşdan sonra kamilləşir. Hətta rejissorluğu qurtarmış olsa belə. O vaxta qədər isə kamilləşmə dövrü gedir. Ən böyük, dahi rejissorlarımız, o cümlədən Mehdi Məmmədov ən gözəl tamaşalarını 45 yaşdan sonra qoyublar.

- O zaman sabah sizi bir film, yaxud serial çəkən görsək, təəccüblənməyək?
- Yox, serial və film də ayrı elmdir.

- Amma film və serial sahəsində də təcrübəniz var.
- Təbii ki, həm teatrda, həm serialda təcrübəm var. Amma bunlar hamısı çətin işlərdir. Məsələn, arzum var ki, "Hələ sevirəm deməmişdilər"in ssenarisini hazırlayım.

- Bəs narahat deyilsiniz ki, sonra dramaturqlar sizi qınayarlar?
- (gülür) Məni artıq dramaturq kimi də qəbul ediblər. Çünki üç pyesim olub. Rejissor kimi də kollektiv, o cümlədən peşəkarlar qəbul etdilər. Amma həqiqi, diplomlu rejissor olsam da, danışanlar danışacaq. Təki yaxşı alınsın. Belə bir deyim var. Deyir ki, bütün janrlar yaxşıdır, darıxdırıcı janrdan başqa. Təki özün öz zənnini aldatmayasan.

- Bu yaxınlarda teatrda Nicat Kazımovla bağlı söz-söhbətlər oldu. Əslində nə baş vermişdi?
- O barədə mən də eşitdim. Onun fikirlərini teatrda ayrı cür yozdular. Mən sonra Nicatın müsahibəsini oxudum. Çünki elə şeylərə inanan deyiləm. Oxudum və gördüm ki, Nicat ""Azdrama"da kişi yoxdur" deməyib. Kimsə onun dalınca danışıb, Nicat da cavab verib. Bunun əsla teatra dəxli yoxdur. Sadəcə, bəzi maraqlı adamlar bunu belə yozdular ki, guya teatrın ünvanına deyib. Nicat o əxlaqın yiyəsi deyil ki, onları dediyi ifadələri işlətsin.

- Sizcə, teatrda baş rejissora ehtiyac varmı?
- Olmalıdır, amma yolu olan baş rejissordan söhbət gedir. Məsələn, Tofiq Kazımovu niyə baş rejissor seçdilər? Ona görə seçdilər ki, bu adam özü ilə teatra yeni nəfəs gətirdi. 60-cı illərin monumental teatr anlamını qırıb, yeni yol gətirə bildi.

- Akademik Milli Dram Teatrında baş rejissora ehtiyac varmı? Yəni o zərurəti hiss edirsinizmi?
- Bu dəqiqə "Azdrama"da axtarışlar, islahatlar gedir. Ciddi deyirəm. Bizdə studiya açılıb. Gələcəkdə orada müəyyən gənclər teatra cəlb olunacaqlar. Azərbaycanın bütün teatrlarında olan gənc, yaşlı rejissorların hər birinə şans verilib və verilir də.

- Biz niyə hər dəfə yeni gələn rəhbəri tərifləyirik, gedəndən sonra da deyirik ki, iş görmürdü?
- Şəxsən məndə elə olmayıb ki, hər gələni tərifləyim. İsrafil İsrafilov sənətşünaslıq elmləri doktorudur, teatr elmini bilən adamdır. Digərləri isə əvvəllər ya idarəçilikdə zəif olublar, ya digər məsələlərdə. Adlarını çəkmək istəmirəm. Amma bu vaxta kimi bir çox direktorlarımız teatra yalnız obyekt kimi baxıblar. Yəni tikinti olan yerdə toz da olmalıdır.

- Bir suala "Azdrama"nın aktyoru kimi deyil, peşəkar bir teatr adamı kimi cavablandırmağınızı istəyirəm. sizcə, Əli Nur, Nurəddin Mehdixanlı, Elxan Quliyev haqlıdır, yoxsa rəhbərlik? Yoxsa sizin kimi neytrallığını qoruyanlar?
- Yox, mən neytrallığı da qorumuram, onların fikirlərinin çoxu ilə razı da deyiləm və onlara qoşulmuram. Nə istədiklərini bilmirəm və özləri də konkret demirlər.

- Adını sadaladığım aktyorlarla tay-tuşsunuz. Bu barədə onlarla bir həmkar söhbətiniz olubmu, maraqlanmısınızmı, nədən narazılıq edirlər?
- Söhbətlərimiz olub və bəzi şeylər mənə çatmayıb. Mən axtarışların, yeniliklərin tərəfdarıyam və bunlara normal baxıram. Dəqiq bilmirəm, axı nə istəyirlər. Filan tamaşa repertuardan niyə çıxarılıb, filan aktyor niyə işdən çıxıb...

- Bəzi aktyorlar isə deyirlər ki, cavan rejissor dəvət etmə, eksperiment aparma...
- Niyə dəvət etməsinlər? Baş rejissor təyin olunanda Tofiq Kazımovun 28, Ədil İsgəndərovun 27 yaşı vardı. Bunlar gənc rejissorlardan niyə qorxurlar axı? Axtarış ona görədir ki, bəlkə, on gəncin içərisindən bir yaxşısı çıxdı.

- Əməkdar artist Əli Nur deyir ki, Nicat Kazımov mənə nə öyrədə bilər axı? Yəni onu rejissor kimi qəbul etmir.
- Nicat qədər təcrübəsi olan rejissorlar Əli Nura heç nə öyrətməli deyillər. Əli Nur indiyə kimi nə öyrənibsə, öyrənib. Bundan sonra nə öyrənəcək? (gülür) Sən peşəkar aktyorsan. Səni niyə öyrətməlidirlər? Əksinə, sən peşəkar aktyor olaraq ona kömək etməlisən.

- Əvvəllər hər 5-10 ildən bir istedadı ilə rezonans yaradacaq aktyor meydana çıxırdı. Məsələn, 90-cı illərdə Elşən Rüstəmov, sonralar Anar Heybətov "meydana çıxdı". Amma fikir verirsinizsə, son 5-10 ildə belə istedadlar gözə dəymir.
- İstedadlar var, teatrın mətbəxində olsanız, görəcəksiniz. Məsələn, Hikmət Rəhimov istedadlı, hərtərəfli bacarığı, plastikası, boy-buxunu olan aktyordur. Ramin Şıxəliyev var. Rövşən Kərimduxtu da bu siyahıya əlavə edə bilərik.

- Rövşən Kərimduxtun istedadlı olması şübhəsizdir, amma artıq onun 46 yaşı var.
- Amma Rövşən teatrda olan gündən deyirlər ki, istedadlı gənclər yoxdur. Sərdar Rüstəmov da istedadlıdır. Studiyaya maraqlı uşaqlar gəlirlər. Artıq ümidverici 3-4 nəfər var.

- Amma, məncə, yenə də o qıtlıq hiss olunur.
- Bu, artıq teatrın problemi deyil. Azərbaycanda aktyorluq çörəksiz peşələr siyahısında olduğuna görə çox valideynlər övladlarını bilərəkdən qoymurlar. Türkiyədə 50 yerə 50 min nəfər sənəd verir və seçim imkanı da genişdir. Amma burada 15 yerə 13 nəfər sənəd verir. Məcbur olub ikisini də kənardan salırsan.



- Və son olaraq: bu il 60 yaşınız tamam olur. Yubileyiniz hansı formada qeyd olunacaq? Teatrda hər hansı tədbir nəzərdə tutulubmu?
- O barədə fikirləşməmişəm. Başımı aşağı salıb işimi görürəm. Xəbərim olmayıb ki, nə vaxt əməkdar artist oldum, nə vaxt xalq artisti. Bir də eşitmişəm ki, fəxri ad veriblər. İnsan başını aşağı salıb, işini vicdanla görürsənsə, gec-tez bəhrəsi olur. Heç nə üçün mübarizə aparmaq lazım deyil.