Aktyor Halit Ərgənçin həyat yoldaşı, aktrisa Bərgüzar Korel “Marie Claire” jurnalı üçün fotokameralar önünə keçib. Aktyor Halit Ərgənçin həyat yoldaşı, aktrisa Bərgüzar Korel “Marie Claire” jurnalı üçün fotokameralar önünə keçib.

“30 yaşımdan sonra özümü daha gözəl hiss edirəm”

Aktyor Halit Ərgənçin həyat yoldaşı, aktrisa Bərgüzar Korel “Marie Claire” jurnalı üçün fotokameralar önünə keçib.


AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa dərgiyə müsahibəsində yaradıcılığından və şəxsi həyatından danışıb. O, çəkildiyi "Karadayı" serialının bitməsindən sonra yeni bir layihədə hələ ki, yer almaq istəmədiyini deyib:

"Üç ildir bu serialda rol almışam. Artıq yaydır, 1-2 ay boş olsam da, hər hansı yeni layihə haqda fikirləşmirəm. İl ərzində Halit də, mən də o qədər çox işləyirik ki, bu, oğlumuz Əliyə də təsir edir. İşləyərkən belə uşağıma olan qayğımı əsirgəməsəm də, artıq onunla daha çox vaxt keçirmək istəyirəm. Uzun müddət dincəlmək niyyətindəyəm. Fiziki yorğunluqla yanaşı, zehni yorğunluğum da var. Yaddaşım güclü olsa da, son zamanlar görürəm ki, ssenarini əzbərləməkdə çətinlik çəkirəm".

Bərgüzar həyat yoldaşı ilə eyni peşənin sahibi olmalarının üstünlüklərindən bəhs edib:

"Bir-birimizi başa düşə bilirik. Qarşılıqlı şəkildə işlərimizi nizamlayırıq. Məsələn, bu il Halit az işlədi, Əli ilə daha çox vaxt keçirdi. Növbəti ildə övladımızla vaxt keçirmək mənim öhdəmə düşür".

Aktrisa ailə qurduqdan sonra həyatında heç nəyin dəyişmədiyini bildirib:

"Mən ərə getməzdən əvvəl də nizamlı həyat tərzi sürürdüm. Ətrafımdakı insanlara qarşı məsuliyyətimi dərk edirdim. Ailə qurandan sonra isə, əksinə həyatım daha da yüngülləşdi. Artıq problemləri təkbaşıma yox, iki nəfər kimi həll edirik. Ümumiyyətlə, 30 yaşımdan sonra özümü daha gözəl və daha xoşbəxt hiss edirəm. Artıq nə istədiyimi bilirəm".

B.Korel ev işlərində bacarıqlı olduğunu deyib:

"Sağlam qidalanmağa üstünlük veririk. Market əvəzinə, bazardan alış-veriş edirik. Çəkiliş meydançasına belə evdə bişirdiyim yeməyi aparıram".