Xalid KAZIMLI Xalid KAZIMLI

Gömrükçü də casus tutursa...

Xalid KAZIMLI


Bir ölkə haqqında ilk əyani təəssürat onun sərhədində yaranır. Uzaq, yaxın ölkələrdən gələn, indiyədək o ölkə haqqında yalnız ağızdan-ağıza eşidən, internet resurslarında məlumat toplayan turist və ya işgüzar şəxs sərhəddə üzləşdiyi ilk rəftardan hansı tipli ölkəyə gəldiyini təxmin edir.

Azərbaycanın sərhəd qapıları və orada çalışanların mədəni səviyyəsi öyünüləcək halda deyil. Bu, çoxdan məlumdur. Ölkə mediası bu xüsusda çox yazıb. Artıq sərhədçi-gömrükçülərimizin "şöhrəti" çox-çox uzaqlara yayılmaqdadır.

Rusiyalı bloggerin Azərbaycan-Gürcüstan sərhədinin "Sınıq körpü" keçid məntəqəsində başına gələnlər bizim üçün yeni bir xəbər deyil. 7 saatlıq yoxlama nədir ki... Burada yarım sutka ləngiyənlər olub. Son aylarda yüzminlərlə Azərbaycan vətəndaşı o məntəqədən keçib və hər şeyi yerli-yataqlı bilir.

Bu sərhəd-keçid məntəqəsindəki durum, baş verən özbaşınalıqlar, sərhəd keçən insanların əsassız yerə incidilməsi və sair neqativ hallar barədə mediada o qədər çox yazılıb ki, artıq yazanlar usanıblar, amma bir tədbir görən yoxdur.

Bütün şikayətlər, siqnallar sanki kar qayaya deyilir, əks-sədası gəlmir. Elə bil, bu cür də olmalıdır.

Əsl sərhədçi-gömrükçülərin necə olmasına dair beş addım o tərəfdə işləyən gürcülərin işi nümunə göstərilir, müqayisə aparılır, fəqət xeyri yoxdur, bizimkilər heç vəchlə gürcülər kimi işləmək istəmirlər. Qabalıq, ədabazlıq, səlahiyyətdən sui-istifadə halları davam edir.

Rusiyalı bloqqerin açıqlamasında bir ifadə diqqəti cəlb edir: "Sanki burada hamı rəisdir".

Gerçəkdən də elədir. Sərhəd-keçid məntəqəsinin əksər əməkdaşları özlərini hər şeyə qadir rəislər kimi aparırlar, sanki bunlar heç kəsə tabe deyillər, iradələrinin üstündə başqa bir iradə yoxdur və istəsələr istənilən adamı sərhədin içəri və ya dışarı buraxmaya bilərlər.

Bu məntəqə artıq illərdir ki, ölkəmizin üzqarasıdır.

Bir ara Binə aeroportunda da beləydi. Hətta bu məsələ eks-prezident Heydər Əliyevin yanında keçirilən müşavirədə də müzakirə mövzusu oldu. Heç demə, ölkəyə gələnlərin hamısına potensial dollar qaynağı kimi baxan sərhədçi-gömrükçülər bir məşhur yaponiyalı biznesmendən rüşvət tələb ediblər. Həmin şəxsi ölkəmizin iqtisadiyyatına investisiya qoyması üçün Azərbaycana Heydər Əliyev şəxsən özü, bir müddət əvvəl Davos forumunda olarkən dəvət edibmiş. O da ölkədə üzləşdiyi bu anormal rəftar barədə Əliyevlə görüşündə bəhs edib və görüşdən çıxandan sonra Azərbaycanda hər hansı bir iş görmək fikrindən daşınaraq ölkəsinə qayıdıb. Əliyev bu hadisədən bəhs edərkən həmin adamı "yazıq yapon" adlandırmışdı. Ondan sonra aeroportdakı vəziyyət xeyli nəzarət altına alındı. Yoxsa sıravi bir sərhədçi artıq diplomatik toxunulmazlığı olan ali dərəcəli qonaqları ölkəyə buraxmamaq təşəbbüsü göstərmək üzrə idi.

Ölkəmizin digər sərhəd qapılarında vəziyyət çox da ürəkaçan deyil, ancaq "Sınıq körpü" sərhəd-keçid məntəqəsi ilə müqayisədə onlar toya getməlidir. Ən pisi "Sınıq körpü" məntəqəsidir.

Budur, daha bir "yazıq yapon" roluna rusiyalı bloqqer düşüb. Onun yazdığı şərhdən aydın olur ki, gömrükçülər adamın özüylə ölkəyə "casus avadanlıqları" keçirməsinin qarşısını almaq istəyirmişlər.

Sanki casusluq niyyəti ilə ölkəyə gələn adam həmin avadanlıqları gəlib Bakıdakı mağazalarda tapa bilməz, mütləq özüylə gətirməlidir.

Bu, gömrükçülərin işidirmi? Bundan ötrü MTN kimi qurumlar var və onlar casuslarla işləmək üzrə ixtisaslaşıblar.

Gömrükçülərin bu hərəkəti isə ölkəni İran, Türkmənistan, Şimali Koreya kimi eyzən "casuslardan şübhələnən", "casuslara qarşı ayıq-sayıq mübarizə aparan" ölkələrə döndərir. Bu ölkələrdə də hər bir fotoaparata, videokameraya casus avadanlığı kimi baxırlar.

Bu cür davranışlarla dünyada yaxşı ad qoymaq mümkün deyil. Əcnəbilərlə bu cür rəftar davam etdikcə, nə bu ölkəyə investisiya qoymağa gələn olacaq, nə də turizm məqsədi ilə səfər edən.