02:14
(077) 610-22-33

Ermənilərin təzyiq göstərdiyi özbək alimi ilə bağlı bəyanat- Tarix İnstitutundan

  • >
4 010 1 Fevral 2017 14:01 | Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu məşhur özbək tədqiqatçısı Şuxrat Salamovun əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı bəyanat yayıb.

AzNews.az xəbər verir ki, Tarix İnstitutunun bu gün keçirilən Elmi Şurasının iclasında institut direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirib ki, gündəlikdəki əsas məsələ bu günlərdə məşhur özbək tədqiqatçısı Şuxrat Salamovun (Barlas) “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalmasıdır:

“Hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və ermənilərin təzyiqi ilə Özbəkistanda Ş.Salamova qarşı kampaniya başlayıb”.

Y.Mahmudov qeyd edib ki, Ş.Salamova qarşı millətlərarası nifaqın qızışdırılması maddəsi üzrə Özbəkistan Baş Prokurorluğunda cinayət işi qaldırılıb: “Bu yolverilməzdir, çünki özbək alimi öz əsərlərində erməni faşizmi tərəfindən Azərbaycan, Şərqi Anadolu, Mərkəzi Asiya və digər bölgələrdə türk-müsəlman xalqlarına qarşı törədilmiş soyqırımlarını tədqiq etmişdir. Tarixi həqiqətləri işıqlandıran Şuxrat Salamovu millətlərarası nifaqın qızışdırılmasında günahlandırmaq faşizmə, soyqırımları törədən qüvvələrə haqq qazandırmaq, onları müdafiə etmək deməkdir”.

Toplantıda bildirilib ki, Tarix İnstitutunda dünyanın müxtəlif arxivlərindən əldə edilən çoxlu sayda sənədlər əsasında Azərbaycanın müxtəlif bölgələrində, İranda və Şərqi Anadoluda ermənilərin həyata keçirdikləri soyqırımını sübut edən kitablar çap edilib.

Sonda Tarix İnstitutunun Elmi Şurası tərəfindən yekdilliklə Şuxrat Salamovla bağlı bəyanat qəbul edilib. Bəyanatda deyilir ki, Ş.Salamov millətlərarası nifrəti qızışdırmır, çünki o, erməni etnosu ilə “erməni faşizmi” və “erməni terrorizmi” anlayışlarını bərabərləşdirmir.

Qəbul olunmuş bu bəyanatın Özbəkistan Respublikasının müvafiq dövlət və hüquq-mühafizə orqanlarına göndərilməsi qərara alınıb.

Qeyd edək ki, Şuxrat Salamov Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun fəxri doktorudur.

Bağla X