05:21
(077) 610-22-33

Kiş çayı üzərində yeni körpü tikilir

  • >
2 044 29 May 2017 11:27 | Cəmiyyət

Şəki rayonu Kiş çayı üzərində körpünün bərpası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq tikinti işləri davam etdirilir.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, yeni inşa edilən körpünün uzunluğu 88.2 metr, hərəkət hissəsi 8 metr və hər bir tərəfdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 1.5 metr enində piyada səkiləri də daxil olmaqla ümumi eni 11 metrdir.

Körpü orta dayaqsız bir aşırımlı (81 metr) inşa olunacaq və çay yatağından hündürlüyü 7 metr olacaq. Bu isə öz növbəsində gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını almış olacaq.

Körpünün kənar dayaqlarının tikintisi artıq yekunlaşıb və hazırda körpünün aşırım hissəsinin yığılması işləri aparılır. Bu işlər yekunlaşandan sonra körpünün hərəkət hissəsinin inşası işlərinə başlanılacaq.

Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilir.

Layihə çərçivəsində çayda su axının təmizlənməsi və yaşayış məntəqəsini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metr hissəsinin hündürlüyü artırılıb, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunub.

Xatırladaq ki, 2016-cı ilin iyul ayında yağan leysan nəticəsində sel suları sözügedən körpünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilmişdi. “Azəravtoyol” ASC tərəfindən əraziyə cəlb edilmiş ağır texnika və canlı qüvvə hesabına qısa müddət ərzində Kiş çayı üzərində müvəqqəti yol salınaraq gediş-gəliş bərpa olunmuşdu.

AzNews.az

Bağla X