18:40
(077) 610-22-33

Bakcell Azercell-dən 15 milyon manat uddu

  • >
309 11 Fevral 2013 09:30 | Cəmiyyət

Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti ölkənin aparıcı mobil rabitə operatoru – "Azercell Telekom" şirkətinə qarşı arabağlantı tarifi üzrə qaldırdığı iddia ilə bağlı məhkəmə işini udub.

"APA-Economics"in "Bakcell"ə istinadən verdiyi məlumata görə, 2011-ci il iyulun 26-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1189/2011 saylı iş üzrə qətnaməsi ilə iddiaçı "Bakcell" MMC-nin cavabdeh "Azercell Telekom" MMC-yə qarşı 1 avqust 2006-cı il tarixli Arabağlantı Müqaviləsinə Əlavə Razılaşmanın 3 aprel 2009-cu il tarixindən bağlanılmış hesab olunması və 15 mln. manatdan artıq həcmdə zərərin ödənilməsi barədə iddia ərizəsi təmin edilib.

"Biz məhkəmənin qərarından və haqq-ədalətin öz yerini tapmasından məmnunuq. "Azercell" öz dominant mövqeyindən istifadə edərək digər operatorları xoşagəlməz vəziyyətdə qoyub. Məhkəmə bu cür mövqeyinə görə "Azercell"i cəzalandırdı. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu məhkəmə mübahisəsinin nəticəsində istehlakçılar, yəni mobil rabitənin sadə istifadəçiləri qalib gəldi. "Bakcell" öz abunəçilərinə daha da əlverişli qiymətlərlə yüksək keyfiyyətli mobil rabitə xidmətləri göstərməyə davam edəcək", - deyə "Bakcell"in baş icraçı direktoru Riçard Şirer bildirib.

Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyul 2012-ci il tarixli, 2-1(103)-290/2012 saylı qətnaməsi ilə cavabdeh "Azercell Telekom" MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1189/2011 saylı iş üzrə qəbul etdiyi 26 iyul 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.

Nəhayət, Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 6 fevral 2013-cü il tarixli qərarı ilə cavabdeh "Azercell Telekom" MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyul 2012-ci il tarixli, 2-1(103)-290/2012 saylı qətnaməsindən verilmiş kasasiya şikayəti də təmin edilməyib.

Beləliklə, "Bakcell"in müvafiq iddiası üzrə 2 il ərzində cavabdeh "Azercell"in məhkəmə şikayətlərində göstərdiyi dəlillər qəbul olunmayıb və iddiaçı "Bakcell"in arabağlantı tarifi ilə bağlı bütün tələbləri Azərbaycanın hər bir instansiya məhkəməsi tərəfindən təmin edilib.

Qeyd edək ki, mobil operatorlar şəbəkəxarici zənglərin hər dəqiqəsinə görə bir-birinə haqq ödəyir və bu "arabağlantı tarifi" adlanır. 2009-cu ilin aprel ayında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən GSM operatorları üçün arabağlantı tarifi 0,02 AZN səviyyəsində müəyyən edilib. Bununla əlaqədar "Bakcell" şirkəti "Azercell"ə arabağlantı tarifinin azaldılması təklifi ilə müraciət edib, lakin qarşı tərəf mövcud tarifin (0,05 AZN/1 dəq.) qaneedici olduğunu bildirib.

Arabağlantı tarifinin Nazirlik tərəfindən müəyyən edilmiş səviyyədən yüksək olması "Bakcell"in öz müştəriləri üçün qiymətləri endirmək imkanlarını məhdudlaşdırmaqla yanaşı, ümumiyyətlə, mobil rabitə bazarına mənfi təsir göstərib.

RİTN tərəfindən 2009-cu ilin aprel ayında qəbul edilmiş müvafiq normativ aktdan sonra "Bakcell" arabağlantı tarifini 2 qəpik səviyyəsində tətbiq etmək üçün səy göstərib. Yeni arabağlantı tarifi istifadəçilər üçün pərakəndə tarif qiymətlərinin kəskin endirilməsinə səbəb ola bilərdi. Lakin "Azercell" bu məsələ üzrə əməkdaşlıq etməyə razı olmayıb və RİTN tərəfindən qəbul olunmuş sənədin tələbini yerinə yetirməkdən boyun qaçırıb. Beləliklə, "Azercell" son vaxtlara qədər çox yüksək pərakəndə qiymətlərini saxlayıb və yalnız bu yaxınlarda - pərakəndə tarifin endirilməsi istiqamətində bazarda "Bakcell"in təşəbbüsü ilə artan təzyiqlər nəticəsində müştərilər üçün qiymətləri endirmək məcburiyyətində qalıb.

"Azercell"in son 3 il ərzində RTİN-in müvafiq normativ aktını yerinə yetirməkdən imtina etməsi və bunun nəticəsində müştərilərə olduqca yüksək qiymətlərin tətbiq olunması ona gətirib çıxarıb ki, arabağlantı tarifinin və pərakəndə qiymətlərinin azaldılmasına nail olmaq üçün "Bakcell" məhkəmə proseduralarına müraciət etməyə məcbur olub.

Xatırladaq ki, "Bakcell" şirkəti Azərbaycanın mobil rabitə bazarında 1994-cü ildən, "Azercell Telekom" isə 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətlərin müvafiq olaraq 2,5 mln. və 4,4 mln. abunəçisi mövcuddur.

AzNews.az
Bağla X