06:29
(077) 610-22-33

“Bəzən insanlar problemləri qarışdırılar"-NAZİR

  • >
247 12 Fevral 2013 18:54 | Cəmiyyət

“Zəlzələ bölgəsində qəzalı vəziyyətə düşən evlərin çoxu təhvil verilib”

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ bölgəsində sakinlərlə görüşüb.

APA-nın məlumatına görə, görüşdən sonra jurnalistlərin suallarını cavablandıran nazir qeyd edib ki, zəlzələ bölgəsində artıq evlərin çoxu tikilib təhvil verilib:

"Bu gün Zaqatala və Balakənddə bir neçə kənddə olduq. Zəlzələ bölgəsində qəzalı vəziyyətə düşən evlərin çoxu artıq tikilib təhvil verilib. Evlərində bərpa-təmir işlərinin aparılması barədə rəy verilmiş bəzi sakinlər isə yeni evlərin tikilməsini istəyirlər. Biz də həmin evlərdən bir neçəsinə baxış keçirdik. Şahidi olduq ki, komissiyalar işlərini düzgün aparıblar və həmin evlərin tamamilə sökülməsinə gərək yoxdur. Təbii ki, biz həmin sakinləri də başa düşürük. Onlar da istəyirlər ki, yeni evlər tikilsin. Amma fakt budur ki, həmin evlər qəzalı deyil, yenidən tikilməsinə ehtiyac yoxdur. Tamamilə qəzalı vəziyyətə düşməyən, yalnız təmir-bərpa işləri aparılmalı olan evlərə də dövlət müəyyən vəsait ayırıb. Həmin vəsait evlərin sahəsinə və dəymiş ziyanın miqdarına uyğun olaraq hesablanır və sakinlərə ödənilir".

K. Heydərov qeyd edib ki, sakinlərin müraciətlərinin əksəriyyəti zəlzələdən sonra baş vermiş təkanlar nəticəsində yaranmış fəsadlarla bağlıdır:

"Müraciətlər əsasən ilk zəlzələdən sonra baş verən təkanlar nəticəsində yaranan fəsadlarla bağlıdır. Bu müraciətlər də təbiidir. Çünki elə hallar ola bilər ki, birinci zəlzələdə evlər uçmayıb, sonrakı təkanlarda, habelə qar və yağışın təsirindən həmin evlər qəzalı vəziyyətə düşüb. Həmin müraciətlər əsasında artıq komissiyalar 2-3 dəfə təkrar baxış keçirib. Bu gün də biz həmin müraciətləri nəzərdən keçirmişik. Qərar vermişik ki, komissiyaların sayı artırılsın və onlar sonuncu müraciətlərə əsasən bir daha baxışlar keçirsinlər".

K. Heydərov həmçinin bildirib ki, bəzi sakinlər zəlzələ nəticəsində yaranmış fəsadlarla evlərinin problemlərini qarışdırırlar:

"Bu gün keçirilən görüşlərdə də sakinlərə bu məsələlər izah edildi, onlar da bunu qəbul elədilər. Bəzən insanlar problemləri qarışdırılar. Fövqəladə Hallar Nazirliyinin gördüyü işlər zəlzələdən zərərçəkmiş əhalinin evlərindəki problemləri aradan qaldırmaqdan ibarətdir. Lakin elə evlər və obyektlər var ki, onlar zəlzələ nəticəsində qəzalı vəziyyətə düşməyib. Həmin evlərin və obyektlərin bərpası zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı sərəncamda nəzərdə tutulmayıb. Şəhid ailələri, əlillər və digər güzəştli təbəqədən olan insanlar üçün fərdi yaşayış evlərinin tikilməsi ilə bağlı ölkə başçısının başqa sərəncamları var. Bir daha qeyd edirəm ki, bizim bu gün bölgədə gördüyümüz işlər sırf ötən ilin may ayında baş verən zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlıdır".

K. Heydərov qeyd edib ki, zəlzələ bölgəsində qəzalı vəziyyətə düşən evlərin çoxu artıq təhvil verilib:

"Sonuncu dəfə Gürcüstanda baş vermiş zəlzələnin təkanları nəticəsində Balakəndə qəzalı vəziyyətə düşmüş tikililər istisna olmaqla, əvvəlki zəlzələlər zamanı bölgədə qəzalı vəziyyətə düşən bütün evlər tikilib təhvil verilib. İndi komissiyalar ilk zəlzələdən sonrakı təkanlar nəticəsində yaranmış vəziyyəti bir daha araşdırıb dəyərləndirəcəklər".

Nazir qeyd edib ki, Gürcüstanda baş vermiş zəlzələnin təkanları nəticəsində Balakəndə qəzalı vəziyyətə düşmüş evlərin tikintisi üçün vəsait ayrılıb və tezliklə həmin evlərin inşasına başlanılacaq: "Həmin evlərin tikintisini də əvvəl burda iş aparan şirkətlər həyata keçirəcək".
Bağla X