05:56
(077) 610-22-33

Xalq Şairi Qabilin anadan olmasından 91 il ötür

  • >
1 339 12 Avqust 09:54 | Cəmiyyət

Avqustun 12-si çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olan Xalq Şairi Qabilin doğum günüdür.

Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil alıb. O, 1954-1956-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxuyub.

Əmək fəaliyyətinə 1949-1951-ci illərdə Yardımlı rayonunda və Bakı şəhərində orta məktəb müəllimi, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda laborant kimi başlayan Qabil 1951-1953-cü illərdə “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, 1954-cü ildə “Kommunist” qəzetinin redaksiyasında tərcüməçi-redaktor, 1957-1958-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, 1975-1979-cu illərdə “Azərbaycan” jurnalının redaksiyasında ədəbi işçi və baş redaktorun müavini vəzifələrində çalışıb.

Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm rol oynayıb. “Gəl, baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan Qabilin 1950-ci ildə “Səhər açılır” adlı kitabı işıq üzü görüb. Onun “Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

Qabil həmişə sevilə-sevilə oxunan, əzbərlənən “Səhv düşəndə yerimiz”, “Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir - məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi qeyri-adı şeirləri və “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanıb.

Qabilin yaradıcılığı müasir Azərbaycan ədəbiyyatını zənginləşdirməklə onun parlaq səhifələrindən birini təşkil edir. Fəal həyat mövqeyi və hadisələrə obyektiv münasibəti ilə seçilən şair ana dilimizin bədii imkanlarından məharətlə istifadə edərək, poeziyanın mövzu baxımından rəngarəng nümunələrini yaradıb. Şairin milli ədəbi irsimizin ənənələrindən qaynaqlanan və müasir ədəbi prosesləri əks etdirən, lirizmi və humanizmi ilə səciyyələnən şeirləri Azərbaycan oxucusu tərəfindən rəğbətlə qarşılanıb. Onun poetik təfəkkürünün məhsulu olan və ədəbiyyatımızın müxtəlif janrlarını əhatə edən lirikası dilinin axıcılığı, rəvanlığı və milli koloriti ilə seçilir. Şairin əsərləri bir çox xalqların dillərinə tərcümə olunaraq, ölkəmizin hüdudlarından kənarda maraqla qarşılanıb.

Qabilin yaradıcılıq yolu şəxsiyyəti ilə həmahəng olub. Səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.

Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə xalqına vicdanla xidmət edib.

Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəlib.

Uzun illər Azərbaycan Yazıçılar Birliyində ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Görkəmli şair bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.

Xalq Şairi Qabil 2007-ci il aprelin 4-də vəfat edib.

AzNews.az

Bağla X