04:14
(077) 610-22-33

Şaqqıldaqlı elm

  • >
273 19 Fevral 2013 13:05 | Cəmiyyət



Əziz Rzazadə

Fars dilində alimə "dana" deyirlər. Bilməyənlər üçün deyim, vurğu ilk "a" hərfinin üzərinə düşür. Yəni tələffüzdə belə olmalıdır – da`na.

Azərbaycan dilində də bu söz var. Tam başqa mənada. Vurğu da sona düşür – dana`.

Bu söhbəti niyə saldım? Ona görə ki beş-on gün əvvəl Milli Məclisdə Elmlər Akademiyasının və ümumiyyətlə Azərbaycan elminin durumu barədə söz açıldı. İndi, beş-on gün sonra bu mövzunu yada salmanın lap yeridir. Çünki Azərbaycan elmi istər hərfi, istərsə də məcazi mənada başsızdır – Elmlər Akademiyası prezidentsizdir, Akademiya da elmsiz.

O vaxt, yəni beş-on gün əvvəl Azərbaycan elminin bərbad durumu haqda ən çox danışan, daha doğrusu, ittihamlayan tərəf Siyavuş Novruzov idi. Və özü-özlüyündə Siyavuş Novruzov haqlıydı: Azərbaycan elmi səmərəsiz sahədir. Amma bunu deyənin özündən də soruşmaq gərək ki, elmi dərəcəsi olan Milli Məclis üzvü Azərbaycan elminə hansı töhfəni verib?

Müşkül bilirsizmi nədədir? Elm gerçək həyatdan ayrı düşüb. Yəni tətbiqi elm yox dərəcəsindədir. Halbuki ildən ilə elmi dərəcə alanların sayı durmadan artır. O cümlədən Milli Məclis üzvləri arasında demək olar ki, elə bir adam yoxdur, elmi dərəcəyə malik olmasın. Bir sözlə, hamı alimdir, amma ortada elm görünmür.

Kor gözlə də görünür ki, humanitar sahə ilə dəqiq elmlər arasında tarazlıq pozulub. Daha doğrusu, tarazlıq heç olmamalıdır da. İkinci birincini çox-çox üstələməlidir. Yəni dəqiq elmlər bir yox, beş baş irəlidə getməlidir. Amma elə birincinin, yəni humanitar sahənin də müəyyən bölmələri öndə olmalıdır. Məsələn, dostum Şahbaz Xuduoğlu deyir ki, Azərbaycan dili naqisdir. Çünki lüğətdəki sözlərin sayı azdır. İradla qəti razı deyiləm. Amma bunu da bilmək mənim üçün maraqlıdır: dağ boyda Dilçilik İnstitutu ola-ola niyə dilə yeni sözlər, istilahlar niyə gəlmir?

Yəqin, reklamlarda eşitmiş olarsınız: yolsuzluq maşını. O ifadəni Azərbaycana mən gətirmişəm. Halbuki onu mən yox, Dilçilik İnstitutunda maaş alanlar fikirləşməli idi. Onun kimi hələ neçə-neçə müasir istilahlar var. Özünüz baxın, görün Azərbaycanda çağın tələblərinə uyğun texniki lüğət var? "Yolsuzluq maşını" hələ işin bir parçasıdır. İndi bütün şəraitlərdə hərəkət edən avtomobillər var. Dilçilik İnstitutunun əməkdaşları zəhmət çəkməsin, ona da qarşılıq tapmışam – basar-keçər...

Deyək ki, humanitar sahə bu gündədir. Bəs dəqiq elmlər? Heç baş sındırmayın, dəqiq elmlər sahəsində durum bundan da betərdir. Yüzlərlə məqalə, elmi iş-filan... ortadasa yırtıq qazan. Hansı kəşfdən, hansı ixtiradan danışasan? Varsa, biz görmürüksə, bunu dünya niyə demir? Məsələn, bildiyim qədər, Elmlər Akademiyasının dörd kimya institutu var. Amma bu dörd institutun bir yerdə gördüyü işin faydalı iş əmsalı nə qədərdir?

...Bir kimyaçı tanışım var. Deyir ki, elmi kəşfimi dünya tanımır. Soruşuram ki, niyə? Deyir ki, kəşfimi təsdiqləyən avadanlıq köhnədir. Buna görə də dünya onu qəbul eləmir və elə bu səbəbdən məqaləm impakt jurnalda dərc olunmur.

Tanışım özü də etiraf edir ki, beynəlxalq impakt jurnallara irad tutmaqda haqsızdır. Üstəlik, impakt jurnalın özü məqalənin dərci üçün az pul tələb etmir. Pulusa verən yoxdur. Özünün də cibində siçanlar oynayır.

"Bax belə, geriliyimiz böyükdür, – kimyaçı tanışım deyir. – Bütün dünya ən azı kalkulyatorda hesablama apararkən biz hələ də, necə deyərlər, çötkədən istifadə edirik. Çötkə yadındadır? Köhnə zamanlarda mühasiblər onsuz keçinə bilmirdi. Əllərinə ucları rezin qaytanlı xüsusi qara qoluq keçirərdilər və dördkünc alətdəki diyircəkləri şaqqıldadardılar. Şaqq – yüz, şaqq – iyirmi, şaqq – beş... manat, şaqq – otuz, şaqq – üç... qəpik".

Lap Azərbaycan elmi kimi... şaqq-şaqq, şaqqıldaq... yəni adı olan, özü olmayan elm.
Bağla X