16:55
(077) 610-22-33

Eldar Sabiroğlu: “Bir gün gələcək, hamısını silib - süpürəcəyik”

  • >
403 27 Fevral 2013 17:39 | Cəmiyyət

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu jurnalistlərin suallarını cavablandırıb

- Xocalı aeroportunun istifadəsi məsələsi hələ də gündəmdən düşmür…

- Xocalı aeroportu ilə bağlı Müdafiə Nazirliyi öz münasibətini bildirib. Dövlətin digər strukturları da ardıcıl olaraq bununla bağlı öz mövqelərini bəyan ediblər. Əgər Ermənistan öz hərəkətlərində düzəliş etməsə Azərbaycan da öz mövqeyində qalacaq. Bu qeyri-qanuni usulla Ermənistan regionda vəziyyəti olduqca kəskinləşdirə bilər. Ona görə də yaxşı olar ki, onlar bu iddiadan əl çəksinlər. Dağlıq Qarabağ probleminin sülh danışıqları ilə həllinə böyük maneə törətmiş olacaqlar. Bunu nəzərə almaq lazımdır. Ermənistan bu zorakı mövqeyindən əl çəkməli, Çikaqo Konvensiyasına uyğun olaraq tələblərinə əməl olunmalıdır. Hansısa bir ölkə, digər ölkənin sərhədlərini, torpaq hüdudlarını icazəsiz keçə bilməz. İcazəsiz keçdiyi halda da tədbir görüləcək. Beynəlxalq təşkilatlar da digər ölkələrin parlament üzvləri də bu məsələyə özlərinin mənfi münasibətlərini bildirirlər.

- Bu günlərdə NATO rəsmiləri ilə aparılan danışıqların detalları barədə nə deyə bilərsiniz? Ermənistan tərəfi iddia edir ki, Azərbaycan tərəfi danışıqların dayandırılmasını istəyir...

- Mənim nazirlər arasında gedən söhbətlərdən təfsilatı ilə məlumatım yoxdur. Ona görə də hər hansı şərh vermək istəməzdim. Atəşkəsin pozulmasına gəldikdə Ermənistan bütün təmas xətti boyu atəşkəsi pozur. Azərbaycanın silahlı qüvvələri də öz layiqli cavabını verir. Çox təəssüf ki, atəşkəs rejiminə riayət olunmaması nəticəsində hər iki tərəfdən itkilər də, yaralılar da olur. Bütün bu hadisələrin baş verməməsinin əsas səbəbi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməməsidir. 20 ildir torpaqları işal ediblər və hələ də təcavüzdə saxlamaqdadırlar. Bir gün gələcək hamısını silib-süpürəcəyik. Ermənistan çox da iftixar etməsin ki, bu torpaqları təklikdə işğal edib, onun havadarları maksimum dərəcədə ona kömək ediblər.

- Azərbaycan torpaqlarını müharibə ilə azad etmək fikrinə düşərsə Ermənistanın havadarları onlara bu məsələdə yardımçı olacaqları ilə bağlı hədə mesaji verirlər…

- Bilmirəm, kimlər Azərbaycanı hədələyir. Amma Azərbaycanın silahlı qüvvələri, dövlətin, millətin təhlükəsizliyini qorumaq üçün kifayət qədər imkanlara malikdir.

- Silahlı Qüvvələrin yaranmasının 95 illiyi ilə bağlı nələr planlaşdırılır?

- Bununla bağlı çoxlu işlər olacaq. Bununla bağlı əvvəlcədən məlumatlar da veriləcək.

- İldönümlə bağlı qoşunların təmas xəttində genişmiqyaslı hərbi təlimlərin keçirilməsi necə, gözlənilirmi?

- Hərbi təlimlər vaxtaşırı olaraq planlaşdırılmış şəkildə keçirilir.

Gültəkin
AzNews.az


Bağla X