08:37
(077) 610-22-33

Villalar şəhərciyində 1 qəpik axtaranlar – REPORTAJ

  • >
806 3 Mart 2013 08:55 | Cəmiyyət

Zəngin adamların zəbt etdiyi Buzovna



"Divarlar arxasındakı Bakı"da yolumuz bu dəfə Buzovna qəsəbəsinədir. Qəsəbəyə bundan əvvəlki gəlişimizdən ötən müddət ərzində bu qədər dəyişikliyə heç biz də ümid etmirdik. Amma hər şey göz önündədir - binalar yenidən qurulub, yollar asfaltlanıb, əhalinin kommunal xidmətlər sarıdan problemləri həll edilib, yeni parklar salınıb, işıqlandırma sistemi yaradılıb. Bir sözlə bahalı divarların arxasındakı yaşayışın elə həmin divarlarla uyğunluq təşkil etməsi üçün xeyli iş görülüb. Sakinlər razılıq edir, amma əlbəttə bu, o demək deyil ki, bütün problemlər həll edilib və yaxud divarlar mövcud problemləri ört-basdır etməyə kifayətdir.

Sakinlərin səki dərsi

Sakinlərlə söhbətdə ilk növbədə səkilərdən şikayətlənirlər.
İlk baxışdan niyə məhz "səki" deyə düşünənlərə sakinlərin dili ilə cavab versək, məlum olar ki, səkilər piyadaların hərəkətini asanlaşdırmaq əvəzinə daha da çətinləşdirir. Səbəbi isə tez-tez aparılan söküntü işləridir. Qəsəbənin sakinləri deyir ki, divarlar çəkiləndən bəri səkidə normal hərəkət etmələri mümkün olmayıb: "Az qalırlar həftədə bir dəfə söküb yenidən daş düzsünlər. Olmaz ki, işi elə görsünlər heç olmasa bir il qalsın? Bu gün getdiyin yerdən sabah keçə bilmirsən ki, söküblər, yenidən daş düzəcəklər".

Binaların eyni rənglənməsi dəbi Buzovnaya da çatıb. Xüsusilə yol kənarındakı binalar eyni rənglərlə, amma insafən, bir çox rayonlardan fərli olaraq daha zövqlə rənglənib. Yaşayış binalarındakı dəyişiklik təkcə bu deyil. Binalardakı mənzillərin pəncərələri də "rənglənib", bəzi "ağzıgöyçəklər" deyir ki, yol tərəfdəki şüşələr nəinki içərini, heç çölü də göstərmir. Amma bu sözün sahiblərini dediklərinə həmin binaların sakinləri "yox" cavabı verirlər.

"Bala villa"ların böyük sahibləri

Buzovnada çox sayda villalarla yanaşı "bala villa"lar da görmək mümkündür. Bu o deməkdir ki, villası olmayanlar elə yaşadıqları bina evlərində də "villa" görüntüsü yaratmaq fürsətini əldən verməyiblər. Bunun üçün şərt birinci mərtəbədə yaşamaq və mənzilin qarşısındakı ərazini hasarlayıb böyük bir darvaza qoymaqdan keçir. Beləliklə Buzovnada yaşamağın sevincini artırmaq, villada yaşamamağın isə acısını çıxarmaq mümkündür. Amma elə deyəsən onların da bəziləri indiyə qədər yaşadıqları sevinclə kifayətlənməli olacaqlar. Çünki yaxınlıqda yerləşən məktəbdə aparılacaq əsaslı təmir "bala villaları" sökülmək təhlükəsi qarşısında qoyur. Sakinlərin dediklərinə görə, bununla bağlı xəbərdarlıq edilib və məktəb ərazisinin illər öncə zəbt olunması kimi bir qanunsuzluğun aradan qaldırılması nəzərdə tutulur.

Qadın əməyi – cəmi 1 qəpik

Buzovna sakinləri havadan, sudan, təbii üsullarla yetişdirilən məhsullardan razılıq etsələr də, gileylənməyə həmişə nəsə var. Amma buradakı giley mövzusu daha genidir - işsizlik. Xüsusilə gənclər artıq dədə-baba işlərinə meyl etmir, əslində heç dədə-babanın bir zamanlar qazanc obyekti olan sahələr də indi gəlir gətirmir: "Digər Bakı kəndlərində olduğu kimi burada da yaxşı göyərti əkilir. Göyərtinin dəstəsi alverçilərə gülünc bir qiymətə -2 qəpiyə satılır. Bu göyərti dəstələri şəhərdə 20 qəpiyədir. Qadınlar əsasən göyərti dəstələrini bağlamaqla pul qazanırlar".

Bu sözlərdən sonra həmin işçi qadınların qazandığı pulun məbləği ilə maraqlananda sizin də elə bizim kimi təəccüblənəcəyinizə əminəm - dəstənin hər biri 1 qəpik. Deməli, min dəstə bağlamalısan ki, 10 manat qazanasan. Tədricən bu qazanc mənbəyi də sıradan çıxır - artıq "xırçı"lar (Buzovnada əkinlə məşğul olanlara belə adlandırılar) dəstəsi 2 qəpiyə göyərti satmaq, qadınlar da onu dəstəsi 1 qəpiyə bağlamaq fikrində deyillər.

Burda məmurları və varlıları çox sevirlər

Burda varlıları və məmurları çox sevirlər. Səbəbi çox sadədir - bu kateqoriyadan olanlar problemlərin açarıdır. Bunu bizə 20 ildən bəri yaşadıqları məhəlləyə hələ də qaz çəkilməyən sakin deyir. Onun sözlərinə görə, 20 il əvvəl Buzovna - Maştağa yolunda sənədlə aldıqları torpaq sahəsində ev tikiblər. Ancaq elə həmin vaxtdan da qaz üzünə həsrət qalıblar. Evləri qızdırmaq üçün aralarında odun da daxil olmaqla müasir dövrün illərdən qalan ən müxtəlif vasitələrindən istifadə edirlər:

"Ötən ay 60 manat işıq pulu vermişik. Amma canımız 6 qəpiklik qızmayıb. Allah bizə də bir məmur ya da bir varlı adam yetirəydi. Bizim məhəllədə ev tikəydi. Ondan sonra qaz problemimiz də həll olunardı. Kiminki məhəlləsində varlı adam yaşayır, o məhəllənin problemi olmur".

Əkiz binalar və "zibil" məntiqi

Varlılardan söhbət düşmüşkən, bu qəsəbənin varlılarının evləri arasında bir-birinin eyni olan evlər görmək mümkündür. Bu da bir hobbidir deyəsən, bir ailənin üzvləri evlərini ayırır, amma ayrılığın şərti olduğunu bütün evlərin eyni olması ilə ətrafa nümayiş etdirilər. Buna görə də eyni məhəllədə bir-birinin əkiz tayı olan evlər görmək olar. Hətta 11 tələbə yoldaşından ibarət məhəllədə də var. Bir zamanlar badamlıq olan ərazilərdə torpaq alan şəxs sonradan bu torpağı 10 tələbə yoldaşına satıb. Beləcə "tələbə məhəlləsi" yaranıb...

Məhəllələr daxili yolların bəzisi sakinlərin öz vəsaiti hesabına asfaltlanıb. Amma buna hələ imkanı və zamanı çatmayanlar torpaqlı yollarla hərəkət etmək məcburiyyətindədir. Burada hətta zibillərin çeşidlənməsi üçün ayrıca qablar da var, sadəcə onları görmək lazımdır. Üzərindəki qeydə baxmayaraq hələ də zibili yerə atanlar var. Görünür, onlar əllərindəki zibilin hansı çeşidə aydın olduğunu bilməyənlərdir ki, cəsarət edib qabı zibilləmək istəməyiblər. "Əgər əlindəki zibil bunlardan heç birinə aid deyilsə, yerə aiddir" məntiqi işə düşüb...

Buzovna yolunda bir tərəfdə yeni binalar, parklar, işıqlandırma sistemi, bir tərəfdə isə boş torpaqlar. Böyük bir ərazidə indiyə qədər heç bir iş görülməməsinin səbəbini sakinlər həmin ərazinin "kiməsə" məxsus olması ilə əlaqələndirirlər. Həmin "kimsə" isə deyəsən, buradakı torpaqlarını unudub, bəziləri villalarının sayını unudan kimi.

"İraq kürdlərini bağlarda axtarın"

Varlı - kasıb demədən hamının sevimli söhbəti olan villalardan burada çoxdur. Bəziləri sadəcə gözətçilərin ümidinə buraxılıb. Gözətçilər də həmin villalarda onlar üçün ayrılan, "xozeyinin" yaşayış sahəsindən tamamilə təcrid edilən otaqlarda ailəsi ilə bərabər yaşayır və əmək haqqı da alırlar. Gözətçilər əsasən bölgələrdən gətirilir, çünki yerli sakinlərin evləri olduğu üçün daimi yaşayış şərti ilə razılaşmırlar. Bu arada yadımıza bir müddət əvvəl ölkə mətbuatında Buzovnaya İraqdan kürd ailələrinin köçürülməsi ilə bağlı yayılan xəbərlər düşür. Gəlmişkən marağımızı boğmuruq. Ancaq deyəsən, yerli sakinlər məsələdən bizim qədər hali deyil. Sualımızı çoxları təəccüblə qarşılayır. Bəziləri münasibətlərini "vay" deyə bildirməkdən çəkinmir.

Qeyd edək ki, Türkiyə mətbuatı da İraqdan köçürülən kürd ailələrinə ən yaxşı torpaqların verildiyini, onların yerli sakinlərlə konfliktə girdiyini yazırdı. Bu xəbərlərlə tanış olmayanlar çox olsa da, bəziləri mümkünlüyünü vurğulayır. Həmin ailələri villalarda axtarmağı tövsiyə edənlər var. Fikirlərini də bununla əlaqələndirirlər ki, ucuz işçi qüvvəsi olduğundan və kənarla heç bir təması olmadığına görə təhlükəsizlik baxımından başqa ölkədən ailələrin işə cəlb edilməsi mümkündür. Bir həmsöhbətimiz isə əminliklə "onları bağlarda axtarın" deyir. Ancaq hansı bağlarda, burda ən çox olan şey elə bağdır - bax bu sualın cavabı yoxdur...

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X