Sovet imperiyasının azərbaycanlılara qarşı törətdiyi 20 Yanvar qırğınından 28 il keçməsinə baxmayaraq, bu hadisənin Azərbaycan xalqının yaddaşında buraxdığı izlər heç zaman silinməyəcək. Sovet imperiyasının azərbaycanlılara qarşı törətdiyi 20 Yanvar qırğınından 28 il keçməsinə baxmayaraq, bu hadisənin Azərbaycan xalqının yaddaşında buraxdığı izlər heç zaman silinməyəcək.

“Zirehli maşınlar meydandakı qanı su ilə yumağa çalışırdı...” - 20 Yanvar şahidlər danışır

Sovet imperiyasının azərbaycanlılara qarşı törətdiyi 20 Yanvar qırğınından 28 il keçməsinə baxmayaraq, bu hadisənin Azərbaycan xalqının yaddaşında buraxdığı izlər heç zaman silinməyəcək.

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecəni və ondan sonrakı günləri hadisə şahidləri necə xatırlayırlar?

AzNews.az həmin qanlı hadisənin bir neçə canlı şahidinin fikirlərini təqdim edir:

► Tanınmış fotojurnalist, Əməkdar mədəniyyət xadimi Fərid Xayrulin:

– O günlər çox ağır idi. İnformasiya blokadasında idik. Baş verən hadisə ilə bağlı beynəlxalq aləmə xəbər vermək çətin idi. Salyan kazarmasının yanında çəkilişlər aparmışam. Orada insanlar tankların qarşısını almaq və qorunmaq üçün barrikadalar qursalar da, tanklar hamısını insanlarla birgə əzib keçmişdi. Maşınlar tanınmaz halda idi. Ətrafda insan qalıqları vardı. Meyitləri yığmışdılar bir tərəfə. Həmin gecə yaralılara kömək etmək istəyən təcili yardım maşınları belə, gülləbaran edilmişdi. Ətrafdakı yaşayış evləri pulemyot atəşinə tutulmuş, divarlar deşik-deşik olmuşdu. Hər tərəfdə atışma səsləri eşidilirdi. Mən ehtiyatla irəliləyirdim, iki dostum məni müşayiət edirdi. Şəhər qarışıq idi. Harada jurnalist görürdülərsə, fotoaparatını əlindən alır, çəkilişə icazə vermirdilər. Çəkilişi bitirib redaksiyaya yollandım. Digər həmkarlarım da stressdə idi. Plyonkaları yuyub mərkəzi redaksiyaya – Moskvaya göndərdik. Lakin şəkillər, materiallar qəbul edilmədi.

Dedilər ki, bu, guya, falsifikasiyadır. Real həqiqətləri əks etdirən fotolar onların xeyrinə deyildi...

Hava limanının müdiriyyətinə deyirdik ki, bu fotolar təcili göndərilməlidir. 20 Yanvar hadisələri ilə bağlı informasiya blokadasındayıq. Heç olmasa, bunları xarici informasiya agentliklərinə çatdırmalıyıq. Tanışlar, dostlar fotoların xarici jurnalistlərə göndərilməsi üçün bizə şərait yaradırdılar. Beləcə, çətinliklərlə də olsa, 20 Yanvar qırğınını əks etdirən fotolar nüfuzlu agentliklər olan AP, “France-Presse”, “Gamma”, “Sipa”, “Reuters” vasitəsilə dünyaya yayıldı…

Salyan kazarmasında axırıncı kadrı – bir oğlanın qardaşının meyiti üzərində ağlamasını çəkəndə məni qoruyan dostlarımdan biri çox həyəcanlanmışdı. Fikrim isə şəkilləri operativ və keyfiyyətlə çəkmək idi. Sonra dostum mənə dedi ki, son kadrı çəkəndə bir rus zabiti avtomatını bizə tuşlayıbmış. Dostum fikirləşib ki, artıq işimiz bitdi. Gözlərini yumub. Bir neçə saniyədən sonra gözlərini açanda görüb ki, avtomat aşağı enib. Sonradan bildim ki, jurnalist həmkarım həmin zabitin hərəkətini görüb deyibmiş: “Neyləyirsiniz? O, Moskvadan gəlib. SİTA-nın müxbiridir…

► Azərbaycanın ilk qadın snayperi, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova:

– 1989-cu ilin dekabrında sovet ordusu “Azadlıq” meydanını mühasirəyə aldı. Rus əsgərləri meydanda oturaq aksiya keçirən insanları vəhşicəsnə döyür, maşınlara doldururdular. Mülki əhalidən ölənlər vardı. O hadisənin videokadrlarını 2 dəfə televiziyada görmüşəm. Sonralar göstərmədilər. Bizi 6 avtobusa doldurub apardılar. Məni mindirdikləri avtobus beşinci idi. Adam çox olduğundan sıxlıq yaranmışdı, bir ayağımın üstündə dayanmışdım. Bəxtimizdən avtobus “Bakı” mehmanxanasının qarşısında xarab oldu. Avtobusda əli silahlı 6 əsgər vardı. Camaat onlara hücum etdi, qapıları açıb yerə düşdük. Bizi Bayıla aparırdılar. O biri avtobuslara mindirilən adamları gəmiyə mindirib Narginə apardılar. Onların aqibəti məlum olmadı… Sovet ordusu Bakıda əsl vəhşilik etmişdi. Meydan qana bulaşmışdı. Zirehli hərbi maşınlar meydandakı qanı su ilə yumağa çalışsalar da, qan yenə qalmışdı.

Bu hadisələrdən sonra Sovet ordusunun Bakıda daha qanlı qırğın törədəcəyi, Milli Azadlıq Hərəkatını daha sərt cəzalandıracağı bəlli idi. Yanvarın 19-da “Azadlıq” meydanında idik. Gecə 12-yə qalmış güllə atmağa başladılar. Yalandan deyirdilər rezin güllələrdi, sonradan döyüşdə olanda da gördüm ki, bu, işıqsaçan güllələr imiş. Camaatı güllələyib, meydanı boşaltdılar. Salyan kazarmasına qədər piyada gəldik. Yolboyu hərbi texnikanın üstündə oturmuş əsgərlər camaata güllə atırdılar. Kimə, hara gəldi atırdılar. Maşınlara, evlərə, küçədən keçənlərə. Səhərə yaxın Sovetski küçəsinə getdim ki, görüm qohumlar salamatdırmı?! “Təzə Pir” məscidinin yanında bir dəhşətli mənzərənin şahidi oldum. Bir gəlin körpəsini həyətdəki oturacağa qoyub paltar sərirdi. Gözü qızmış sərxoş Sovet əsgərləri tankı həyətə sürdülər, qadın tankın altında qaldı. Sovet ordusunun vəhşiliyinə etiraz edən əhali, tanınmış şəxslər Filarmoniya bağında Kommunist partiyasının biletini yandırırdı. SSRİ vətəndaşlığından imtina edirdilər. Səhər şəhidləri keçmiş Kirov parkında dəfn etdilər…

► Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamentinin sədri Şakir Ağayev:

O gecə Xırdalandan şəhərə, Mərkəzi Komitənin binasına qədər postlar qurulmuşdu. Biz çoxlu kolbasa və 100 ədəd çörək alıb maşınla yol boyu postlarda dayanan insanlara paylayırdıq. Şəhərə çatanda atam maşından düşüb Mərkəzi Komitəni daşlamağa başladı. Dedi ki, bilsəydi rus ordusu gəlib Azərbaycan xalqını qıracaq, 1941-45-ci illərdə almanlara güllə atmazdı. Artıq mən Əhmədlidə, Ukrayna dairəsində olanda, 12:00 radələrində atışma başladı...
Səhər tezdən gəlib “Salyanski” kazarmanın qarşısında “Kamaz”ların altından meytləri bir-bir təcili yardım maşınlarına qoyub xəstəxanaya göndərdik. O meyitlərin yığılmasında şəxsən iştirak etmişəm. Dünyanın heç bir yerində belə vəhşilk olmamışdı. Onlar tank, BMP, top və hansı müasir silah gəlibsə, ondan istifadə etmişdilər. Salyan kazarmanın qarşısında “Kamaz” bir meyitin üstüdən keşmişdi. Biz o meyiti götürəndə rus ordusu bizə atəş açdığından baş hissəsi qaldı o tərəfdə. Biz o başı götürə bilmədik. Onda hər yerdə matəm idi. Millətimizə divan tutulmuşdu. Yəni bu imperiya belə vəhşilik edib. Bunlar hamısı mənim gözümün qabağında olub. Sonra mən 40 gün səhərdən axşama qədər Şəhidlər Xiyabanında postda növbə çəkmişəm.

Həmin zaman tabutları hazılamaq üçün taxta yox idi. Ümumiyyətlə, heç yerdə iş getmirdi. Mənim Xirdalanda “Laçın” mebel kooperativim var idi. Dedim ki, tabutları mən düzəldəcəm. Oradan bir-iki nəfər özümlə götürdüm və müəssisədə işə başladıq. O zaman Abşeron polisinin də bizə çox kömək etdilər ki, gecə polislər, başqaları gəlib bizə mane olmasınlar. Səhərə qədər tabut düzəltdik. Bundan sonra xalqın köməyi ilə dəfni təşkil etdik. Səhəri gün mühafizə xidməti xəbər verdi ki, müəssisə yanır. Rus ordusu BRDM-lə vurub müəssisəni yandırmışdı…

► 20 Yanvar şahidi, Bakı şəhər sakini Rüxsarə Cumayeva:

– 20 Yanvar bir millət olaraq özümüzü tanıdığımız və dərk etdiyimiz gündür. Bizim milli mənəviyyatımız, dəyanətimiz, cəsarətimiz, qətiyyətimiz həmin gün qalib gəldi. Bir an da olsun, yadımdan çıxmır o qanlı gecə. O zaman yaradılan Müdafiə Komitəsinin nəzdində telefonlara nəzarət edirdim. Mənimlə bir yerdə “Meydan hərəkatı”nda olan oğlanlardan biri gecə zəng etdi ki, Naxçıvandan məlumat verilib, ermənilər artıq Sədərəyə giriblər. Bu xəbərdən sonra telefon xətti kəsildi. Rabitə əlaqəsi kəsildikdən sonra mən mərkəzi telefon qovşağının direktoru Orucun yanına getdim. O dedi ki, sən narahat olma, biz səninlə telefon əlaqələrini bərpa edəcəyik. Qayıdanda gördüm ki, 3 avtobus saqqallı, yaşı 50-55 arası olan insanlar əli avtomatlı “Şuşa” restoranının yanında yerləşən bağa doluşdular. Bu haqda yoldaşlarıma məlumat verdim. Mən onları görəndə hardasa, axşam saat 8-9 radələri idi. Hələ atışma başlamamışdı.

Yoldaşlarım dedilər ki, bu barədə hamıya tez bir şəkildə məlumat vermək lazımdır ki, küçələrdən yığışsınlar. Elə bir az keçmişdi ki, televiziyanın partladıldığını eşitdik. Bundan sonra Azadlıq prospektinə getdim. Nəsimi rayonunda yerləşən polis məntəqəsi tərəfdə 9 mərtəbəli binanın qarşısında olanlara dedim ki, küçələrdən yığışmaq lazımdır, çünki atacaqlar. Bu sözü deyəndən sonra üstümə hücum edib məni döydülər. Çox dedim ki, mən düz deyirəm, inanmadılar. Bildirdilər ki, onlara tapsırıblar oranı qorusunlar və onlara güllə atmayacaqlar. Mən qayıdıb yoldaşlarıma dedim ki, dağılmırlar. Yenə tapşırdılar gedim dağıdım onları. Mən gələndə yenə mənə hücum etmək istəyirdilər, lakin elə bu zaman tankların səsi eşidildi. Saat təxminən 12-yə qalırdı. Bir də onda ayıldım ki, yana-yana gələn güllələrdən yanımda bir neçəsi uzanıb, qanın içindədir. Onları dərhal maşına qoyub xəstəxanaya apardıq.

O dəhşətli gecədə Bakı sözün əsl mənasında qana boyandı. Yaralılar hər tərəfdən gəlirdi. Biləcəri tərəfdən, Aeroport yolundan, dəniz kənarından gələn saqqallılar camaatı aman vermədən qırırdılar. İndiki Azadlıq prospekti, “Sahil” bağı, “20 yanvar” və “İçəri şəhər” metrolarının ətrafı qan icində boğulurdu. Günahsız insanların çığırtısı, qışqırıqlar, tükürpədici anlar heç vaxt gözümün önündən getməyəcək…

Məni döyən oglana da güllə dəydi. Onu tez “Moskiviç” markalı maşına qoyub Musa Nağıyev xəstəxanasına apardım. Gördüm ki, ora yaralı və meyitlərlə doludur. Həkimlar çaş-baş qalmışdılar. Hər kəsin köməyə ehtiyacı var idi. Mən yenə özümü itirmədim. Qayıtdım Azadlıq meydanına doğru. Küçələrdə qışqırıq və güllə səsləri bir-birinə qarışımdı. Yolda adamlar bir-birinə kömək edirdilər. Mən qərərgaha gələndə İbrahim adlı oğlan vurulmuşdu. Onu tez apardım məscidə. Burada daha cox vəhşilik etdiklərini gördüm. Dərd, qəhər məni boğurdu. Fikirləşdim ki, bunu bizə niyə etdilər? Günahımız nə idi? Hələ də bu sualların cavablarını tapa bilmirəm…

Ən dəhşətli “mənzərə”ni isə “20 Yanvar” metrosunun yanında gördüm. Aman Allah, bu nədir?! Görməyənə asan gələr. Allah bu qiyaməti hələ də yerdə qoyub. O vəhşilər hətta balkonda paltar asan qadına, çanta ilə məktəbə gedən körpəyə də qıydılar. Qorbaçov kimi qaniçən vampirlər hələ də cəzalanmayıblar. Sinəmizə elə birə dağ cəkdilər ki, ölən günümüzə qədər yadımızdan cıxmaz. Bizdən sonrakı nəsil bu faciəni heç zaman unutmamalıdır…

► Hadisə şahidi, “20 yanvar” əlili Akif Nəsirov:

– Həmin ərəfədə biz küçələrdə otururduq. İnanırdıq ki, canla-başla xidmət etdiyimiz XXI Qızıl Ordu bizə silah çəkməz. Lakin yanıldıq. Düzdür, əvvəlcə onlar şəhərə daxil olmaq üçün camaatla danışıqlar apardılar. Amma xoşluqla buna nail ola bilməyəcəklərini görüb, havaya atəş açdılar. Daha sonra Azərbaycan xalqının əzmini qırmaq üçün əliyalın insanları gülləyə tutdular. İnsanların çoxu indiki “20 yanvar” metrosuna tərəf qaçdı ki, keçidə girsinlər. Lakin tanklar buna imkan vermədi. Qaranlıqda, ağacların arxasında, hətta ağaca çıxaraq gizlənən insanları projektorlar vasitəsilə tapıb güllələyirdilər. Yanımda iki nəfər qətlə yetirildi. Məni də yaraladılar. Yaralıları tankların altından çıxartmaq istəyən zaman qarnımda nəyinsə yandığını hiss etdim. Ağrıya baxmayaraq bir nəfəri yolun ortasından çıxartdım. Lakin sonradan huşumu itirdim. Ayılan zaman özümü qanlı xərəkdə uzanan, yanımda isə ağxalatlıların çalışdığını gördüm. Kiçik otaq idi. Mənim yanımda isə iki meyit vardı...

► 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı, hadisə şahidi Elxan Allahverdiyev:

– 20 yanvar 1988-ci ildə xalq hərəkatının, müstəqillik uğrunda başlamış savaşın kluminasiya nöqtəsi idi. Yanvarın 18-dən Biləcəri yolu bağlanmışdı. Evimiz II Alatavada idi. 19 yanvarda hava çox soyuq idi. Camaat küçədə növbə çəkirdi. Biz Sovet ordusunda xidmət etmişdik deyə, beynizimdə şanlı Sovet ordusu kimi ifadələr qalmışdı. Mən heç vaxt inanmazdım ki, qulluğunda durduğum Sovet ordusu öz süngüsünü, güllələrini xalqına qarşı çevirər. Amma yanılmışdıq. 19-dan 20-nə keçən gecə saat 1-ə işləmiş Biləcəri tərəfdən 20 yanvar istiqamətinə iki tank gəldi. Göyə 2 fişəng buraxdılar. Daha sonra 2 güllə atdılar.
Gördük ki, tanklar maşınları əzib keçdilər. Yanımda dayanan Vaqif adlı oğlanın qanı axırdı. Oradakı cavanlar başladılar hərbçilərə daş atmağa. Onlar da gülləboran etdilər. İlham əvvəl yanımda olsa da, sonradan onu tapmadım. Mənə dedilər ki, “Salyanski” kazarma yaxınlığında tanklar camaatı yarıb keçib. Kömək lazımdır. Ona görə də İlham və yanındakı adamlar ora gedib. Sonradan dedilər ki, əliyalın camaatla birgə İlham keçmiş XXI Qızıl Ordu meydanında tanklarla qarşılaşıb. İlham əllərini qaldıraraq tankların üstünə gedib və deyib: “Soldatı ne vstrlyayte, lyudi bez orujii”. Amma onlar İlhamı vurublar. Bir güllə onun ciyərini parçalamışdı…

Mən o zaman əsgərlərə yaxınlaşıb dedim ki, atmayın. Oradakı desantlardan biri mənə dedi ki, “U nas prikaz”. Gözümün qabağında, indiki "Alov" zavodunun yanında 4 tank bir “VAZ 2106” markalı maşını qovdu və ona çataraq əzdilər. Daha sonra həmin tanklar bizə tərəf atəş açdılar. Orada hündür binanın üstündən bir oğlan yanan butulkaları tankların üstünə atırdı. Oranı gülləbaran etdilər…

Hazırladı:
Elgün Mənsimov
AzNews.az

image description image description image description