10:34
(077) 610-22-33

Azərbaycanda mobil hökumət yaradılacaq

  • >
212 2 May 2013 09:15 | Cəmiyyət

Vergilər Nazirliyi Azərbaycanda ilk dəfə olaraq mobil qurğuları da dəstəkləyən elektron xidmətlərin tətbiqinə başlayıb.

Bu məqsədlə Vergilər Nazirliyinin nəzdində AVİS ilə sıx inteqrasiya olunmaqla bütün mövcud kompyuter əməliyyat sistemlərini və mobil qurğuları dəstəkləyən Elektron İmza Sertifikat Xidmətləri Mərkəzi yaradılıb.

"APA-Economics"in məlumatına görə, Nazirliyin yeni layihəsinə həsr olunmuş "ASAN imza - mobil hökumətin açarıdır" mövzusunda bu gün keçirilən konfransda nazir Fazil Məmmədov bildirib ki, son illər elektron hökumətin qurulması istiqamətində görülən işlər çərçivəsində Vergilər Nazirliyi vətəndaşlara göstərilən elektron xidmətlərin geniş tətbiqinə başlayıb.

Hazırda Nazirlikdə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS), "Elektron bəyannamə", "İnternet Vergi İdarəsi", e-Dövlət portalı, "Bir pəncərə", "ƏDV depozit hesabı", "Elektron vergi hesab-fakturası", dövlət qurumları və banklarla inteqrasiya məlumat mübadiləsi sistemi kimi iri dövlət layihələri tətbiq edilir.

Nazirin sözlərinə görə, ölkədə informasiya texnologiyalarının və mobil xidmətlərin davamlı inkişaf etməsi əhali tərəfindən elektron xidmətlərdən istifadə tələbatını artırır və elektron imzaya ehtiyacı ön plana çəkir: "Vergilər Nazirliyi tərəfindən digər elektron xidmətlərin elektron audentifikasiya və elektron imzadan istifadə etməklə həyata keçirilməsi və həmçinin mobil qurğular vasitəsilə təqdim olunması da nəzərdə tutulur".

F.Məmmədov qeyd edib ki, bəzi xidmətlərdən istifadə yalnız elektron formada mümkündür və onların icra prosesində göndərilən və qəbul olunan sənədlərin onlayn rejimində məhdud zaman ərzində elektron imzalanması tələb olunur. Bu sahədə mövcud və gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə Vergilər Nazirliyinin nəzdində AVİS ilə sıx inteqrasiya olunmaqla bütün mövcud kompyuter əməliyyat sistemlərini və mobil qurğuları dəstəkləyən Elektron İmza Sertifikat Xidmətləri Mərkəzi yaradılıb: "Mərkəz Avropa standartlarının tələblərinə uyğun hazırlandığına görə elektron imzaların Avropa ölkələri ilə qarşılıqlı tanınması mümkün olacaq ki, bu da Azərbaycan vətəndaşlarının digər ölkə vətəndaşları ilə birgə şirkət qurmalarına və müqavilələrin elektron formada internet üzəridən imzalanmasına şərait yaradacaq". Yeni sistem mobil imza mərkəzi ilə inteqrasiya olunduğundan bütün növ qurğularda audentifikasiya imkanı verəcək. Bu isə Azərbaycanda İnternet/Mobil bankçılığın inkişafına böyük təkan verməklə nağdsız hesablaşmaların genişlənməsinə səbəb olacaq.

F.Məmmədov bildirib ki, bu mərkəzin istismara verilməsi və onun Fransa, İsveç, Finlandiya, Estoniya, Azərbaycan şirkətlərinin iştirak etdiyi beynəlxalq konsorsium tərəfindən yaradılan Mobil imza (Asan imza) mərkəzi ilə inteqrasiya layihəsini elektron hökumətdən mobil hökumətə keçidin əsası kimi qiymətləndirmək olar.

AzNews.az
Bağla X