05:25
(077) 610-22-33

“Azərbaycanlılar öz münasibətini başqa cür bildirməyə məcbur olacaqlar“

  • >
302 5 May 2013 13:35 | Cəmiyyət

"Azərbaycan prezidenti azərbaycanlıların soyqırımında iştirakdan qürur duyan Ermənistanın cinayətkar prezidenti ilə bir masa arxasında oturmaq istəmir"



Bu sözləri Ağdam doğumlu, elə ermənilərin işğalı altında olan Ağdamdan seçilmiş deputat Bəxtiyar Əliyev söyləyib. "Yeni Müsavat" qəzetinə müsahibəsində o, "bu günlərdə prezidentlər səviyyəsində danışıqların növbəti mərhələsinə başlanacağının anonsu verilib. Növbəti görüş nəyisə dəyişəcəkmi?" sualına cavabında "Bu, sadəcə, illəri ötürmək üçündür" deyib.

"Bir ölkədə ki, prezident seçkiləri dönəmində namizədin biri güllələnir, digəri həbsə atılırsa və həmməruzəçilər seçkinin nəticəsini yüksək qiymətləndirirlərsə, deməli, burada məqsəd tamamilə başqadır. Azərbaycana təzyiqlər, Azərbaycan haqqında mənfi fikir yaratmaq, ölkənin imicini korlamaq əsas niyyətdir. Ermənistanın "bəh-bəh"lə göylərə qaldırılması, qondarma "erməni soyqırımı" layihəsinin vaxtaşırı gündəmə gətirilməsi, Xocalı soyqırımının isə kölgədə saxlanması onu göstərir ki, beynəlxalq qurumların və həmsədr ölkələrin niyyəti tamamilə başqadır. Bu mövqe Azərbaycan xalqının maraqlarına heç cür cavab verə bilməz və ədalət prinsipinə qətiyyən uyğun deyil. Azərbaycan prezidenti azərbaycanlıların soyqırımında bilavasitə iştirak etmiş və bununla qürur duyduğunu bəyan edən Ermənistanın cinayətkar prezidenti ilə bir masa arxasında oturmaq istəmir. Sadəcə olaraq bu prosesi aparan Minsk Qrupunun həmsədrləri var", - deyə deputat bildirib.

Azərbaycan prezidentinin də xalqın iradəsini, onun sülh mövqeyində olduğunu bir daha əyani nümayiş etdirərək bu danışıqlara getdiyini deyən Bəxtiyar Əliyev amma bunun bir son həddi olduğuna diqqət çəkib: "O son həddə də Azərbaycan xalqı öz münasibətini başqa cür bildirməyə məcbur olacaq. Necə ki, beynəlxalq aləm xalqların öz müqəddəratını bəyan etməsindən danışırlar, o zaman Qarabağdan qovulmuş 750 min insan öz müqəddəratını həll etmək üçün silaha sarılacaq və öz kəndi, öz küçəsi, öz şəhər və rayonu, öz dağı, dərəsi, çayı uğrunda mübarizə aparacaq, yurdunu azad edib orda oturacaq".


AzNews.az
Bağla X