06:54
(077) 610-22-33

Riçard Morninqstar: “Biz azad və ədalətli seçkilər gözləyirik“ - MÜSAHİBƏ

  • >
274 13 May 2013 09:09 | Cəmiyyət

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morniniqstar Modern.az saytına müsahibə verib.

Həmin müsahibəni sizlərə təqdim edirik.


- Cənab səfir, Azərbaycanda diplomatik missiyaya başlamanızdan artıq 8 ay ötür. Ölkəmizdə yaşayıb və işləmək sizə çətin deyil ki?

- Əslində yox .Yoldaşım və mən burdakı vaxtımızdan çox böyük zövq alırıq. Siz yəqin ki bilirsiniz, mən bura çox gəlib-getmişəm, nə gözləyəcəyimi, nə ilə qarşılaşacağımı bilirdim. Səfərdən əvvəl yoldaşım cəmi bir dəfə gəlmişdi və o bilmirdi necə olacaq. Amma bura gələndən sonra ikimiz də valeh olduq. İnsanlar da çox xoşumuza gəlir. Azərbaycanlılar qonaqpərvər və istiqanlı bir millətdir. Biz Azərbaycanın rayonlarında da olmuşuq. Əslində çox heyratamiz bir şeydir. Bu gün Bakıdasan, üç saat sonra dağlarda və rayonlarda ola bilərsən. Ona görə deyə bilərəm ki , bizim üçün burada yaşamağın heç bir çətinliyi yoxdur.

- ABŞ və Azərbaycan arasında hansı fərqlər var?

- Elə böyük fərq demək mənim üçün çox çətindir. Mən burada vətəndaş deyil səfirəm, diplomatik missiyam var. Ona görə mənim həyatım bir çox hallarda Amerikadakı həyatıma çox bənzəyir. Amerikada mən istədiyimi edirdim, ailəmə kifayət qədər vaxt ayıra bilirdim. Mənim yoldaşım, övladlarım, 7 nəvəm var. Ailə çərçivəsində çox vaxt keçirdirdim. Amma burada bir az o imkanlar yoxdur. Həm yoldaşım, həm mən daha çox rəsmi tədbirlərdə iştirak edirik. Daha rəsmi həyat sürürük. Bundan da zövq alıram, amma fərq burasındadır ki, bura diplomatik missiyaya üçün gəlmişəm. Həqiqətən Azərbaycanda çox gözəl vaxt keçiririk.

- Azərbaycan və ABŞ arasındakı hazırki əlaqələri necə qiymətləndirirsiniz? Münasibətlər hansı səviyyədədir?

- Ümumiyyətlə bizim əlaqələri çox yaxşı dəyərləndirərdim. Siz yəqin ki bilirsiniz, biz əməkdaşlığımızı üç sahədə cəmləşdirmişık. Bunlardan birincisi insan hüquqları və demokratiyadır ki bununla biz yaxından maraqlanırıq.

İkincisi energetika məsələsidir ki, bura iqtisadiyyat da daxildir. Biz iqtisadiyyatın çoxşaxəli olmasına çalışırıq.

Üçüncüsü regionda stabillikdir. Bura sözsüz ki, Dağlıq Qarabağ probleminin həll olunması və terrorizmə qarşı mübarizə daxildir. Əfqanıstanla bağlı əməkdaşlığımız da buna yaxşı nümünədir.

- ABŞ-ın siyasi kursunda Azərbaycana aid olan hansı dəyişikliklər gözləmək olar?

- Ümumiyyətlə bizim əlaqələr gözəldir və bu cür davam etməsini gözləyirəm. Amma böyük bir dəyişiklik olacağına da inanmıram. Barak Obama ikinci dəfədir prezident seçilir. Onun siyasətində Azərbaycanla bağlı elə böyük dəyişiklik olmayacaq. Yəqin ki, siz ABŞ Dövlət Departamentinin katibi Con Kerrinin Azərbaycana olan müsbət münasibətini bilirsiniz. Azərbaycan daim Vaşinqtonun diqqət mərkəzindədir. Bizim əlaqələrin bu cür, hətta bundan daha yaxşı olmasını gözləyirəm.

- 2013-cü ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Cənab səfir, seçkiqabağı vəziyyəti necə qiymətləndirirsiniz? Və ümumiyyətlə, Amerika bu şeçkilərdən nə gözləyir?

- Biz sözsüz ki azad və ədalətli seçkilər gözləyirik və ümid edirik ki, seçkiqabağı fəaliyyətlərdə ədalətli seçkilərə imkan yaradılacaq. Bunların sırasına KİV-ə azad çıxış, sərbəst toplaşmaq hüququ və bütün partiyaların müstəqil fəaliyyətinə şərait yaratmağı qeyd edə bilərik. Bu seçkilərin Azərbaycan üçün və Azərbaycanın davamlı inkşafı üçün çox böyük önəmi var.

- Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələr necə inkşaf edir? Amerika şirkətlərinin Azərbaycana sərmayə qoyması istiqamətində yeniliklərin şahidi ola bilərikmi?

- İqtisadi əlaqələrimiz də güclü olaraq davam edir. Biz enerji sahəsində, enerji resurslarının əldə olunması sahəsində birgə əməkdaşlıq edirik. Həmçinin iqtisadiyyatın inkşafı üçün neft və qeyri-neft sahəsinə də sərmayələr qoyuruq. Düşünürük ki, Azərbaycan Dünya Ticarət Təşkilatına qəbul olunmaq üçün əlindən gələni edir. Bunun üçün də iqtisadi sahədə lazım olan islahatları həyata keçirir. Azərbaycan ilk növbədə iqtisadiyyatını inkşaf etdirməlidir ki, sahibkarların fəaliyyətinə şərait yaradılsın. Sahibkarlkar, iş adamları bir-biriləri ilə azad və ədalətli şəkildə rəqabət apara bilməlidirlər.

- Siz vaxtilə enerji məsələləri ilə məşğul olmusunuz. Azərbaycanın və Orta Asiyanın qaz ehtiyatlarının Qərbə nəqlində bir sıra variantlar nəzərdən keçirilib. Nabucco, Transxəzər kəmərləri və s. Bununla bağlı perspektivləri necə qiymətləndirirsiniz?

- Cənubi Qafqaz adlandırdığımız bu dəhliz çox vacibdir. "Şahdəniz" xəttinin əməkdaşları enerji resurslarını Avropaya Türkiyə və Gürcüstan vastəsilə daşınması üçün müzakirələr aparır. Burada əsasən Nabucco və TANAP adlanan layihələr də mühüm rol oynayır. Ancaq onların heç biri 31 milyard kubmetr əhatə edən Nabucco layihəsi qədər böyük deyil. İlk çəkilən qaz kəməri nisbətən xırda olacaq və Nabucco layihəsi üçün lazım olunan həcmdə qazı ixrac etmək imkanı məhduddur. Biz düşünürük ki, 2020-ci ilin əvvəllərində "Şahdəniz" yatağından başqa digər yaraqlarda da qaz əldə edə biləcəyik. Hər iki halda istər Nabucco, istərsə də TANAP olsun, onlar elə çəkiləcək ki, gələcəkdə genişləndirilə bilsin. Bu əsasən Balkanlarda yerləşən və nisbətən daha kritik olan ölkələrə ötürüləcək. Transxəzər xəttinə gəldikdə isə ümid edirəm ki bu baş verə biləcək. Bu məsələ Türkmənistanın və Azərbaycanın əsas müzakirə obyektidir. Əsas sual bunun vaxtı ilə bağlıdır, Türkmən qazının Transxəzər xətti ilə Avropaya çatdırılmasıdır.

- Bu yaxınlarda Azərbaycanda təhsil naziri dəyişdirildi. 15 ildən çox nazir vəzifəsində işləyən Misir Mərdanov istefaya göndərildi, yerinə daha gənc kadr təyin olundu. Bu məsələyə münasibətiniz necədir? Təhsil sahəsində ABŞ-la hansı əməkdaşlığımız ola bilər?

- Təhsildən daha vacib heç nə yoxdur. Düşünürəm ki, cavan kadrın təyin olunması əslində Azərbaycanın təhsil sistemini dünya təhsil sisteminə çatdırmasından xəbər verir. Azərbaycanın gələcəyi gənclərdən asılıdır. Məhz buna görə təhsil sistemi çox vacibdir. Biz Təhsil Nazirliyi ilə müxtəlif sahələrdə əməkdaşlıq edirik. Ümid edirik ki, ABŞ və Azərbaycan arasında olan mübadilə proqramı davam edəcəkdir. Bu proqram ABŞ tələbələrini Azərbaycana, Azərbaycan tələbələrini isə ABŞ-da oxumağa həvəsləndirir. Məncə Azərbaycan hökümətinin ən böyük siyasətindən biri öz tələbələrini xaricə oxumağa göndərməsidir. Xaricdə təhsil gənclərin daha mühüm biliklərin əldə etməsinə və qlobal dünyagörüşünə sahib olmalarına imkan yaradır. Bu Azərbaycanın iqtisadi və demokratik potensiala malik olmaq üçün əsas yardımedici qüvvələrdən biri olacaq.

- Azərbaycan ərazilərinin 20 faizi 20 ildən çoxdur Ermənistanın işğalı altındadır. Münaqişənin həlli üzrə birbaşa vasitəçilik edən ATƏT-in Minsk Qrupu isə bu illər ərzində ciddi irəliləyişə nail ola bilməyib. Necə düşünürsünüz, Minsk qrupunun imkanları tükənməyibmi? Sizcə, yaxın müddət ərzində Qarabağ probleminin həlində bir irəlləyiş ola bilərmi və ABŞ-ın bununla bağlı hazırki mövqeyi necədir?

- İlk olaraq onu çox gözəl başa düşürəm ki, Qarabağ münaqişəsi Azərbaycan xalqı üçün necə ağrılıdır. İyirmi il ərzində heç bir irəliləyişin əldə olunmaması onları necə də məyus edir. Biz Minsk qurupu çərçivəsində çox fəal olmuşuq. Münaqişənin həlli istiqamətində mühüm addımlar atmağa davam edəcəyik. Düşünürəm ki, Minsk qurupunun əsas rolu ondan ibarət olub ki, düşmənçiliyin yenidən alovlanmasına imkan verməyiblər. Eyni zamanda qeyd etməliyəm ki, cəbhə xəttində baş verən itkilər öz–özlüyündə çoxsaylıdır. Münaqişənin həllində hər iki tərəfində qarşılıqlı siyasi istəklərinin olması ilə nəyəsə nail olmaq olar. Həmçinin gərək vətəndaş cəmiyyətləri də əllərindən gələni etsinlər ki, sülh sazişi imzalansın və davamlı olsun. Əlbəttə, sülhün əldə olunması region üçün çox mühümdür. Həm iqtisadiyyatın beynəlxalq səviyyədə olması üçün, həm də bu qədər insanın ağrılarının dayanması üçün.

- Türkiyə və ABŞ arasındakı hazırki vəziyyəti necə qiymətləndirirsiniz?

- Əslində düzünü desəm bu məsələyə dolğun cavab verə bilmərəm. Çünki bu münasibətlərdə birbaşa iştirak etməmişəm. Ancaq bugünkü əlaqələri çox yüksək dəyərləndirirəm. ABŞ və Türkiyə dünya üçün mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edirlər.

- Cənab səfir, artıq uzun müddətdir Azərbaycandasınız, mətbəximiz barədə nə deyə bilərsiniz, hansı yeməklərimiz xoşunuza gəlir?

- Həyat yoldaşım və mən Azərbaycan mətbəxinin vurğunuyuq. Bizi heyrətləndirən naharlarda qidanın kəmiyyətidir. Süfrədə özümü daha tez doydurmağa çalışmıram. Çünki bilirəm ki, bunun hələ davamı gələcək. Ən sevimli yeməyim qutab və quzu kababıdır. Bunlar nəinki Azərbaycan mətbəxindən, həmçinin dünya mətbəxindən də ən çox sevdiyim yeməklərdir. Azərbaycan mətbəxi çox zəngindir. Növbəti həyatımda istərdim ki, ABŞ da Azərbaycan restoranı açım.

- Bəs Azərbaycan müsiqisi necə, sizdə hər hansı təəssürat oyadıb?

- Azərbaycan musiqisindən çox xoşum gəlir. Muğama, xalq mahnılarına yoldaşımla çox qulaq asırıq və böyük zövq alırıq. Belə deyə bilərəm ki, indiyənəcən iştirak etdiyim bütün Azərbaycan konsertlərindən məmnunluq hissi ilə ayrılmışam.

- Səfirlik müddəti bitdikdən sonra Azərbaycanda qalmaq, burada iş qurmaq istəyərdiniz?

- Azərbaycana tez–tez gəlməyi çox istərdim. Əslində ailəm Amerikada yaşayır. Biz də istərdik ki, onlara yaxın olaq. Yoldaşımla mən Azərbaycana müntəzəm səfərlərimizin olmasını çox istərdik.

AzNews.az
Bağla X