12:00
(077) 610-22-33

Gəlin maşını bəzətdirmək neçəyə başa gəlir? - ARAŞDIRMA

  • >
9 421 26 İyun 2013 16:20 | Cəmiyyət

Ailə qurmaq hər bir insanın arzusudur. Hər kəs fikrində o günü qeyri-adi, fərqli canlandırır. Toyun yaraşığı isə birinci növbədə gəlin maşınıdır. Hansı ki, indi paytaxtın müxtəlif yerlərində belə maşınları kirayə də verirlər.

Gəlin maşınları avtomobilin markasından və saatından asılı olaraq 100-400 manat civarında kirayə verilir. Bütün bəzədilmə işləri elə müştərinin gözü qabağında aparılır. Süni güllər və bəzəkləri istəməyənlər isə xüsusi salonlara müraciət edirlər. Salonlarda maşınlar qeyri-adi dizaynla və təbii güllərlə bəzədilir.

Maşın bəzəyən salonlardan birinin işçisi Tural Hüseynlinin sözlərinə görə, təbii güllərdən bəzəmə dəbə mindikdən sonra süni bəzəmələrə o qədər də müraciət edən olmur. Onların arasında istər qiymət, istərsə də görünüş baxımından böyük fərq olur: "24 yaşım var. Əvvəl maşın bəzəməyə utanırdım. Sonra gördüm ki, gəlirli sahədir. Əksinə, mənim bəzədiklərimə hamı heyranlıqla baxır. İşimə daha da bağlandım. Maşın bəzəmə formalarını internet saytlarından götürürəm. Orijinalları, son modelləri öyrənir, tətbiq edirəm. Narazı qalan da olmur. Bizim salonun maşını olanda daha tez bəzəyirəm. Haradasa saat yarıma maşın hazır olur. Şəxsi maşın olanda isə iş bir az uzanır. Maşın bəzəmək o demək deyil ki, gülü qoyursan maşının üstünə, qurtardı. Elə bəzənməlidir ki, bəzək səni yarı yolda qoymasın. Maşını hamı bəzəyə bilər. Amma hər kəs qeyri-adi, göz oxşayan bəzəyə bilməz".

Həmsöhbətimiz üçün ən yaxşı müştəri maşını gətirib verən və "kefin istədiyi kimi bəzə" deyəndir. "İnanın, elə bəzəyirəm, elə bilin, öz toyuma hazırlaşıram. Gəlib maşına baxdıqda isə çox bəyənirlər. Çünki üstümdə basqı olmur. "Bunu elə, onu elə" deyən olmur. Eləsi isə şəkil gətirir ki, mənə belə düzəlt. Şəklə baxıram ki, maşının üstünə ya parıltılı daşlarla, ya xüsusi tikilmiş bəzəklərlə bəzək vurublar. Mən bir günə bunu necə edim axı? Belə kaprizli müştərilər də az deyil".

T.Hüseynli deyir ki, indi həm qiymət baxımından, həm tez başa gəlməsinə görə, gül çələngi istəyirlər. Amma həmin çələngi yığmaq asan iş deyil. "Amma mən burada tək işləmirəm. Hərəmiz bir işi görəndə tez bitir. Sadə gül çələngi qoyub qapı tutacaqlarını da güllərlə bəzəyirik. Ürək formasında altı yapışqan, üstü bez parçadan olan bəzəklərlə bütün maşına ürəklər yapışdırırıq. Tüllərlə, zövqə uyğun olaraq lentlərlə bəzəyirik. İndi lentlərlə bəzətdirən azdır. Tək parça bəzəkdən istifadə edəndə, qiymət elə də baha olmur", - deyən müsahibimizin sözlərinə görə, əgər kirayə maşın salondan götürülübsə, haqqı saatına görə ödənilir.

Müştərilərin daha çox hansı maşına üstünlük vermələrinə gəlincə, Tural bildirir ki, ən çox tələb olunan "Mercedes" markalı maşındır. "Çünki bu maşın həm qiymət baxımından münasibdir, həm də bəzədiləndə gözəl görünür. Xüsusi maşın istəyənlər "Audi", "BMW", "Prado", "İnfiniti"yə üstünlük verirlər. Bizdən istəyəndə həmin maşınları da təşkil edirik".

Onun sözlərinə görə, maşınla yanaşı, fayton da bəzəyirlər, "Amma fayton bəzəmək daha çətindir. Bir dəfə atla faytonu bəzəmişik. Onu bəzəmək ömrümdən 2 ilimi aldı. Amma sonunda elə gözəl at oldu ki, sanki atın toyudur. Hər şeyin başında pul dayanır. Pulunu ver, elə gözəl bəzəklər yaranır ki, baxanlar heyran qalar".

Tural indi də qədimi bəzəklər istəyənlərin az olmadığını deyir: "Valideynlərimin toy maşınına baxanda, mənə elə gəlir ki, onların maşınlarının bəzəyi indikindən qat-qat gözəl olub. Maşının qabaq kapotundakı iri bəzəkli kukla, kuklanın altında kiçik xalça parçası, maşının önündən arxasına kimi yumru pomponlar, hansı ki, indi onları lentlər əvəz edir, qapılarına bağlanan qırmızı parçalar indikindən qat-qat gözəl görünür, amma indi zövqlər tamamilə dəyişib. Arada elə bəzək istəyənlər də olur. Düzdür, lap o qədər də qədimi bəzətdirilmir, amma ən azından maşında kukla istəyənlər də az deyil".

Gəlin maşını kirayələmək üçün maşınların arasında var-gəl edən gənclərə yaxınlaşırıq. Vüqarla Günelin toyu iyulun 2-də olacaq. Günel daha kiçik idman stilində olan maşınlara üstünülk versə də, Vüqar irihəcmli cip istədiyini bildirir. Gənclər mübahisə etsələr də, sonda Günelin istədiyi olur. Vüqar deyir ki, həmin gün maşını özü idarə etmək istəmir. "Mən istəyirəm bizdə hər şey fərqli olsun. Amma Günel deyir ki, bizdə də bəziləri kimi olsun. Maşını sən idarə et, məni salona sən apar. Neyləmək olar, razılaşıram onunla".

Bir qədər aralıda isə yaşlı bir qadın maşın sahibi ilə bazarlıq edir. Maşın sahibi "Prado" markalı maşının kirayəsinin baha olduğunu desə də, qadın onu bir qədər ucuz razılaşdırmağa çalışır. "Qadan alım, xeyir işdir də. Özü də yetim uşaqdı, 100 manat ucuz olsa, nə olacaq ki. Gəl, belə danışaq, mən sənə saatına 200 manat verəcəyəm. Maşın bizdə cəmi 2 saat qalacaq. Sonra uşaqlar gətirəcəklər".

Uzun çək-çevirdən sonra maşın sahibi razılaşır, kirayənin behini alır. Səidə xala deyir ki, oğlunun toyu ayın 29-u olacaq. Tək oğlunu əzab-əziyyətlə böyütdüyünü deyən qadın uzun illərdir ki, bu gün üçün pul topladığını bildirir: "Bir balam var, illərdir ki, bu günü gözləyirdim. Gəlinim "Prado"da gəlmək istəyib. Onların ürəyini sındırmayacağam ki, təki xoşbəxt olsunlar".

Gəlin maşınının bahalı və ya ucuz olmasının fərqi yoxdur, əslində. Çünki xoşbəxtlik nə pulla, nə maşınla ölçülür. Xoşbəxtlik, sevgidən, səmimilikdən yaranır. Hamıya xoşbəxt olmaq diləyi ilə...//Ekspress.az//

AzNews.az
Bağla X