13:39
(077) 610-22-33

İradə İsaq: «Mənim öz qələbə reseptim var»

  • >
1 154 5 Avqust 2012 13:40 | Cəmiyyət

Jurnalist: “Sümüyü bərk doğulmuşuq”


Tanınmış teleaparıcı İradə İsaq yeni sayt açıb. Avqustun 1-dən yayına başlayan AzNews.az adlı saytın fəaliyyəti barədə o, qəzetimizin suallarını cavablandırıb.


- Necə oldu ki, qəzet və televiziya təcrübəsi olan İradə İsaq sayt yaratmaq qərarına gəldi?


- Bu, yəqin ki, mənim alın yazımdır. Jurnalistikanın bütün sahələrində özünü sınamaq... Mən bütün KİV orqanlarında çalışmışam: radioda, qəzetdə, mətbuat xidməti sahəsində, televiziyada. Hətta televiziyada xəbərlər, əyləncə, müəllif verilişləri, canlı efir redaktoru, talk-şou kimi bir-birindən janr etibarilə tamamilə fərqli sahələrdə işləmişəm. Hazırda BDU-nun Jurnalistika fakültəsinin müəllimiyəm, elmi işimi başa vurmuşam. KİV sahəsində yeganə yaxşı bələd olmadığım sahə vardı. Xəbər saytında çalışmamışdım. Üstəlik, rəhbər vəzifədə. Mənim üçün bu qapı da açıldı. Saytın admin işinə qədər öyrənmişəm. Admin yanımda olmadığı zamanlarda heç kimə demədən məlumatları birbaşa özüm yükləməyi bacarıram. Yəni mən bu işi zirzəmisindən, təməlindən güclü şəkildə öyrənməyə başlamışam. Portal bazarımızı xeyli tədqiq etmişəm, boşluqları duymuşam. Qələbə üçün zirehimi geyinmişəm.


- Artıq üç gündür ki, saytınız fəaliyyətə başlayıb. Baş redaktor kimi öz saytınızdan razısınızmı?


- Çox razıyam. 1 avqust axşam saat 18:30-da saytımızı açdıq. Redaktorumuz Yaşar İsakovla gözümüz İP rəqəmlərində idi. 3 saatdan sonra yeni yaranmış, heç bir yerdə reklamı və banneri qoyulmayan saytımızın İP rəqəmləri 500-ü keçmişdi. Sevincimdən uçurdum. Deməli, sümüyü bərk doğulmuşuq. İnşallah, ömrümüz uzun olar.


- Həmişə televiziyada öz layihələri ilə diqqət çəkən və problemləri işıqlandıran İradə İsaq saytda da eyni nəticəni əldə edə biləcəkmi?


- Mənim öz qələbə reseptim var. O resepti burda da tətbiq etməyi düşünürəm. Axı, mənim bir sənətim də var. Eyni zamanda, mətbuatda PR məsələləri üzrə elmi iş müdafiə etmişəm. Saytın fəaliyyətindən tutmuş daxili idarəçilik prinsiplərinə qədər işi necə qurmaq lazım olduğunu bilirəm. Baş redaktor olaraq bir orijinallıq da edəcəyəm. Kabinetə, kondisioner havasına özümü öyrəşdirməyəcəm. Sayt üçün şəxsən, işçilərimlə yanaşı, reportajlar, müsahibələr, informasiyalar hazırlayıb qoyacağam.


- İndiki rəqabət şəraitində sayt yaratmaq və bazarda öz yerini tutmaq çətin deyil?


- İlk baxışdan bazarımız dolu kimi görünür. Bu, əslində aldadıcı effektdir. Amma vitrinə çıxarılası az saytımız var. Mən vitrinə çıxacağımızdan əminəm. Bir az peşəkarlığa, bir az cəsarətə, ədalətə, sürətə, bir az doğru xəbərə ehtiyac var. Qarşımda böyük missiya durur. Televiziyada və digər işlərimdə zirvəyə qaldırdığım "İradə İsaq" imzasını sayt aləmində bir də təsdiq etməliyəm. İnsanlar məndən bunu gözləyir, bilirəm. Və bu məsuliyyət məni nə gecə, nə gündüz rahat qoymur. Zirvələr məni həmişə cəlb edib. Hər halda sıradan bir sayt olmamağa çalışacağıq.


- AzNews.az saytının profili necə olacaq? Hansı mövzulara senzura qoyulacaq?


- Mən cəsarəti, ədaləti, eksklüzivliyi və başlıcası, operativliyi əsas meyar seçmişəm. Siyasətdən başlamış mədəniyyətə qədər doğrunun yanında olmağı qarşıya məqsəd qoymuşam.


- Bu saytda kimlər toxunulmaz statusda olacaq?


- Bu saytın tək hakimi əlahəzrət faktdır. Yalnız gerçəyə toxunmaq istəyirik. Şər atmaq olmaz. İndi o qədər də əməl olunmayan jurnalistlərin peşə etikasına riayət etməyə çalışacağıq.


- AzNews.az-ın maliyyəsi hardan qaynaqlanır?


- Bunu bir az qeyri-etik sual hesab edirəm. Məsələn, Avropada kiminsə pulu haqda danışmaq qəbulolunmazdır. Bu fikirlə mən də razıyam.


- Bir neçə gün bundan əvvəl saytlara hücumlar oldu. Buna münasibətiniz necədir? AzNews.az bu təhlükədən narahat deyil ki?


- Bu gün dünyada elə bir sayt yoxdur ki, o, 100 faiz qoruma altında olsun. Hətta yaxşı qorunmaq da tam qorunmaq deyil. Belə hallardan qorunmaq üçün kompüter sistemindən peşəkar səviyyədə xəbərdar olan İT əməkdaşı ilə çalışırıq və o, həmişə redaksiyamızda olacaq. Digər həmkarlarımın düşdüyü pis vəziyyət təbii ki, ürəkaçan deyil. Bundan biz də sığortalanmamışıq. Amma sevindirici haldır ki, onların saytları artıq fəaliyyətdədir. Çünki güclənməyin tək yolu meydanda rəqiblərin olmasındadır.


- Saytınızı hansı ölkənin stilində qurmağı məqsəd qoymusunuz? Saytınızda Kardaşyandan fotosessiya da var, Vəfa Quluzadədən açıqlamada...


- Dünyada elə bir sayt yoxdur ki, orda eyni zamanda həm ciddi, həm lambada xəbərlər yer almasın. Bu normaldır. Çünki sayta müxtəlif zövqlərdə olan insanlar baxır. Əgər, Kim Kardaşyanın oxucuları Vəfa Quluzadənin açıqlamasından xəbərsizdirsə, bizim sayta girərkən ondan da xəbərdar olurlar. Burada doğru olmayan bir şey yoxdur.


- Bu sayt televiziyadakı işinizə mane olmayacaq ki? Ən azından baş redaktor gərək gününün çoxunu redaksiyada keçirsin...


- Haqlısınız. Hər iki iş ağırdır. Hərəsi maksimum diqqət və məsuliyyət tələb edir. Amma bu məsələni artıq həll etmişəm. Əlverişli sistem qura bilmişəm. Mexanizm elə işləyir ki, biri o birinə nəinki mane olacaq, hətta bir azdan kömək edəcəklər.

"Gündəlik Teleqraf" qəzeti


Bağla X