İşə qəbul üzrə imtahanların yekun nəticələri açıqlandı

Səhiyyə Nazirliyi (SN) tabeliyində olan tibb müəssisələrinə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbuluna dair keçirdiyi imtahanların yekun nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, dövlət səhiyyə müəssisələrinə həkimlərin işə qəbulu məqsədilə mərkəzləşdirilmiş imtahanda iştirak üçün 266 namizəd sənəd verib. Onların 195-i imtahana buraxılıb.

Həmin namizədlərin 133-ü müsabiqənin növbəti mərhələsinə - müsahibəyə buraxılıb. Müsahibələr yaxın günlərdə keçiriləcək.

Həkimlərin işə qəbulu üçün müsabiqə iki mərhələdə keçirilir. Müsabiqənin ilk mərhələsində - test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verirlər. Həmin sualların 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlıdır. Test imtahanı nazirlik tərəfindən oktyabrın 22, 24, 29 və 31-də keçirilib.

Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılırlar. Bu mərhələ Səhiyyə Nazirliyinin işə qəbulla bağlı yaradılan 7 nəfərlik komissiyası tərəfindən həyata keçiriləcək.

Dövlət səhiyyə müəssisələrində 2000-ə qədər vakanat həkim yeri var. Həmin yerlərin çoxu regionlardakı səhiyyə müəssisələrinin payına düşür. Bakıdakı dövlət səhiyyə müəssisələrindəki vakant həkim yerlərinin sayı isə 60-dan çoxdur.

Qeyd edək ki, həkimlərin işə qəbulu məqsədi ilə ilk müsabiqə apreldə keçirilib. Həmin müsabiqənin müsahibə mərhələsinin nəticələrinə əsasən, 34 həkim işə qəbul edilib. Onların 10-u Bakıdakı, 24-ü isə rayonlardakı səhiyyə müəssisələrində vakant yerlərə işə qəbul olunublar.

AzNews.az