18:49
(077) 610-22-33

“Şofer!... Döngədə saxla ha!!!”

  • >
767 8 Noyabr 2013 14:01 | Cəmiyyət

50 yaşımın tamamına qədər heç bu qədər təbrik almamışdım. Elə bil hamı bu yuvarlaq rəqəmin yetişməsini gözləyirmiş.

Barəmdə kiçik bir xəbər hazırlanarkən soruşdular ki, titulum varmı? Dedim yox, titulsuz jurnalistəm. "Yəni heç əməkdar jurnalist də deyilsiniz?" heyrətinə soyuq cavab ikiqat heyrət doğurdu.

Mən titulu neyləyirəm, nəyimə gərəkdi?

Mən – əməkdar jurnalist, Aygün Kazımova, ya Səməd Səmədov – xalq artisti...

Adama gülməzlər!?

Əməkdar jurnalist də 30 manat əlavə haqq ala, müharibə veteranı da.

O çörək boğazdan keçməz!

Bu günədək qəbul etmədiyim bir neçə söz var. Cavan jurnalistlərə də deyirəm: "məşhur", "tanınmış" və s. sözləri işlətməkdən çəkinin. Amma kimə deyirsən!? "Tanınmış ifaçı", "məşhur müğənni"...

Bir dəfə "Memar Əcəmi"dən Binəqədiyə gedən 170 saylı avtobusda bir əməkdar artisti gördüm. Sağında bir kök qadın, solunda içində inşaat alətləri olan çantasıyla bir kişi zavallını elə sıxmışdı ki, yəqin ki, teatrda qoyduğu əməyinə də, "əməkdar" tituluna da ürəyində tüpürürdü...

Ümumiyyətlə, 170 saylı avtobusda hər cür titullu və titulsuz sənətçi, jurnalist və s. görmək mümkündür. Və ən maraqlısı budur ki, bu "tanınmış", "məşhur" simaların məhz Binəqədidə, Böyük Bakının titulsuz bucağında yaşamasına heç kim təəccüblənmir.

Bu titullu adamlar titulsuz adamlara avtobusda elə qarışır ki, onları nə tikintidə işləyən fəhlədən, nə də uşaq bağçasının xadiməsindən ayıra bilirsən. Hətta bu ayırd etmə işi o qədər qəlizdir ki, üzdən tanıdığın "tanınmış", yaxud "məşhur" avtobusa Çin gödəkçəsiylə deyil, "Karolina Valiantla" minsə belə, xeyri yoxdur, hamı elə biləcək ki, bu, "Trubalar" adlı məşhur dayanacaqda hər gün enən qadınlardan biridir.

Söz düşmüşkən, 170 saylı avtobusda ən məşhur, ən tanınmış adam sürücülərdədir. Onları dərhal tanıyırlar. Məsələn, "Memar Əcəmi"yə sarı dönən kimi dayanacaqda soyuqdan titrəyən sərnişinlər bir ağızdan deyir:

– İndi düz "Mak Donalds"ın yanında saxlayacaq, səy oğlu səy!

Yaxud:

– Buna bax da, gör necə bərk sürür, səydi də, başqa nə deyəsən!..

"170"in öz çempionları var. Məsələn, avtobusun ardınca qaçıb onu ötməkdə. Yaxud iri gövdəsi ilə qapıda toplaşanların cərgəsini yarıb birinci içəri daxil olmaqda. Və ya bircə canıyla iki oturacağı tutmaqda...
Doğrudur, bədənin ölçüləri (en və uzun) "170"-də önəmli amildir. Amma bəzən hətta çəlimsiz, əndamı ilə fəxr edə bilməyəcək adamlar da sənə qarşı elə fənd işlədər ki, hərəkətdə olan avtobusun pəncərəsindən dübbədüz trasa düşərsən.

"Kədərli" notlarla" bitirmək istəmədiyim qeydlərimdən azacıq üzünüz gülsün deyə sonda "170"in ən məşhur dayanacaqlarından bir-ikisini sadalayım:

"Trublar"la artıq tanışsınız. Növbədə – "Tunel"dir.

Sonrakı – "Orxan market"

Daha sonra – "Veteran".

..."Qrand"...

"Söyüdlər"...

"Sürücü" kafesi...

Və nəhayət, adsız dayanacaq. Orda düşmək üçün iki dayanacaq əvvəl sürücüyə sarı qışqırmaq lazımdır. Həm də zil səslə. Bu, mühüm şərtdir.

"Şofer!... Döngədə saxla ha!!!"

AzNews.az
Bağla X