00:37
(077) 610-22-33

Mətbuat xidməti rəhbərindən gülməli açıqlama

  • >
1 760 8 Avqust 2012 16:49 | Cəmiyyət

İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edən şəxs soyadını niyə gizlədir?


AzNews.az saytı yeni sayt olaraq bütün dövlət qurumlarının mətbuat xidmətləri ilə əməkdaşlıq etmək niyyətindədir. Hər bir normal KİV kimi biz həmin xidmətlərlə əlaqə saxlayaraq, öz e-mail ünvanımızı və koordinatlarımızı verir, onlarla normal münasibətlər qurmağa çalışırıq. Təbii ki, bu adi prosesdir və əksər qurumlarla artıq normal əlaqələr qura bilmişik.

Ancaq Dövlət Sərhəd Xidməti ilə əməkdaşlıq sən demə "xüsusi qayda-qanunlar" tələb edirmiş. Bunu həmin qurumun mətbuat xidməti ilə əlaqə saxladıqda bildik. İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri olan Elnur bəyə öz koordinatlarımızı vermək istəyəndə, işlətdiyi ifadələr, qoyduğu şərtlər bizi nəinki təəccübləndirdi, hətta xeyli güldürdü də.

Əvvəlcə o, bizdən saytımız haqda məlumat istədi. Biz ona müəyyən məlumatları verdik, üstəlik bildirdik ki, məlumatlar saytımızda xüsusi bölmələrində qeyd olunub. Amma deyəsən, bu, onun üçün yeni bir şeydi. Təbii ki, sayt haqqında məlumat almaq su içmək qədər asandır. Belə ki, əksər saytlar kimi bizim səhfəmizin də yuxarı hissəsində yerləşən "Haqqımızda" və "Əlaqə" bölmələrinə daxil olaraq bizi tanımaq mümkündür.

Biz mətbuatla işləyən şəxsə bunu bir daha xatırlatsaq da, o qəribə bir israrla sayt haqqında məlumatı ona faksla göndərməyimizi tələb etdi. Halbuki, Sərhəd Xidməti ilə bağlı bütün məlumatların KİV orqanlarına müntəzəm ötürülməsində İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri kimi bizdən daha çox onun özü maraqlı olmalıdır.

Bunun adını bürokratiyadan başqa nə qoymaq olar?! Üstəlik, Elnur bəy soyadını da deməkdən qəti şəkildə imtina etdi! Bunu da anlaya bilmədik. Öz işində qeyri-peşəkar olmaq ağır dərddir. Ancaq Dövlət Sərhəd Xidməti deyəsən, öz "dərdindən" xəbərsizdir.


Mirvari Nəcəf

AzNews.az



Bağla X