02:58
(077) 610-22-33

FHN-nin əməkdaşları Fəxri fərmanlarla təltif olundu

  • >
365 3 Dekabr 2013 14:57 | Cəmiyyət

Xəzər dənizində yerləşən "Bulla-dəniz" yatağındakı 90 nömrəli quyuda baş vermiş qəzanın aradan qaldırılmasında digər dövlət qurumları ilə birlikdə fəal iştirak etmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Fəxri fərmanları ilə təltif olunub.

AzNews.az-ın FHN-in saytına istinadən xəbərinə görə, FHN-in inzibati binasında ARDNŞ-ın "Neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə" Fəxri fərmanlarının təqdimetmə mərasimi keçirilib.

Mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və ARDNŞ prezidenti Rövnəq Abdullayev iştirak ediblər. Əvvəlcə "Bulla-dəniz" yatağında baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar videoçarx nümayiş olunub. Sonra çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu ilin avqustunda Xəzər dənizinin Azərbaycan sektorundakı "Bulla-dəniz" yatağında 90 nömrəli quyuda baş vermiş qəzanın aradan qaldırılmasında ARDNŞ və digər dövlət qurumları ilə yanaşı, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, habelə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşlarının da xüsusi fəallıq göstərdiyini diqqətə çatdırıb. O, baş vermiş yanğın söndürüldükdən və qəzanın fəsadları tam aradan qaldırıldıqdan sonra "Bulla-dəniz" yatağının istismara verilməsini yüksək qiymətləndirib. Nazir bu cür texnogen hadisələrə hazırlıq və onların qarşısının daha operativ şəkildə alınması məqsədilə səmərəli fəaliyyətin gücləndirilməsi üçün gələcəkdə hər iki qurum arasında birgə təlimlərin keçirilməsinin əhəmiyyətini də vurğulayıb.

ARDNŞ prezidenti Rövnəq Abdullayev dəniz akvatoriyalarında baş verən texnogen qəzaların aradan qaldırılmasının bütün dünyada mürəkkəb əməliyyatlardan olduğunu söyləyərək, Azərbaycan mütəxəssislərinin bu çətin işin öhdəsindən layiqincə gəldiyini, quyunun xilas olunduğunu, sistemə qoşulduğunu və hazırda istismar edildiyini vurğulayıb: "Bulla-dəniz" yatağındakı 90 nömrəli quyu dünyada ilk quyudur ki, baş vermiş dəhşətli yanğından sonra yenidən istismara verilərək iqtisadi əhəmiyyətini saxlayır. Dünyada bu günə kimi belə güclü yanğınla üzləşən bütün quyuların istismarı tam dayandırılıb". ARDNŞ prezidenti FHN-in əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri tədbirlərin əhəmiyyətindən danışaraq, nazirliyin rəhbərliyinə və şəxsi heyətinə çoxminli neftçilər ordusu adından minnətdarlığını bildirib.

Daha sonra quyudakı qəzanın təhlükəsiz və operativ aradan qaldırılmasında fəal iştirak etmiş FHN-in bir qrup əməkdaşı ARDNŞ-ın Fəxri fərmanları ilə təltif olunublar.

AzNews.az
Bağla X