- Köhnə - Cəmiyyət
- 21 Yanvar 2014 12:09
- 1 402
Azərbaycanda “ulduz“lu mehmanxanaların sayı açıqlandı
Nazirlikdən verilən məlumata görə, hazırda yalnız 48 mehmanxana və mehmanxana tipli obyekt dövlət təsnifatından keçməklə "ulduz" kateqoriyası ilə fəaliyyət göstərir. Həmin mehmanxanaların 19-u "beş", 22-si "dörd", 5-i "üç", 2-si "iki" ulduzludur.
"Beşulduzlu" hotellərin 15-i, "dördulduzlu" hotellərin 12-si, "üçulduzlu" hotellərin 4-ü Bakıdadır. "İkiulduzlu" hotellər isə rayonlarda yerləşir.
Nazirlikdən deyilib ki, mehmanaxanalara verilən "ulduz" kateqoriyası 3 il ərzində qüvvədə olur.
Azərbaycanda dövlət təsnifatından keçmiş hotellərin əksəriyyətinin ulduzlarının qüvvədə olma müddəti ötən ilin dekabr və bu ilin yanvar ayında bitib. Həmin hotellər 2010-cu ilin dekabrında və 2011-ci ilin yanvar ayında dövlət təsnifatından keçiblər. Hazırda nazirlik həmin hotellərə yenidən "ulduz" kateqoriyasının verilməsi üçün edilən müraciətləri araşdırır.
Qeyd edək ki, 2013-cü ilin yanvar-iyun aylarının məlumatlarına əsasən, Azərbaycanda 516 mehmanxana və mehmanxana tipli obyekt var.
AzNews.az