07:12
(077) 610-22-33

55 nəfər əlil müalicəyə göndəriləcək

  • >
558 17 Avqust 2012 16:18 | Cəmiyyət

Avqustun 20-də 25 nəfər, avqustun 26-da isə 30 nəfər əlil həmvətənimiz Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N. Burdenko adına Onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzinə yola salınacaq. Bu barədə AzNews.az-a adıçəkilən nazirlikdən məlumat daxil olub.


Məlumatda qeyd edilir ki, əlillər Azərbaycan prezidentinin göstərişinə uyğun olaraq dövlət hesabına müalicə olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev bildirib ki, Ukraynanın Saki şəhərindəki N.Burdenko adına ixtisaslaşmış müalicə mərkəzi səmərəli fizioterapevtik müalicə üsulları ilə məşhur olan bir sanator müəssisədir və iki ölkə arasında müvafiq razılaşmaya əsasən, hər il Azərbaycandan bir qrup əlilin həmin mərkəzdə 28 günlük müalicəsi təşkil olunur.


Orada aparılan müalicə kursu əlillərin səhhətində ciddi yaxşılaşma yaradır. Müalicəyə göndərilən əlillərin əksəriyyəti ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır.


Eyni zamanda, Bolqarıstan Respublikası ilə müvafiq razılaşmaya əsasən, hazırda 30 nəfər əlil həmvətənimizin həmin ölkədə müalicə olunduğunu qeyd edən Asəf Əliyev dayaq-hərəkət sistemi zədələnmiş daha 100 nəfərədək əlil vətəndaşın cari il ərzində Naftalan şəhərindəki müvafiq reabilitasiya müəssisələrində bərpa müalicəsinin təşkil ediləcəyini bildirib.


Müşfiq

Az.News.az

Bağla X