22:49
(077) 610-22-33

“Görürsünüz, bu zalda bir nəfər də çarşablı qadın yoxdur”

  • >
1 009 7 Mart 2014 15:01 | Cəmiyyət

Bəzən KİV-lər sensasiya yaratmaqdan ötrü və yaxud bilməyərəkdən müəyyən dini məsələlərə yanaşmada səhvlərə yol verirlər.

AzNews,az xəbər verir ki, bunu "Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda konfransda çıxışı zamanı deyib.

B.Sadıqov buna misal gətirərək bildirib ki, bir neçə il bundan əvvəl məktəblərdə qadınların hicab bağlamasına qadağa qoyulması Azərbaycanda bəzi insanlarda narahatlıqlar yaratdı:

"Onlar Təhsil Nazirliyinin qarşısında buna etirazlarını da bildirdilər. Sonradan məlum oldu ki, etiraz edən insanların nə anaları, nə də bacıları ali məktəbdə oxuyub çarşab bağlayan qadınların sırasında deyil və bunlar müəyyən dairələr tərəfindən buna etiraz etmək üçün öyrədilmiş insanlar idi".

B.Sadıqov qeyd edib ki, digər tərəfdən, mətbuatın bu məsələdə düzgün yol tutmaması və bunu insan azadlığının pozulması kimi qeyd etməsi, sözügedən insanların bəzən müdafiə mövqeyində durması belə bir halın meydana gəlməsinə səbəb oldu.

Deputat deyib ki, Azərbaycan qadını dünyanın ən inkişaf etmiş ağıllı və mütərəqqi qadınıdır:

"Azərbaycan dünyanın yeganə dövlətlərindəndir ki, qadına hörmət əlaməti olaraq onun şərəfinə heykəl ucaldılıb. ABŞ-dan əvvəl Azərbaycan qadını seçkilərdə səs vermək hüququ qazanıb. Gəlib XX-XXI əsrdə Azərbaycan qadınını çarşaba qaytarmaq təbii ki səhv idi. Bununla bağlı Azərbaycan mətbuatı dövlətin çarşaba qarşı gördüyü tədbirlərə kömək olaraq əlbir işlədilər. Bu gün, görürsünüz, bu zalda bir nəfər də olsun çarşablı qadın yoxdur. Bu, bizim uğrumuzdur və mətbuatın köməyi ilə görülmiş işin nəticəsidir".

AzNews.az
Bağla X