11:52
(077) 610-22-33

"Nurçular Suriyadakı vətəndaş müharibəsi ilə Xocalı soyqırımını eyniləşdirirdi"

  • >
1 899 13 Mart 2014 16:17 | Cəmiyyət

Millət vəkili Sabir Rüstəmxanlı Türkiyədəki son proseslər və onun Azərbaycanda doğurduğu əks-səda ilə bağlı Modern.az-a müsahibə verib.

- Türkiyədə məhkəmələrin qərarı ilə "Ergenekon" əməliyyatları zamanı həbs olunan ordu generalları, o cümlədən çoxumuzun tanıdığı Vəli Küçük Paşa azadlığa buraxıldı. Sizcə, bu ordunun yenidən siyasi həyata dönüşünə hesablanmış bir addım ola bilərmi?

- Türkiyə ictimaiyyətinin böyük əksəriyyəti ordunun hər 10-15 ildən bir ölkənin siyasi həyatına müdaxiləsini istəmir. Ordunun yenidən siyasətə qarışması ölkədə xoşagəlməz atmosfer yaradar. Bununla yanaşı, Türkiyənin beynəlxalq nüfuzuna zərər vurar, demokratiyanın inkişafına mane olar. Türkiyə ordusu NATO-nun tərkibində ikinci ən böyük ordu idi. Bu cür ordunun generallarının əsassız ittihamlarla həbs olunması Türkiyə Silahlı Qüvvələrinin nüfuzuna zərbə vururdu.

Ordu generallarının məhkəmə qabağına çıxarılması Türkiyənin mənəvi həyatına, türk insanının ruhuna, psixologiyasına pis təsir edirdi. Keçmiş generalların azadlığa çıxması ordu həyatına və Türkiyə siyasətinə təsir göstərəcək. İlk növbədə isə Türkiyə milli təfəkkür sahiblərinin və millətçilərinin gücü artacaq və bu amil seçkilərə də təsirsiz ötüşməyəcək.

-Türkiyədə martın 30-da bələdiyyə və onun ardından prezident seçkiləri keçiriləcək. "Ergenekon"çuların azadlığa çıxması fonunda seçkilərdə hansı partiyanın qalib gəlməsini söyləmək olar?

- Generalların həbsdən azad olunmasına seçki qabağı atılan addım kimi baxmaq olar. Həbsdən çıxanların heç biri indiki iqtidara səs verməyəcək. Müxalifət partiyalarının səsi əvvəlki illərə nisbətən daha artıq olacaq.

- Ordu generallarının həbsi dini lider Fəthullah Gülən və baş nazir Rəcəb Tayyib Ərdoğanın vaxtilə mövcud olan ittifaqının birgə anlaşmasının nəticəsi idi. Həmin birlik həqiqətənmi keçmiş hərbiçilərdən qorxurdu, yoxsa bu addım başqa maraqlı qüvvələrin diktəsi idi?

- Hərbiçilər əslində Fəthullah Gülən camaatı və Ərdoğan savaşına qurban getmişdilər. "Ergenekon" əməliyyatları dolayı yolla böyük güclərin və dövlətlərin sifarişi ilə həyata keçirilmişdi. Məqsəd isə Türkiyə ordusunu zəiflətməklə bölgədə gələcək üçün hazırlanan böyük, gizli siyasi ssenarilərin başlanğıcını qoymaq idi.

- Ərdoğan hökumətinin generalları azadlığa buraxması bir növ onlara jest idi. Bununla Ərdoğan hərbiçilərin həbsinə görə Fəthullah Gülənin məsuliyyət daşıdığını demək istədi və Gülənlə olan siyasi çəkişməsində sanki ordu generalları simasında özünə yeni siyasi dividentlər qazanmaq istədi. Bu haqda nə deyə bilərsiniz?

- Dediyinizlə razıyam. Əlavə etmək istəyirəm ki, Türkiyədə məhkəmələr arasında nüfuz savaşı da var. Hərbiçilərin həbs olunmasında Türkiyə qanunlarındakı boşluqlar da rol oynamışdı. Beş il məhkəmənin davam etməsi nə deməkdir? Müstəntiqlərin, istintaqı aparanların böyük bir hissəsi nurçu camaatına yaxın adamlar idi. Mənim dostum Vəli Küçük Paşa həbsdən çıxanda əsl ordu generalına yaraşan bir söz işlətdi. O, həbsini nəzərdə tutaraq bildirdi ki, Türkiyə Silahlı Qüvvələri onu növbə çəkməyə göndərib. Generallar həbsə düşməklə sanki hərbi vəzifəsini yerinə yetirdilər. Azadlığa çıxan hərbiçilərin əksəriyyəti indiki hakimiyyətə müxalif olan adamlardır.

- Bəs dostunuz Vəli Küçük Paşa həbsdən çıxandan sonra onunla əlaqə saxlamısınızmı?

- Çox təəssüf ki, onunla danışa bilməmişəm. Amma imkan düşən kimi danışacağam.

- Vəli Küçük Paşa mətbuata açıqlamasında dünyanın super gücü ABŞ-a boyun əymədiyi üçün həbsxanaya düşdüyünü bildirib. Bu Ərdoğan hökumətinin "Ergenekon" əməliyyatlarının həyata keçirilməsi zamanı ABŞ-ın maraqlarına xidmət etməsi anlamını ifadə etmirmi?

- Vəli Küçük Paşa Azərbaycan türküdür. O, PKK terror təşkilatına qarşı mücadilə aparıb. Onun həbsinin motivləri indiyə qədər mənə bəlli deyil. Həbs olunanların böyük əksəriyyəti millətçilər idi. Onlar Türkiyənin bütövlüyünü, unitar dövlət olaraq güclənməsini istəyirdilər. Ola bilsin ki, onların vətənpərvər mövqeləri Türkiyə ilə bağlı müəyyən planlar hazırlayanlara və separatizm eşqinə düşənlərə mane olurdu. Bunların hamısı gəlib bir nöqtədə birləşdi və generallar həbs olundu.

- Bu il Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurultayı keçiriləcək. Yəqin ki, DAK-ın rəhbərlərindən biri olan Vəli Küçük Paşa da tədbirdə iştirak edəcək...

- Əlbəttə. Biz onu DAK-ın ən fəal üzvlərindən biri olaraq görürük və bundan sonra da elə olacaq.

- Türkiyəni sarsıdan rüşvət və korrupsiya əməliyyatlarından sonra Fəthullah Gülən-Ərdoğan mübarizəsinin gərginliyi Azərbaycana da sıçradı və ölkədə nurçu qalmaqalı gündəmə gəldi. Dövlət orqanlarında, deputatlar arasında nurçu təriqətinə mənsub şəxslərin olması ilə bağlı iddialara münasibətiniz necədir?

- Şübhəsiz ki, Azərbaycanda nurçuların gizli mafiyaları mövcuddur. Mən bütövlükdə Gülən camaatını hədəf seçmək istəməzdim. Fəthullah Gülənin dünyanın müxtəlif ölkələrində məktəb qurması, həmin tədris ocaqlarında türk dilini öyrətmək, Türkiyəni sevdirmək çox böyük bir işdir. Azərbaycanda "Çağ Öyrətim" şirkəti və Qafqaz Universiteti kifayət qədər yaxşı təhsil verir. Onların bizim ölkədəki kursları da kifayət qədər keyfiyyətli şagird hazırlayır. Onlar Azərbaycan təhsili üçün çox iş görüblər. Amma bunlara baxmayaraq, proseslərin pərdə arxası tərəfləri də var. Bəlkə, hansı bir yerdəsə o məktəblərin dinə meylliliyi və təhlükə yardan tərəfləri var. Mən nurçuluq cərəyanına məxsus adamlarda fanatizmi müşahidə etmişəm.

Onların sırasında mənim də tanıdığım şəxslər var. Nurçular Azərbaycanda kök atıblar. İki il əvvəl Xocalı soyqırımı ilə bağlı İstanbulda bir yürüş keçirilirdi. O yürüşün hazırlanmasına Bakıdan da müəyyən adamlar getmişdi. Mən bir az gec getdim və onların mətbuat konfransına çatdım. Həmin mətbuat konfransında asılan bir şüar diqqətimi cəlb etdi. Həmin şüarda Suriyadakı vətəndaş müharibəsi ilə Xocalı soyqırımı eyniləşdilirdi və belə halların təkrar olunmaması bildirilirdi. Heyrətə gəldim. Dedim ki, bu nə şüardır belə? Cavab verdilər ki, burda dindar kəsim belə məsləhət görüb və ona uyğun da bu şüarı yazıblar. Suriyadakı vətəndaş müharibəsinin Xocalı soyqırımına nə dəxli var? Suriyadakı iç savaşdır. Xocalı isə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımıdır. Gördüm ki, Azərbaycandan ora göndərilən adamlar dini təbəqənin, Gülənə yaxın olan şəxslərin təsiri ilə hətta Xocalı faciəsini o müstəvidə görürdülər...

- Azərbaycandan kimlər var idi orada?

- Mən heç kimin adını çəkmək istəmirəm. Milli Məclisdə və Prezident Administrasiyasındakı "Gülən komandası"na yaxın adamlar onsuz da bəllidir. Belə olmasaydı Prezident Administrasiyası səviyyəsində mətbuatda bu barədə müzakirələr aparılmazdı. Mən yenə deyirəm, nurçuluq cərəyanına mənsub adamların hamısına kölgə salmaq, Fəthullah Gülənin gördüyü bütün işləri gözdən salmaq niyyətində deyiləm. Bizim çox böyük imkanlı şirkətlərimizdən də Gülən biznesinə aid olanları var. Bəzən onlarla bir yerdə işləməyin ölkə üçün xoş olmayan nəticələrini görmüşəm.

AzNews.az

Bağla X