08:49
(077) 610-22-33

18 qəzet “Qara siyahı”dan çıxarıldı - SİYAHI

  • >
889 2 Aprel 2014 21:35 | Cəmiyyət

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. MŞ sədri Əflatun Amaşov iclası açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq yekdilliklə bəyənilib.

Öncə Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının rəyləri və "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının təqdimatı əsasında qərarlar çıxarılıb. "Aqrolizinq" ASC-nin və "Azərenerji" ASC-nin "Yeni Cümhuriyyət" qəzetində gedən materiallarla bağlı şikayətləri əsasında sözügedən nəşrə Mətbuat Şurasının xəbərdarlığının elan edilməsi məqsədəuyğun sayılıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Azadlıq" qəzeti ilə bağlı müraciətində cavabdeh tərəfin etik prinsipləri pozduğu müəyyənləşdirilib. İclasda həmçinin "İqtisadiyyat və kölgə" və "Kölgəli iqtisadiyyat və korrupsiya" qəzetlərinin MŞ-nin "qara siyahı"sına salınması qərara alınıb.

Daha sonra MŞ sıralarına qəbul keçirilib. Müzakirələrdən sonra "Ərgünəş" Nəşriyyat-Poliqrafiya Müəssisəsi, "Əks səda", "Haqqın nuru", "The Bisiness Times", "Araz media" qəzetləri, "Vətəndaş cəmiyyəti", "Söz", "Musiqi dünyası", "Sənətkar", "Xəyal Production", "Azərbaycan xalçaları", "Atilla" jurnalları, "azwision.az", "femida.az", "qaynar.info", "supersport.az", "zengezur.com", "visiontv.az" saytları Mətbuat Şurasının sıralarına qəbul olunublar.

Müzakirələrin gedişində o da bildirilib ki, üzvlüyə qəbul olunan xəbər saytlarının hüquqi statusu ilə bağlı məsələlərə diqqət yetirilməlidir. Çünki MŞ sıralarına qəbulda təşkilatın hansısa formada hüquqi şəxs olması nəzərə alınır. Üzv qurumlar fəaliyyətlərini tələbin ciddiliyini qorumaqla qurmalıdırlar. MŞ-nin Katibliyi qarşıdakı iki ay müddətində bunu nəzarətdə saxlayacaq.

Gündəlikdə duran növbəti məsələ Azərbaycan Mətbuat Şurasının "apellyasiya qrupu"nun təqdimatı əsasında MŞ-nin qərarlarının çıxarılması olub. Məlumat üçün bildirilib ki, Şuranın "qara siyahı"sında yer alan kütləvi informasiya vasitələrinin siyahıdan çıxmaqla bağlı müraciətlərini araşdıran qrup həmin nəşrlərin fəaliyyətinə dair monitorinqlər aparıb. Onlardan bir çoxunun fəaliyyət göstərmədiyi, digərlərinin isə peşə davranışı qaydalarını pozmayacaqları ilə əlaqədar öhdəlik götürdükləri diqqətə çatdırılıb.

Müzakirələr gedişində "Radikal", "Millətim", "Gündəm xəbər", "Yeni dövr", "Bizim dövr", "Qanun və nəzarət", "Təzadlar", "Mühakimə", "Müstəqil dövlət", "Azad press", "Dəryaz", "Xüsusi tədqiqat", "Gün", "Gündəlik Bakı", "Taran", "Reallıq", "Kriminal aləm", "Fakt+fakt" qəzetlərinin üzərində dayanılıb. Bildirilib ki, bu KİV-lərin hazırda fəaliyyətdə olanlarına xüsusi diqqət yetirilməli, onların iş prinsiplərindəki neqativ cəhətlərin təkrarlanmaması üçün xəbərdarlıqlar edilməlidir. "Qara siyahı"dan çıxmanın heç də yenidən siyahıya düşməkdən sığortalamadığı vurğulanıb, Şuranın Katibliyinə KİV-lərin hər birinə müvafiq tövsiyə mətninin ünvanlanması tapşırılıb. Sözügedən nəşrlərin "qara siyahı"dan çıxarılması məsələsi səsə qoyularaq qəbul edilib.

İclasda məlumat verilib ki, Mətbuat Şurasına özünü Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı adlı təşkilatın nümayəndəsi kimi təqdim edən bəzi şəxslər yerlərdə müxtəlif vəzifə sahiblərinə maddi təmənna ilə diplom təqdim etmələrinə dair məlumatlar daxil olmaqdadır. Bəzən bu şəxslərin istəklərinə nail olmadıqları təqdirdə şantaja əl atdıqları və hədə-qorxu gəldikləri də vurğulanır. Mətbuat Şurasının nümayəndələrinin belə şikayətlərdən birini araşdırmaq istəkləri də onların nalayiq davranış tərzini bir daha ortaya qoyub. Buna görə də MŞ-nin İdarə Heyəti sözügedən təşkilatla əlaqədar məsələnin ciddi şəkildə araşdırılması qərarına gəlib. Bunun üçün İdarə Heyətinin üç üzvündən ibarət işçi qrupu formalaşdırılıb. Qrupun işinin yekunu olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət ünvanlanacaq, media təşkilatı kimi jurnalistikadan sui-istifadəyə yol verənlər haqqında qanunauyğun tədbirlərin görülməsi məsələsi hər iki dövlət orqanı qarşısında qaldırılacaq.

Ali məktəblərin jurnalistika fakultəsinə qəbul zamanı qabiliyyət imtahanlarının tətbiqi ilə bağlı məsələnin müzakirəsi zamanı mövcud istiqamətdə MŞ-nin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə apardığı işlərə nəzər salınıb və müsbət qiymətləndirilib.

***

Mətbuat Şurasının qəzet yayımı ilə məşğul olan komissiyasının növbəti iclası da keçirilib. Komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə toplantını açaraq qurumun ötən müddətdə gördüyü işlər barədə ətraflı məlumat verib. Mövcud istiqamətdə bir sıra pozitiv meyllərin yarandığını diqqətə çatdıran V.Rəhimzadə müəyyən çətinliklərin aradan qaldırılmasının vacibliyini də vurğulayıb.

İclasda xüsusən də paytaxtda qəzet yayımını həyata keçirən "Əks səda" firmasının qəzetlərin yayım göstəricilərinə dair sənədləri ətrafında müzakirələr gedib. Firmanın direktoru Vüqar Həsənli bildirib ki, rəhbərlik etdiyi təşkilat 91 qəzet redaksiyası ilə müqavilə bağlayaraq onların məhsullarını yayır və həmin KİV-lərin satış göstəricilərinin əks olunduğu rəsmi sənəd təqdim etmək imkanındadır.

İclasda "Əks səda" firmasının qəzet satışındakı rentabelliyin artırılması ilə bağlı təkliflərinə də nəzər salınıb. Çıxış edənlər mövcud istiqamətdəki məsələlərin redaksiyaların iştirakı ilə geniş müzakirəsinin təşkilini məqsədə uyğun sayıblar. Belə bir toplantının baş redaktorların iştirakı ilə gələn həftə keçirilməsi qərara alınıb.
Bağla X