15:34
(077) 610-22-33

Əli Həsənov ABŞ-ın Azərbaycandakı səfirini qəbul etdi

  • >
556 4 Aprel 2014 15:36 | Cəmiyyət

Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarı və səfirliyin əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul edib.

Dövlət Komitəsinin rəsmi saytında verilən xəbərə görə, görüşdə ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran Ə.Həsənov ABŞ-ın Azərbaycandakı səfirliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkün soydaşlarımıza göstərdiyi humanitar yardımlara, həyata keçirdiyi humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirərək bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını önə çəkib.

Səfirlə əvvəlki görüşlərini xatırladan Baş nazirin müavini bir daha qeyd edib ki, bu insanların çoxsaylı problemlərinin birdəfəlik və optimal həlli yolu onların doğma ocaqlarına qaytarılmasıdır ki, Azərbaycan Prezidenti də bu istiqamətdə ciddi səy göstərir: "Düzdür, münaqişə hələ öz həllini tapmayıb, lakin Azərbaycan dövləti öz vətəndaşlarının doğma ocaqlarına qayıdanadək sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində gündən-günə artan iqtisadi imkanlarından lazımınca istifadə edir, məcburi köçkünlərin taleyinin daha önəmli olduğunu müntəzəm önə çəkir".

Görüşə gəlməyinin əsas məqsədinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərə az da olsa töhfə verməkdən, bunun üçün müxtəlif infrastruktur və digər layihələr həyata keçirməkdən ibarət olduğunu vurğulayan diplomat bildirib ki, məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün ən böyük vəsaiti Azərbaycan hökuməti ayırır və səfirliyin də həyata keçirəcəyi layihələr buna kömək ola bilər.

O, həmçinin hazırda səfirlik tərəfindən müxtəlif ərazilərdə həyata keçirilən texniki layihələrin icra vəziyyəti barədə danışıb, eyni zamanda, 45 məcburi köçkün uşağın müxtəlif kurslara cəlb olunması üçün yaradılacaq yay məktəbindəki layihələrin həyata keçirilməsi məqsədilə maliyyələşmənin təsdiqləndiyini də bildirib. Səfir bu yaxınlarda Gəncə şəhərinə növbəti dəfə səfər edəcəyini və burada yeni istifadəyə verilmiş şəhərcikdəki məktəbə baş çəkəcəyini və məktəbin fəaliyyəti ilə yaxından tanış olacağını diqqqətə çatdırıb.

Müxtəlif ərazilərdə məskunlaşan məcburi köçkünlərlə görüşdən aldığı təəssüratdan, onlarla söhbətlər zamanı ən böyük istəklərinin doğma ocaqlarına qayıtmaq istəyi olduğundan məmnunluğunu bildirən R.Morninqstar ABŞ-ın bu istiqamətdə Azərbaycan hökumətinə daim dəstək verəcəyini bildirib. Bu sahədəki fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini önə çəkən diplomat Azərbaycanda gedən iqtisadi inkişafın, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Rəsmi Vaşinqtonun azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına hər zaman xüsusi diqqət verdiyini deyən qonaq bu istiqamətdə həyata keçiriləcək layihələrdə iştiraka hazır olduqlarını diqqətə çatdırıb.

Bütün bunlara görə Azərbaycan hökuməti adından diplomata təşəkkürünü bildirən Baş nazirin müavini Ə.Həsənov bu cür layihələrin həyata keçirilməsinin vacibliyindən danışıb, bütün bunların məcburi köçkünlərin istər həyat şəraitinin yaxşılaşdırılmasında, istərsə də onlar arasındakı reabilitasiya problemlərinin həllində mühüm rol oynayacağını bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hazırkı durum, bu münaqişə nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məslələr də müzakirə olunub.

AzNews.az
Bağla X