00:32
(077) 610-22-33

Azərbaycanda cinsini dəyişənlərin sayı niyə artır? - Araşdırma

  • >
3 918 29 Avqust 2012 18:05 | Cəmiyyət

Dəyanət Rzayev: “Cəmiyyət onları intihara sövq edir” Elşad Miri: “Bu, qiyamətin əlamətidir”



Bir çox dünya ölkələrində cinsiyyət transplantasiyasının həyata keçirilməsinin yaşı çoxdur və hətta bəzi yerlərdə bu, artıq ölkə qanunvericiliyi ilə də tənzimlənir. Azərbaycanda isə bu hal birmənalı qarşılanmasa və qəbul olunmasa da, cinsiyyət dəyişmə əməliyyatı artıq 10 ildir ki, həyata keçirilir. Bu meylin yaranmasının səbəbi daha çox Avropaya inteqrasiya ilə əlaqələndirilir. Bütün hallarda son zamanlarda bununla bağlı həkimə müraciət edənlərin sayı artmaqdadır.

Daha çox "kişilər" cinsini dəyişir...

Qeyd edək ki, ölkəmizdə bu əməliyyat daha ucuz olduğuna görə, cinsini dəyişmək istəyənlər bizim həkimlərə daha çox müraciət edirlər. Belə ki, bizdə bu əməliyyat 5000 manata başa gəlir. Azərbaycanda cinsin dəyişdirilməsi əməliyyatlarını həyata keçirən yeganə həkim Avropa-Beynəlxalq Estetik, Plastik və Rekonsturktiv Cərrahlar Cəmiyyətinin üzvü Camal Əzimzadədir.
C.Əzimzadənin sözlərinə görə, cinsini dəyişdirmək istəyən kişilərin sayı qadınlardan daha çoxdur. Belə ki, 2002-ci ildən bu günədək cinsin dəyişdirilməsi üzrə təxminən 30-35 nəfər müraciət edib. Onların arasında gənclər daha çox üstünlük təşkil edir. Müraciətlərdən isə yalnız 9-u üzrə cinsiyyət dəyişikliyi aparılıb, bunlardan da 8-i kişi, 1-i qadındır.

Problem ana bətnindən başlayır...

Psixoloq Dəyanət Rzayev insanlarda cinsiyyət dəyişkənliyinə psixoloji, sosial, hormonal faktorlar səbəb ola bilir: "Ola bilər ki, insanın fiziologiyasında, hormonal strukturunda hansısa dəyişikliklər baş verir, bu, anadangəlmə də ola bilər. Əgər insanın ürəyi, hissiyyatı qadındırsa, ancaq xarici görünüşcə kişidirsə, təbii ki, həmin adam ömür boyu əziyyət çəkir. Ona görə də, onlara anlayışla yanaşmaq lazımdır. Ancaq insan doğulduğu cinsiyyətlə yaşaya, bu cür hiss edə bilmirsə, ona yaxşı və ya pis münasibət yox, düzgün və qeyri-düzgün münasibət göstərmək lazımdır. Belə insanların bir neçə kateqoriyaları var. Qadınlar var ki, kişi kimi davranırlar, geyinirlər və kişi kimi də sevirlər. Belə ki, həmin qadınar özlərinə bənzər, onlar kimi insanları yox, məhz əsl qadınları sevirlər".

Onlar əks cinsin nümayəndələrini qəbul edib, sevə bilmirlər...

Həmsöhbətimiz qeyd edir ki, kimyəvi analizlər zamanı bu hissin hansı səbəblərdən irəli gəldiyi aşkar olunur. Ancaq məsələyə sosial-psixoloji faktor baxımından yanaşanda bunu anlamaq mümkündür: "Bir qız vardı, oğlan kimi davranır, geyinir, səsi də oğlan kimiydi. Mənə elə gəldi ki, onda hormonal dəyişiklik var. Ancaq o hələ ana bətnində olarkən valideynləri onun oğlan doğulmasını gözləyirmiş. Ancaq dünyaya gələndən sonra qız olduğunu görüblər". Müsahibimizin fikrincə, çox maraqlıdır ki, övladın qız doğulmasına baxmayaraq, onu yenə də oğlan kimi böyüdüb, tərbiyə ediblər: "Ana da artıq hamiləlik dövründə onu oğlan bilib, o düşüncələrə qapılıb. Bu da təsiredici amildir. Nəticədə isə o qız kişi kimidir və digər bir qızı sevir. O deyir ki, nə qədər cəhd edib, amma mən kişi sevə, qəbul edə bilməyib, onda alınmayıb. Gördüyünüz kimi, bu məqamda psixoloji, tərbiyə faktorunun rolu olub". Psixoloqun qənaətincə, ana bətnində olsa belə, artıq körpə canlı məxluqdur və ona münasibət, doğulmazdan əvvəl oğlan kimi təsəvvürlərin yaranması, uşağın doğulmasından sonra da öz təsirini göstərir.
Ancaq səbəbindən asılı olmayaraq, cinsiyyət dəyişkənliyi edən insanlara cəmiyyət tərəfindən qınanılır, hətta onlara "xəstə" kimi baxılır.

Transeksuallara "xəstə ruhlu" insanlar kimi baxılması düzgündürmü?

D. Rzayev bu kimi düşüncə və baxışı yanlış hesab edir: "Onlara xəstə kimi baxmaq olmaz. Bunu psixoloqun diaqnozuna əsasən söyləmək olar ancaq. Tarnsseksullar xəstə deyil, sadəcə təbiətləri belədir. Təəssüf ki, cəmiyyət bu sahə üzrə maariflənməyib. Nə dini bilikləri var, nə psixoloji. Transseksuallar homoseksuallardan fərqlənirlər, bunlar tamam başqa şeylərdir. Ancaq cəmiyyətdə yenə də qınanılır bu insanlar. Belə olmaz, heç kim bundan sığortalanmayıb. Allahın işidir... Bəs maraqlıdır, onun övladı belə olarsa, yenə qınayacaq, necə münasibət göstərəcək? Cəmiyyətin baxışını qəbul edə biləcəkmi? Mən dindar insanam, sadəcə peşəm budur. Onlar ki, o mənəvi əziyyətləri çəkirlər, başa düşmək lazımdır. Çünki çox ağır, çətindir onlarçün. Hətta intihara meyl edir, damarlarını kəsirlər. Buna da həm ictimai qınaqlar, həm də mənəvi əzablar səbəb olur".

"Cinsiyyət dəyişkənliyi haramdır"

İlahiyyatçı Elşad Miri isə cinsini dəyişən şəxslərə qarşı sərt mövqeyin tərəfdarıdır: "Hələ o vaxt peyğəmbərimiz buyururdu ki, özünü kişiyə oxşadan qadına və ya qadına oxşadan kişiyə Allah lənət edər. Bu, o dövrdən günah və haram sayılırdı. Bundan başqa, o da buyurulur ki, kişilərin özünü qadınlara, qadınların kişilərə bənzətməsi qiyamətin əlamətlərindəndir". İlahiyyatçı bildirir ki, bu vəziyyət dünyada və Azərbaycanda gedən bəzi proseslərin nəticəsidir: "Özlərini olduğu kimi qəbul elətdirə bilməyənlər bu addımı atırlar, sanki özlərini ideallaşdırmaq istəyirlər. Ancaq onların nə insanlara faydası var, nə də özlərinə. Əksinə bu kimi hallar insanlarda ikrah hissi yaradır".

"Teleməkanlar gəncləri kişilikdən uzaqlaşdırır"

Həmsöhbətimiz bildirir ki, bu neqativ halın cəmiyyətdə sanki təbliği aparılır: "Təəssüflər olsun ki, bizim teleməkanda kişikildən uzaq mövzular, hərəkətlər təbliğ edilir. Çox vaxt da şou-biznes nümayəndələrinin plastik əməliyyatlar olunması və bunlarla bağlı olan məsələlərə gənclərin mənəviyyatın, tərbiyəsinə mənfi təsir göstərir. Bununla bağlı ciddi tədbirlər görülməlidir. Bizim qədim kişilik məktəbimiz, xalqımızın mental xüsusiyyətləri təbliğ olunmaqla, həqiqətdə bunun nə olduğunu göstərmək, başa salmaq lazımdır. Digər tərəfdən də mənfi nümunə olan məsələləri aradan qaldırmalıyıq".

Cinsiyyət transplantasiyasına qanunla qadağa qoyulsun?

Mütəxəssislərin və məsələyə münasibətini öyrəndiyimiz digər vətəndaşların sözlərinə görə, Azərbaycanda cinsiyyət orqanının transplantasiyasının qanunla tənzimlənməsinə ehtiyac var. Lakin ölkəmizdə qəbul edilən "İnsan orqanlarının transplantasiyası haqqında" qanunda bu barədə heç bir maddə yoxdur. Ancaq qanunla qadağa qoyulduğu halda, həkimlər bu əməliyyata son qoya bilərlər. Eyni zamanda, cinslərin dəyişdirilməsinin qarşısını almaq üçün insanlara qanunvericiliklə qadağa qoyulmağın düzgün olmadığı da düşünülür. Çünki bu qadağanın qoyulması Konstitusiyamıza, eyni zamanda, İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasına da zidd hesab olunur.
Ancaq bütün hallarda bu barədə maarifləndirici tədbirlərin görülməsi vacibdir.

Sevinc Fədai
AzNews.az
Bağla X