02:23
(077) 610-22-33

Qubadlı Rayon İcra Başçısı Malik İsaqov: “Mən vəzifəyə gələndə 18 nəfər haqqında cinayət işi açılmışdı”

  • >
5 112 2 Sentyabr 2012 15:14 | Cəmiyyət

“Düz üzünə” bu dəfə onu danışdırmaq istədik. Qubadlı rayonunun İcra Hakimiyyətinin başçısı Malik İsaqovla. Qubadlının işğalından artıq bir neçə gün ötsə də, marağımız güc gəldi. Onsuz da problemi olan insanla danışmaq həmişə maraqlıdır. Müsahibələrdən xeyli uzaq, o qədər də gözə görünməyən, hətta mətbuatın da unutduğu, indiyə qədər nə yaxşısına, nə pisinə haqqında bir informasiya oxumadığım icra başçısı niyə gözdən uzaq düşüb? Bunu aydnlaşdırmaq istəyirdik. Axı mövcud olmayan bir rayonun icra başçısı hansı işlərlə məşğul olur?



- Malik müəllim, siz artıq 11 ildir, yəni 2001-ci ildən Qubadlı rayonunun icra başçısısınız. İşğal olunmuş rayonun rəhbəri olmaq necədir?

- Bu təbii ki, həm çətindir, həm də şərəfli. Çətindir ona görə ki, sakinlərimiz Azərbaycanın 42 şəhər və rayonunda məskunlaşıb. Bu ərazilər də o zaman yaşamağa tam uyğun olmayan yerlər olub. Sakinlərimiz dağılmış, yarımçıq qalmış, bəzən də atılmış binalarda yerləşdirilirdi. Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı kimi eyni zaman kəsiyində işğal olunan 4 rayonun əhalisini necə gəldi yerləşdirmişdilər. Bu iş eyni zamanda həm də şərəflidir, çünki sən öz el-obanla işləyirsən. Hər gün yeni bir iş gördükcə mənəvi təskinlik tapıram ki, öz həmvətənlərimə yardımçı oluram. Bu insanların hansısa işinin irəli getməsində əməyin olur.

- Sualımıza tam aydınlıq gətirmədiniz. De-fakto mövcud olmayan bir rayonun başcısı necə olmaq olar? Nə cür işləyirsiz?

- Daha çətindir. Torpaqları olmayan rayonun iş sistemi var, əhalisi var, amma yeri yoxdur. Ərazisi olan yerdə işləməyə nə var ki...

- Çox az icra hakimi var ki dogulduğu rayonun rəhbəri olur. Bu sizə işinizdə kömək edir, yoxsa mane olur?

- Bəli, mən əslən Qubadlıdanam. Mən məktəbi də rayonumuzda bitirmişəm. Amma 1975-ci ildə məktəbi bitirdikdən sonra Sumqayıta gəlmişəm. 2001-ci ilə qədər Sumqayıtda müəssisədə çalışmışam. 1983-cü ildən 2001-ci ilə qədər həmin müəssisənin direktoru olmuşam. Orada işlədiyim vaxtlarda da camaatla münasibətlərim yaxşı idi. 2001-ci ildən sonra mənə bu vəzifə təklif olunanda öz camaatımızla daha da yaxın olmaq üçün icra hakimi olmaq təklifini qəbul etdim.

- Belə bir məşhur misal var: "el elə sığar, ev-evə yox". Bizdə artıq el-elə sığmır. Bir gün deyil, 5 gün deyil. Tez-tez köçkünlərlə şəhər sakinləri arasında problemlər olur. Belə problemlərlə rastalşırsınızmı?

- Təbii ki. Hətta "əşi nə deyirsiz, qaçqınlar bizdən yaxşı yaşayır" deyənlər də olur. Bəzi insanlar elə hesab edir ki, qaçqın elə yataqxanada yaşamalıdır. Qaçqının evi bağı, villası olmamalıdır. Nəzərinizə çatdırım ki, Qubadlı rayonunun əhalisi hələ Sovet dövründə işgüzar kimi ad çıxarıblar. Şəhərdə öyrəşmişdilər ki, 8 saat işləyib evə qayıtsınlar. Amma rayon əhalisi ilin bütün fəslini, günün bütün saatını işləyirdilər. Onlar bacarıqlı insanlardır. Demirəm ki, bütün qaçqınlar pis vəziyyətdə yaşayır. Bu gün qaçqınların içərisində çox yüksək səviyyədə yaşayanları da çoxdur. Mənə deyiləndə ki "qaçqınların şadlıq evləri, mağazaları var" əsəbiləşirəm. Heç kim onlara gətirib vəsait verməyib ki, sən get özünə bu obyektləri yarat. Bu insanlar gecə gündüz işləyiblər. Evlərindən bir əyin paltarında çıxanları var. Qubadlıda dağda yaşayan insan bu gün Çindən mal gətirir, ticarətlə məşğul olur. Biz bunlara sevinməliyik. Bizim camaat mərd və qürurlu camaatdır. O zaman da humanitar yardımları heç kim yaxın buraxmaz, qəbul etməzdi. O insanlar bu gün bazarda göy, qatıq, tərəvəz, meyvə satır. Onlar gəlir əldə edib ailəsini dolandırırsa, biz bunu alqışlamalıyıq, kömək etməliyik ki şəraiti daha da genişlənsin. Mən bu yaxınlarda araşdırma apardım. Bilmək istəyirdim ki, görüm bizim camaatın bank hesabı olubmu, maddi rifahı necə olub? Əmanət banklarında olan əmanətləri dəqiqləşdirməyə çalışdım. Çox sevindirici hal idi, heç demə, Sovet vaxtında onlar banklara ən az 10 min rubl əmanət qoyublar. 90-cı illərdə Qubadlıda elə ev yox idi ki, hətta kəndlərdə belə istilik sistemi olmasın.

- Özümüz də qaçqınlar yaşayan yataqxanalarda olmuşuq. Onların şəraiti çox pisdir, qəza vəziyyətində olan binalarda ümumi sanitar qovşaqdan istifadə edirlər. Böyük ailələr 1 otaqlı mənzildən, eyni mətbəxdən istifadə edir. Xüsusilə çoxuşaqlı ailələrdə vəziyyət gərgindir. Siz onların vəziyyətləri ilə maraqlanırsız?

- Hətta bəzən böyük ailə 16 kv-lıq otaqda yaşayır. Uşaqları balaca olanda birtəhər dözürdülər, indi onların əksəriyyətinin 23 yaşları var, evlənmək həddindədirlər. Bəziləri evlənib, evin ortasından pərdə çəkib bir otaqda yaşayırlar. Bu problemlər var.

- Bəs siz bir icra hakimi kimi bunun həlli üçün nələr eləmisiz?

- İlk növbədə müraciətlər etmişik. O yerlərdə təmir aparmışıq, əlavə otaqlar vermişik. Neft şirkətinin sanatoriyası var, orda bizim 80 ailəmiz 3-4-cü mərtəbələrdə məskunlaşıb. Onun 1-2-ci mərtəbəsində yaşamaq mümkün deyildi. Biz neft şirkəti ilə danışıqlar, məsləhətləşmələr apardıq, o mərtəbələri aldıq. 50 otaq təmir elədik, hamam-tualetini düzəltdik. 4 nəfər ailə üzvü olana əlavə bir otaq verdik. Istəyirik ki, qaçqınlar üçün yaşayış binalarının tikilməsinə başlanaq. Yerlər müəyyənləşdirilib artıq. Qaçqınların məskunlaşdığı yerlərdə məktəblər tikmişik. Onlar heç də şəhər məktəblərindən geri qalmır.

- İşğal zamanı Qubadlıya nə qədər maddi ziyan dəyib?

- Ümumi məbləğ 1 milyard 500 milyondan yuxarıdır.

- Qaçqınların itirdikləri əmlakla, dövlətə dəyən ziyanla bağlı Ermanistana iddia qaldırmaq təklif irəli sürüldü. 1 milyard 500 milyon kifayət qədər böyük rəqəmdir. Həmin məbləğin geri alınması ilə bağlı məhkəməyə müraciət etməklə bağlı təşəbbüsünüz oldu?

- Bu məsələ Respublika Prokuroroluğuna həvalə olunub. Bizim yüzlərlə köçkünümüz müraciət edib. Avropa məhkəməsinə də üz tutanlar var. Bütün sənədlər Respublika Prokrorluğu yanında isitntaq qrupuna verilib.

- Təmin olunma ilə bağlı hər hansı bir şans varmı?

- Hələlik yox. Bu elə prosesdir ki, ola bilsin dövlət səviyyəsində olsun. Bir neçə rayondan da bu səpkidə müraciətlər var. Müraciət edənlər çoxdur.

- Qubadlının işğal gününü necə xatırlayırsız?

- Respublikada avqustun 29-da Elçibəyə etimadsızlıq referendumu keçirildi. Bununla bağlı mən Qubadlıya getmişdim ki, referendumun gedişinə nəzarət edim. 30-u gündüz saatlarında Qubadlıdan qayıtdım. 31-i Qubadlı işğal olundu.

- Qubadlının milli qəhrəmanı Əliyar Əliyev də o vaxt vətən yolunda xeyli xidmətlər göstərdi...

- Doğrudur. Əslində, Əliyar işğaldan qabaq həlak olmuşdu. Allah rəhmət etsin, çox qeyrətli oğlan idi. İşğal olunana qədər Qubadlının bir qarış torpağı da getməmişdi. Xəyanətin qurbanı oldu o torpaq.

- Rayonun köçmə prosesi səhər, yoxsa günorta olmuşdu?

- Günorta olmuşdu

- Zəngilanda əhali Irandan keçməklə qaçmışdı. Bəs Qubadlıda necə olmuşdu?

- Bizdə Qubadlıya iki yerdən giriş var. Həkəri çayı üzərində Xanlıq deyirik o yoldan, bir də Bərgüşad çayı üzərindən Xocahan tərəfdən. Qubadlıya əsas hücum Xanlıq tərəfdən olmuşdu. Fizuli, Cəbrayıl köçəndən sonra o sərhədlər boş qalmışdı, onda ermənilər o tərəfdən bizim Xanlıq kəndinə hücum etmişdilər. Bizim camaat isə Xocacahan ərazisindən çıxmışdı.

- Əsir düşənlərin siyahısı var sizdə? Təxminən neçə nəfər idi?

- Ümumi desək, 100 nəfərdən çox idi

- İtkin düşənlər də varmı?

- Vardı, amma inanmıram indi itkinlər sağ qalsın. Çünki əsir düşənlərin çoxu yaşlı adamlar idi.

- Yaxşı keçək başqa tipli suallara. Sizdən əvvəlki icra hakimi sizə asan sistem qoyub getmişdi, ya problemli?

- Çox pis şəraitə yiyə durmuşam. Təsəvvür edin, mən 2001-ci ildə vəzifəyə gələndə 18 nəfər haqqında cinayət işi başlanmışdı. Bu rəqəm hər şeyi deyir.

- Əhaliniz şəhər sakini olmaya meyllidir?

- O qədər də yox. Nəinki azalır, əksinə ildə 250-300 nəfər sakinlərimizin sayı artır. Bizdən qeydiyyatdan çıxıb getməklə bağlı böyük tendensiya yoxdur. Dövlət qaçqınlara hər cür kömək edir. Onların üstünlükləri də var. Buna görə də gedənlər azdır.

- Bəs icra hakimiyyətinin bir sistem kimi hansı problemləri var?

- Torpaq, ərazi, yaşayış yerləri problemləri var. O da həll olsa elə böyük bir problemimiz yoxdur, çox şükür.

- Bəs Qubadlının taleyi ilə bağlı nə düşünürsüz? Daha nə qədər varlığı movcud olmayan rayonun rəhəbri ola biləcəksiniz?

- Əslində ermənilərlə müharibə etsək 2 aya bütün torpaqları azad edə bilərik. Qətiyyətli ali baş komandanımız var. Onları müdafiə edən olmasa idi çoxdan hər şeyi qaytarardıq. Biz də Preidentimizin siyasətinə arxayınıq, qələbəsinə əminik.

- Milli qəhrəman Mübarizin cəsədindən sonra Ramil Səfərov vətənə gətirildi. Nə düşünürsüz?

- Bu xəbər o işğalı bizə unutdurdu. Burda söhbət tək Ramildən getmir. Burada nə qədər Ramil, Mübariz, Əliyar kimi oğlanlarımız var. Ramilin azad olması xəbəri məni onun yaxınlarından da çox sevindirdi. Bütün Azərbaycanı təbrik edirəm. Gözümüz aydın olsun!

İradə İsaq
Yaşar İsakov
AzNews.az
Bağla X