Zəvvarların ilk qrupu oktyabrın 14-də yola düşəcək Zəvvarların ilk qrupu oktyabrın 14-də yola düşəcək

Həcc ziyarəti başlayır

Zəvvarların ilk qrupu oktyabrın 14-də yola düşəcək



Bu il Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupu oktyabrın 14-də Bakı-Ciddə reysi ilə yola düşəcək. Bu barədə məlumatı AzNews.az-a Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov verib. QMİ təmsilçisinin sözlərinə görə, 2600 - ə yaxın zəvvar gündə 2 reys olmaqla 7 gün ərzində müqəddəs məkanlara göndəriləcək. Zəvvarların qayıdışı isə noyabrın 1-dən etibərən Mədinə-Bakı reysi ilə həyata keçiriləcək.

Zəvvarlar arasında kiçikyaşlı uşaqların olmadığını bildirən M.Payızov Səudiyyə Ərəbistanının Həcc Nazirliyinin bununla bağlı tövsiyəsinin nəzərə alındığını vurğulayıb: "Bu təhlükəsizlıyin təmini baxımından vacibdir. Dini ayinlərin icrası zamanı həddindən artıq çox insan seli arasında uşaqları qorumaq çox çətindir. Digər tərəfdən tibbi baxımdan da bu təhlükəlidir. Orada bir çox xəstəliklərin yayılma ehtimalı var, ən azından qrip mütləq olur". Sağlamlığın qorunması məqsədilə körpə uşaqların ziyarətə aparılmasının məsləhət görülmədiyini deyən M.Payızov zəvvarlar arasında 12-14 yaşlı uşaqların olduğunu bildirib.

E.Əlosmanqızı
AzNews.az