12:12
(077) 610-22-33

Sökülən “Sovetski”dən – Reportaj (FOTOLAR)

  • >
2 511 8 Avqust 2014 13:43 | Cəmiyyət

“Məndən icazə almısan ki, sual verirsən, hələ bir şəklimi də çəkirsən?

İşə çatar-çatmaz xəbər alıram ki, "Sovetski"nin qalan hissəsini də sökürlər. Daha doğrusu, hər kvadratmetrə görə verilən 1500 manata razı olmayan sakinlərin evləri zorla sökülür. 15 dəqiqədən sonra hadisə yerindəyəm. Saat 11-dir. Əraziyə 20-yə yaxın polis əməkdaşı cəlb edilib. İlk baxışdan hər şey qaydasındadır. Ətrafda polislərdən və 3-4 sakindən başqa kimsə yoxdur. Buldozer isə evləri sökməyindədir. Fotoda gördüyünüz ortayaşlı iş icraçısı hərdənbir göstərişlərini verir. Şəkil çəkməyimə təəccüblə baxdığını görüb bir əlimdə fotoaparat, bir əlimdə vəsiqə özümü təqdim edirəm. Amma deyəsən latınca yaxşı oxuya bilmir. Hərflərə qərib-qərib baxmağından hiss edirəm. Çünki mən də yapon hərflərinə baxanda təxminən eyni reaksiyanı verirəm...

Bu arada ətrafdakı sakinlərdən öyrənirəm ki, bir neçə dəqiqə əvvəl sakinlərlə polislər arasında qarşıdurma yaranıb. Nəticədə bir neçə qadın Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb.

Sakinlərlə danışa-danışa şəkil çəkməkdə davam edirəm. Bayaqkı iş icraçısı bu dəfə sərt şəkildə etirazını bildirir:
"Ay qardaş, bir dəfə çəkdin bəsdir də. Bildik də jurnalistsən. Çəkdin çıx get də".

Heç elə bil bayaqdan hərflərə gözlərini zilləyib baxan bu deyildi. Ona peşə borcumu yerinə yetirdiyimi deyəndən sonra nəyisə qəfil xatırlayırmış kimi qəribə sifət alır.

Bir qədər içəriyə doğru irəliləyirəm. Həyətdəki qadınlar əlimdəki fotoaparatı görər-görməz dağılışırlar. Açığı, bu məqamda elə bildim ki, buldozer uçurduğu hansısa ev onların üstünə aşır...
Danışdırmağa çalışıram. Deyirlər, bir şərtlə danışarıq ki, adımızı yazmayasan. Amma aralarında nisbətən cəsarətliləri də var. Lətifə xanım deyir ki, mənzili cəmi 15 kvadratmetrdir:
"22min 500 manata mən gedib nə alım?"
Qadın qəfil duruxur: "Ay bala, istəmirəm danışım. Sonra problem yaranar".
Bu arada məlum olur ki, məhəllədə yaşayan Mədinə adlı qadın da 26-cı bölməyə aparılıb. Günorta olmasa da hava o qədər istidir ki, adam əməlli-başlı təngənəfəs olur. Axır ki, kimsə jurnalistin işinin çətinliyini başa düşür:

"Sənin də işin lap çətindir, çəkə-çəkə qalmısan"
Nəriman Nərimanov 64 ünvanında yaşayan Nəzmiyyə Bağırova deyir ki, ikinci qrup əlildir. Eyni zamanda astma, şəkər və böyrək xəstəliklərindən əziyyət çəkir. 36 ildir, bu məhəllədə yaşadığını bildirən Nəzmiyyə xanım ona pul yox, normal mənzil verilməsini istəyir:
"Evim 23.9 kvadratdır. Ailədə dörd nəfərik. Oğlumun 30 yaşı var. Özüm də xəstə adamam. İndi o pula mən haradan ev alım? İcra başçısıyla danışdıq. Dedi ki, rəhbərlikdən qərar belədir. Çox istərdim ki, bizə ev versinlər".

Bu arada sökülən evlərin damında addım səsləri eşidilir. Sən demə, şəkildə gördüyünüz bu fəhlə bizi güdürmüş. Çox güman ki, öz istəyi ilə yox.

İcra başçısı İbrahim Mehdiyev də hadisə yerindədir. Başçı onu müşayiət edən şəxslərlə sakinlərin yanına gəlir. Sakinlərin narazılığıyla bağlı sual verirəm. Sualımı çox sərt qarşılayır:

"Məndən icazə almısan ki, sual verirsən, hələ bir şəklimi də çəkirsən? Get şəklini çək, ondan sonra danışarıq". Cümləsini bitirib, qolumdan yapışaraq yola salır.
Bayaqdan söküntünü müşahidə edən Həsənov Arif isə hesab edir ki, 18 kvadratmetrlik mənzilinə görə ona veriləcək kompensasiyaya ancaq normal tövlə almaq olar:
"Heç olmasa kvadratına 3 min manat versinlər ki, özümüzə babat ev alaq. Gedim o pula mən nə alım? Bu pula ancaq tövlə almaq olar. O da hansısa kenddə".

Lətifə xala isə vur-hay mənə deyir ki, çəkdiyin şəkilləri sil, sonra başına oyun açarlar. Məhəllədən çıxhaçıxda bayaqdan gözə dəyməyən bir xanım isə jurnalist olduğumu bilincə arda-arda verdiyi suallarla ürəyini boşaldır. Bəlkə də məni aidiyyəti səlahiyyətlilərlə səhv salıbmış. Daha doğrusu, ərki, bir qədər də dəqiqləşdirsəm, "duxu" mənə çatırmış:
"Jurnalist nə gəzir burda? Nə olsun ki, jurnalistdir? Jurnalistdən adama yaxşılıq gələr? Sən jurnalistsən, heç sən bilirsən mən kiməm? Mövzu yoxdur da nə yazsınlar?"

Hər halda qadın haqlıdır. Mən onun kim olduğunu bilmirəm. Amma həm də bilirəm - evi başına uçurulan qadın.

İntiqam Valehoğlu
AzNews.az
Bağla X