11:35
(077) 610-22-33

Türk Hava Yollarından azərbaycanlılara qarşı növbəti hörmətsizlik

  • >
2 554 11 Sentyabr 2012 20:30 | Cəmiyyət

“THY-nın keyfiyyətsiz xidməti və milli ayrı-seçkilik etməsi qəbul edilməzdir”



Türk Hava Yolları (THY) ilə vətəndaşlar arasında problem yaşanır. Belə ki, THY-nin xidmətlərindən istifadə edən Azərbaycan vətəndaşı qurumun keyfiyyətsiz xidmətindən və sərnişinlər arasında milliyyət mənsubluğuna görə ayrı-seçkilik etməsindən narazılıq edir.

AzNews.az-a daxil olan şikayət məktubuna əsasən, Quliyev Nəsimi Səbuhi oğlu 2012-ci ilin mart ayında (22-31 tarixlərində) Makedoniyaya səfər etmək üçün THY-nin xidmətlərindən istifadə edib. Şikayətçi bildirir ki, Makedoniyaya səfəri zamanı heç bir problem yaşamasa da, geri dönərkən bir sıra xoşagəlməz hadisələrlə üzləşib: "Skopyadan İstanbula uçmalı olan TK 1006 reysində 6 saatdan çox gecikdiyindən İstanbuldan Bakıya uçan TK 338 reysinə çata bilmədim. Belə olduğu halda Skopye hava limanında yerləşən THY-nin ofisinə yaxınlaşaraq, mənə İstanbuldan Bakıya getməyim üçün heç nəyə yaramayan biletimin başqa biletlə əvəz olunmasını tələb etdim.Nəticədə TK 332 reysinə bilet əldə etdim.

Ancaq Skopye hava limanında yaşanan olaylar İstanbul Hava Limanında da davam etdi. Beləliklə, mən yenə 7 saatdan çox gözləməli oldum. Əslində rəsmi prosedura əsasən, THY mənə gecələməyim üçün yer təşkil etməli idi, ancaq etmədi. Bununla bağlı tələbimi şirkət işçisi çox kobud şəkildə rədd etdi və beləliklə, həm öz öhdəliklərini, həm də mənim hüquqlarımı kobudcasına pozdu".

Onun sözlərinə görə, məsələ bununla bitməyib: "Problem Bakı- Heydər Əliyev Beynəlxalq Aeroportunda baqajımın gecikməsi ilə davam etdi. Təqribən 2 saata yaxın gözlədikdən sonra THY-nın əməkdaşlarına yaxınlaşaraq, baqajımın gəlib çatmadığını bildirdim. Bu zaman THY-nın əməkdaşı tərəfindən anket dolduruldu və imzalandı. Mənə isə evə getməli olduğumu və baqaj tapıldığı halda kuryerin onu yaşadığım ünvana gətirəcəklərini bildirdilər".

Ancaq vətəndaşın çamadanından heç bir xəbər çıxmır. O, yenidən Hava Limanı ilə əlaqə saxlayır. Bu zaman ona çamadanın itdiyini və dəymiş ziyanının ödəniləcəyini bildirirlər. Lakin yenə nəticə olmur. Nə dəyən ziyan ödənilir, nə də çamadan tapılır. Nəsimi Quliyev məsələ ilə bağlı dəfələrlə Hava Limanının ofisinə zəng vurur, məktubla müraciət edir, ancaq bütün bu cəhdlərinə də məhəl qoyulmur. Sonda isə ziyanın ödənilməyəcəyi bildirilir, səbəb olaraq isə doldurulan blankda tarixin səhv qoyulması göstərilir. Şikayətçi söyləyir ki, həmin blank THY-nın əməkdaşı tərəfindən doldurulub.

Nəhayət, məsələ həll olunmadığından o, Yasamal Rayon Məhkəməsinə müraciət etməli olur. Sentyabr ayının 5-ə təyin olunmuş məhkəmə iclasında THY-nın nümayəndəsi iştirak etməyib. İşin növbəti məhkəmə sentyabrın 26-a təyin olunub.

Qeyd edək ki, N. Quliyevin "çamadan davası"nda məqsədi heç də dəymiş ziyanı ödətdirmək deyil: "Mən istəyirəm ki, ictimaiyyət bizə olan münasibəti bilsin. Burada söhbət çamadandan getmir. THY Amerika və Avropa Birliyi ölkələrinin vətəndaşlarına analoji situasiyalarda fərqli, yəni daha rahat və sadə prosedurlar tətbiq edir. THY-nın qardaş ölkə olan Azərbaycan vətəndaşına qarşı bu qədər keyfiyyətsiz xidmət göstərməsi, millət ayrı-seçkiliyi etməsi həqiqətən qəbul edilməzdir".

Xatırladaq ki, bir müddət əvvəl Atatürk Hava Limanında Azərbaycanın tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevə qarşı da hörmətsizlik olmuşdu.

Mövzunu diqqətdə saxlayacağıq.

Sevinc Fədai
AzNews.az
Bağla X