22:28
(077) 610-22-33

İlham Əliyev 46 saylı məktəbdə oldu

  • >
902 29 Avqust 2014 10:58 | Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Bakının Nəsimi rayonundakı 46 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.



Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq həyata keçirilir. Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq orta məktəblərin, ayrı-ayrı təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ən müasir infrastruktur yaradılır. Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımı avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 46 nömrəli tam orta məktəbin binası 1969-cu ildə inşa olunub. Dörd mərtəbədən, 65 sinif otağından ibarət məktəb 1560 şagird yerlikdir. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri əsaslı şəkildə təmir edilib, lazımı avadanlıq və ləvazimatla təchiz olunub. Məktəbdə vergilər mövzusunda dərslərin keçirilməsi üçün xüsusi kabinetlər də yaradılıb. Məktəbdə ən müasir havalandırma və işıqlandırma sistemləri quraşdırılıb. Ətraf ərazilərdə abadlıq və quruculuq işləri həyata keçirilib.

Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarını gəzdi, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış oldu.

AzNews.az
Bağla X